Aparıcı, yəni baş aparan, Xoşqədəm Hidayət qızı sosial mediada yeni şəklini paylaşıb. Bu barədə məlumat verən bir sayt Xoşqədəmin şəkildə arıqlayıb, bir dəri, bir sümük qaldığını qeyd edib.

P.S. Şəkilə baxanda doğrudan da saytın düz yazdığı məlum olur. Allah özü bilən məsləhətdir, amma deyəsən, Xoşqədəm əriyib, aradan çıxmaq üzrədir. Yenə də Allah köməyi olsun, biz neyləyə bilərik ki? Yoxa çıxsa, “Səni axtarıram”la tapılar yəqin...

***

Müğənni sayılan Sevinc Ağaşirinova adlı xanımın baldırı çöldə qalan vəziyyətdə paylaşdığı videoya bir saytda belə şərh yazılıb: “Sevinc Ağaşirinova açıq-saçıq geyimi və verdiyi pozalarla yenə adından söz etdirməyi bacarıb”.

P.S. Rəhmətliyin oğlu, Sevinc poza verməyib, nə verəsidir ki? Efirə verməyə səs yox, sənət yox, əvəzində gözəl bədən görünüşü var. Bu səbəbdən də varını verən utanmaz deyiblər. Ona görə də Sevinc xanım gözəl ayaqları, baldırı ilə meydana çıxıb dəə...      

***

Müğənni Şəbnəm Tovuzlu, meyxanaçı Akşin Fatehin restoranında ingiliscə “By” sözünü “bay” kimi yox, “bıy” kimi tələffüz etməsi, sosial şəbəkələrdə gülüşə səbəb olub. Şəbnəm isə bunu gülmək üçün qəsdən belə dediyini bildirib. Nəzərə alsaq ki, bir neçə il öncə “Hüseynova bacıları” verlişində Şəbnəmin “Amerika Avropanın paytaxtıdır” sözləri də gülüş obyektinə çevrilmişdi.

P.S. Mən Şəbnəm Tovuzluda bir qram da olsun günah görmürəm. Günahın hamısı o sponsor Həcidədir. Bütün bunlar göstərir ki, Həci Şəbnəm Tovuzlunun yaradıcılıq işlərinə, kliplərinə pul verir, amma savadlanmasına yox. Nəticədə Şəbnəm Tovuzlunun savadı qıcqırır və belə gülməli hallar ortaya çıxır. Eybi yox, ömür hələ qabaqdadır, dünyanın hələ axırı deyil ki, yavaş-yavaş  bay da, bayılmaq da, ayılmaq da, nədir, öyrənəcək dəə...

***

I Qarabağ savaşının qazisi İlqar Musayev mətbuata müsahibəsində ürək ağrıdan belə bir fikir söyləyib: “30 il ölü kimi yaşadım. Bu illər ərzində sağ olduğumu heç bir dövlət qurumuna sübut edə bilmədim”.

P.S. Hörmətli qazimiz İlqar bəy, narahat olma, elə biz də ölü kimi yaşayırıq. Qubadlıdan olan mərhum şair Əlağa Aslanın “Ağ yalan olar” şeirində deyildiyi kimidir:

“Bəxtimin yoluna duman, sis çıxar,

Ömür ocağımdan hərdən his çıxar.

Desəm ki, ölmüşəm, bir az pis çıxar,

Desəm yaşayıram, ağ yalan olar”.

 

Bu bir. İkincisi isə, İlqar bəy, elə biz də son 30 ildə bəzi dövlət məmurlarına yaşayan insan olduğumuzu sübut edə bilmirik. Çünki bizim yaşamaq limitimiz, Rəsul Quliyev bir vaxtlar demişdi ki, 2000-ci ildə qurtaracaq. Axı o deyirdi 2000-ci ilə qədər bir nəfər də olsun kasıb qalmayacaq. Amma biz üzümüzə üz salıb 21 ildir artıq yaşayırıq...

***

Xalq artisti Cavan Zeynallı indiki şou-biznes nümayəndələrini babat tənqid edərək deyib: “Musiqiçi puldan danışmamalıdır. Yalnız sənətlə məşğul olmalıdır. Çox ifaçılar var ki, onların efirə çıxıb oxuması yaxşı deyil. Amma pul qazanmaq üçün oxuyurlar. Lakin onlar əsl musiqini anlamırlar, hiss etmirlər. Bizdə şou-biznes yoxdur, “şor biznesi” var”.

P.S. Cavan müəllim, bu, olmadı dəə... Bax, sonuncu cümləyə qədər dediklərin yerindədir, əladır və mən səninlə tam şərikəm. Amma şou-biznesi şor biznes adlandırmağını sənə bağışlamaram. Şorun bu “defisit” vaxtında, hətta Şamaxıda belə şoru tapa bilmədiyim halda, şou-biznes nümayəndələrini şor biznesə bənzətmək, strateji məhsul olan şoru təhqir etmək, gözdən salmaq deməkdir. Əgər desəydin ki, bizdə şou-biznes yox, şar biznes var, onda səni başa düşmək olardı. Çünki şou-biznes nümayəndələri olmayan səsləri, sənətləri ilə özlərini şişirdib, şara döndəriblər. Şar da ki, qısa müddətə partlayan şeydir. Elə bizim şou-biznes nümayəndələri də şar kimi partlayıb, yoxa çıxırlar və heç izləri də qalmır. Ona görə də “şar biznes” nümayəndələri ifadəsi daha samballı səslənir. Cavan müəllim, xahiş edirəm tapılmayan bu gözəl şor məhsulunu bir də belə təhqir etməyəsən...

***

Hazırda KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin və digərlərinin davam edən məhkəməsində yeyintilərə qanuni don geyindirmək üçün həbs olunanlardan biri çox maraqlı ifadə verib: “Jurnalistlərin binası sürüşmə zonasında tikilib. Ona görə də özüllər adi qaydada olan bina tikintisindən fərqli olaraq, daha çox xərc apardı”.

P.S. Çoooox maraqlı faktdır... Əşi, jurnalistlərin binasının çox xərc aparmasını demirəm, bu, olan şeydir, binanın sürüşmə zonasında tikilməsini deyirəm. Görəsən, niyə məhz jurnalistlərin binası sürüşmə zonasında tikilib? Bu yerdə hamının bildiyi bir lətifəni, “təkrar biliyin anasıdır” prinsipi ilə yenidən danışım, sonra yenidən davam edərik. Deməli, Əzrayıl bir nəfərin canını almaq istəyir. Həmin adam da yalvarıb-yaxarır ki, mənə dəymə,  balalarım var, onları bir yerə çıxarmamışam və s. Əzrayıl kişinin sözünü kəsib deyir. Yaxşı, get yaşa, amma sənin canını suda alacağam. Əzrayıl gedir, kişi sevinərək deyir, ay hay, ölmüşdü Xankişi, mənim suda nə işim var ki, sən də mənim canımı alasan? Nə isə... Aradan 5 il keçir. 5 il ərzində bu kişi dənizə, çaya, gölə getmir. 5 ildən sonra işdən gəmi ilə 5-6 xarici ölkəyə getməklə “putyovka” verilir. Gəmi ilə bu “kuruiz” səfərə təbii ki, kişi əhvalatı danışıb, etiraz edir. Amma ona deyirlər ki, rəhmətliyin oğlu, gəmidə 500 adam olacaq, Əzrayıl onların yanında sənə nə edə bilər ki? Nəhayət, gəzmək eşqi kişini həvəsləndirir və “putyovka”nı alıb, gəmiyə yollanır və gəmi sahildən aralanan kimi kayutanın qapısı döyülür. Kişi qapın açır, görür Əzrayıl durub qapıda və deyir şərtimiz şərtdir, gəlmişəm canını almağa. Kişi deyir ki, nə olsun gəlmisən, gəmidə 500 adam var, onların yanında mənə nə edə bilərsən? Əzrayıl cavab verir ki, ay bədbəxt o 500 adamı bu gəmiyə yığmaq üçün 5 il vaxt sərf etmişəm...

İndi sual olunur, o qədər jurnalistləri bir yerdə məhv etmək məqsədilə həmin binaların sürüşmə zonasında tikilməsinə qərar verən Əzrayıl(lar) kimdir?

***

Xəbər verilir ki, Ramiz Mehdiyevə yaxın olan “Şərq-Qərb” ASC-nin rəhbəri Asəf Mehdiyev  evindən 200 min manatın oğurlanmasından dörd ay sonra xəbər tutduğu üçün, təzəlikcə polisə müraciət edib.

P.S. Görün bu Asəf Mehdiyevin nə qədər belə 200 min manatı var ki, o qədər pulun oğurlanmasından, düz 4 ay xəbəri olmayıb. Yazıq kasıb 200 min manat cəhənnəmə, 200 manatı düz-əməlli bir yerdə görə bilmədiyi halda, bu Asəf bəydən niyə soruşan yoxdur ki, belə 200 minlər  səndə haradandır?

***

Saytların birində xalq artisti Tünzalə Ağayevanın sinəsi çöldə qalan şəklini İnstagram hesabında paylaşmasını “Fotoda sənətçinin dərin sinə dekoltesi izləyicilərin marağına səbəb olub” kimi təqdim edilib.

P.S. Ay başınıza dönüm, bunu yazan o jurnalistlər nə ət tökəndirlər e, mən ölüm. Xalq artisti olan bir xanım “qırmızı xətti” keçib xalqa açıq sinəsini (döşünü) göstərirsə, bu marağa yox e, qınağa səbəb olmalıdır, daş-qalaq edilməlidir. Bütün sosial şəbəkə istifadəçiləri yazmalıdırlar ki, ay Tünzalə xanım, sən xalq artisti olaraq geyiminlə, davranışınla başqalarına-xalqa nümunə olmalısan. Yoxsa soyunub, sinəni çöldə qoymaqla sən gənc nəslə hansı mənəviyyatı, hansı tərbiyəni aşılamaq istəyirsən?

***

Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov Ermənistandan qovulan azərbaycanlılardan danışarkən mətbuata belə deyib: “1988-ci ildə Ermənistandan zorla çıxarılmış 250 min azərbaycanlının statusu necə olacaq?”

P.S. Çox gözəl sualdır. Bəs bizim rəsmi qurumlar niyə indiyə qədər bu məsələni danışıqlar masasında qaldırmayıblar? Niyə Ermənistandan zorla çıxarılan 250 min azərbaycanlının status məsələsini tələb etmirik ki, Qarabağdakı 20-25 min erməniyə tələb edilən status məsələsini birdəfəlik məhv edək? Aydın məsələdir ki, Ermənistan 250 min azərbaycanlının yenidən öz evinə qayıtmasına heç vaxt imkan verməyəcək. Amma danışıqlarda Ermənistanın əlindəki üç 6-nın qabağına 3 tuz qoymaqla Qarabağın bir ovuc ermənisinə tələb edilən statusu, Prezidentimiz demiş, birdəfəlik cəhənnəmə göndərmək olar axı. Ermənistandakı 250 min azərbaycanlıya dayanmadan status məsələsini tələb edərək, Ermənistan və havadarlarını fakt qarşısında qoymaqla susmağa vadar etmək mümkündür.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


GÜNDƏM

Jurnalistler


IMAGE
ŞƏHİD ANASI...
Friday, 20 May 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA