Rusiyalı müxbir ciddi- cəhdlə İvanovka kəndinin sakinlərindən Azərbaycandakı yaşayışın Rusiyadan aşağı olduğunu sübut etmək məqsədilə verdiyi suallara istədiyi cavabı ala bilmədi...

...Azərbaycanda yaşayan azsaylı xalqlar da doğulub boya-başa çatdıqları vətəni hər yerdə lazımınca təmsil edirlər. Millətindən asılı olmayaraq ayaq tutub yeridikləri, havasını udub, suyunu içib, çörəyini yedikləri Azərbaycan onların da doğma vətənidir. Baxmayaraq ki, bəzən ölkəmizdən gedəndən sonra yedikləri çörəkləri unudub, arxamızca danışaraq düşmən dəyirmanına su tökənlər də var. Çünki belələri elə düşmən dəyirmanından bəhrələnirlər. Bununla belə, vətənimizdə yaşayan, bizimlə eyni dərdi bölüşən, eyni sevinci, acını yaşayan yəhudilər, ruslar, talışlar, ləzgilər, udinlər, avarlar, tatlar, saklar, gürcülər və digər adını sadalaya bilmədiyim xalqlar Azərbaycan uğrunda ölümə belə getməyə hazırdırlar. Həm birinci, həm də ikinci Qarabağ savaşında bu xalqların nümayəndələri qəhrəmanlıqlar göstərib, şəhid və qazi olublar. Bunlar barədə mütəmadi məlumat versək də, bir də xatırlatmağı özümə borc bilirəm. I Qarabağ savaşında Milli Qəhrəman, yəhudi xalqının nümayəndəsi Albert Aqarunovu misal göstərmək olar. II Qarabağ savaşında yenə də yəhudi millətindən olan Baris Danilov, İsmayıl Zərbəliyev, Zarmayılov kimi igidlərlə yanaşı Azərbaycanda doğulub boya-başa çatmış ruslar, talışlar da əsl igidliklər göstəriblər. Cənub bölgəsinin qəhrəman oğulları II Qarabağ savaşında necə deyərlər, ad çıxardılar.

Bu günlərdə II Qarabağ savaşında ağır yaralanmış və sosial şəbəkədə geniş çıxışı yayılmış İqor Kovalyov adlı Bakı rusunun çıxışına qulaq asdım. Füzulidən Şuşaya qədər döyüş yolu keçmiş İqor Kovalyov döyüşlərin birində ağır yaralanmışdır. Qazimiz dörd dəfə əməliyyat keçirmiş və bir neçə əməliyyatın olacağını da bildirdi. Bütün bu müalicələrin dövlət tərəfindən qarşılandığını bildirməsi  isə, çox qürur verici idi. Üzündəki şramlar onun nə dərəcədə ağır yaralanmağının canlı sübutu idi. Eşq olsun İ.Kovalyov kimi igidlərə.

Təzəlikcə sosial şəbəkədə  İsmayıllı rayonunun İvanovka kəndində yaşayan və çox təəssüf ki, adlarını bilmədiyimiz pensiyaşı rus qadının və orta yaşlı bir rus kişisinin, Rusiyadan gələn müxbirə verdikləri müsahibə çoxsaylı rəğbət qazanıb. Rus xanımı və məktəbdə bədən tərbiyəsi müəllimi olan bir rus kişisi öz çıxışlarında Azərbaycandakı yaşayışından məmnun olduqlarını və Rusiyada bundan betər olduğunu bildirmələri, olduqca diqqət çəkən məqam idi. İstəyirəm Rusiyadan gəlmiş bir müxbirə hər ikisinin, elə rus dilində verdiyi kiçik müsahibəni olduğu kimi təqdim edim.

Müxbir:

-Rusiyadakı həyat tərzi ilə Azərbaycandakı həyat tərzini müqayisə etmək olarmı? Hansında yaxşıdır?

Rus xanımı:

-Rusiyada nə olub ki? Oradakı həyat tərzi bizimkindən yüksəkdir? Moskva və Peterburqu nəzərə almasaq, Rusiyanın hər yerində həyat tərzi heç də bizimkindən yaxşı deyil. Mənim qızım Krasnodarda yaşayır. Görürəm onların vəziyyətini. Ali təhsillidir, psixoloq kimi məktəbdə 16 min rubl maaş alır (Bizim pulla təxminən 400 manat-E.M.).  

Müxbir:

-Bu, azdır?

Rus xanımı:

-Əlbəttə, azdır.

Bu yerdə müxbir qeyd edir ki, Rusiyadakı həyat tərzi daha yaxşıdır, ancaq hər iki nəfər qətiyyətlə bildirirlər ki, bu Rusiyanın yalan təbliğatıdır, yaşayış tərzi heç də burdakından yaxşı deyil. Rusiya təbliğatçıları yalandan belə informasiyalar yayırlar ki, guya həyat tərzi orda yüksəkdir. Rus xanımı burada çox obyektiv bir fikir söyləyir:

-Mənim əlimdə imkan olsaydı, o yalan təbliğat aparan Balabəyovun, İrada Zeynalovanın, Vladimr Solavyovun verlişlərini bağlayardım. Çünki onlar ermənilər tərəfindən pulla satın alınıblar. Ordakı həyat tərzi deyilən kimi deyil. Bu günlərdə televizorda göstərdilər. Avtobusda bir uşağın gediş haqqını ödəməyə pulu olmayıb. Sürücü onu avtobusdan yerə düşürüb. Bizim Azərbaycanda  bircə nəfər də azərbaycanlı tapılmaz ki, pulu olmadığına görə uşağı avtobusdan yerə düşürtsün. Hətta belə bir şey baş verərsə, əvvəla, 10  adam ortaya çıxar ki, o uşağın pulunu ödəsin. Sonra da həmin sürücünü əməlli-başlı əzişdirərlər. Bax bu, Azərbaycandır, bunu hiss etmək lazımdır. Dediyim kimi, qızım Krasnadarda yaşayır. O deyir ki, tutaq ki, evi təmir etmək istəyir. Usta gəlir başlayır hesablamağa. Oboyu özünüz sökəcəksiniz? “Yox” cavabı alan kimi, əlavə 10 manat yazır. Plintusu özünüz çıxaracaqsınız sualına da “yox” cavabı eşidən kimi, 100 manat da danışılan pulun üstünə gəlir. Bu Rusiyadır. Bəs bizdə necədir? Bizdə usta gəlir, hər işi hesablayır, məsələn deyir 200 manat. Vəssalam. Biz heç nəyə əlimizi vurmuruq, heç bir müqavilə də bağlamırıq, notariusa getmirik. Çünki usta deyir ki, kişinin sözü bir olar (bu sözü rus xanımı təmiz Azərbaycan dilində deyir- E.M). Danışıldı, qurtardı. Hər işi özləri görəcəklər. Bu da sənə Rusiyadakı həyat tərzi ilə, Azərbaycandakı həyat tərzinin fərqi.

Müxbir indi kişidən soruşur:

-Siz bədən tərbiyə müəllimisiniz, nə qədər maaş alırsınız?

Müəllim:

-Rusiyada olduğu kimi, burada da müəllimin əmək haqqı verilən saatlarin sayından aslıdır. Mən məsələn, 500 manat alıram.

Müxbir:

-Bütün günü işləyirsiniz?

Müəllim:

-Yox, mən yarım gün işləyirəm. 18 saat bir stavkadır.

Müxbir:

-500 manata yaşamaq olar?

Müəllim:

-Əlbəttə, olar. Normal əmək haqqıdır. Demirəm ki, super səviyyədədir. Hər halda bizim tələbatımızı ödəyir və heç bir narazılığımız yoxdur.

Müxbir rus xanıma üzünü tutur:

-Siz pensiyaçısınız?

Rus xanımı:

-Bəli.

Müxbir:

-Nə qədər pensiya alırsınız?

Rus xanımı:

-Uzun müddət müəllim işləmişəm, indi 300 manat pensiya alıram. Əlbəttə, bu o qədər də çox deyil, amma dolanmaq olar.

Göründüyü kimi, məşhur İvanovka kəndinin sakinləri olan həm bədən tərbiyə müəllimi olan kişi, həm də pensiyada olan xanım öz vətənlərinin ancaq yaxşı tərəflərini rus müxbirinə danışırlar. Hamımız yaxşı bilirik ki, problemlər var.Hamımız o problemləri görürük və yaşayırıq. Amma İvanovka kəndinin hər iki sakini, Rusiyadan gələn qonağa bir kəlmə də problemdən yox, ancaq yaxşı tərəfdən danışaraq, Rusiyadakı həyat tərzinin Azərbaycandan heç də yaxşı olmadığını, hətta konkret misallar gətirərək müxbiri mat qoyurlar. Adılarını bilmədiyimiz bu İvanovka kəndinin sakinlərinə Azərbaycanın suyu, çörəyi, havası halal olsun. Eşq olsun hər ikisinə!!!

P.S. İstərdim Əlikram Hümbətovlar, Hollandiyada yaşayan Ataxan Əbilovlar bu ruslardan nümunə götürsünlər.

 Hazırladı: Elçin MƏMMƏDLİ     


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA