booked.netbooked.net booked.net  

Müğənni Ayan Babakişiyeva duet ortağı Nadir Qafarzadə ilə olan söz-söhbətə aydınlıq gətirərək, “MTV Azərbaycan”a belə deyib: “Mənim Nadir Qafarzadə ilə sevgili olmağım absurd məsələdir. Səhnədə sevgili ola bilərsən. Sevmək və sevilmək nə vaxtdan pozğunluq simvolu olub ki?”

P.S. Rəhmətliyin qızı, camaat nə deyir bəs? Deyir ki, Nadirlə bir-birinizi sevirsiniz dəəə... Sevməsəniz bu şəkildəki kimi belə öpüş səhnəsi alınarmı? Əlbəttə alınmaz! Ayan xanım, Məşədi Kazımın ruhuna and olsun, mən şəxsən sənin dediklərinlə razıyam ki, sevmək, sevilmək pozğunluq deyil. Nə olsun ki, başqasının kişisini, məsələn, elə Nadiri sevirsən? Ay balam, sevgi azaddır dayna... Başqasının kişisini təmiz ürəklə sevmək, bu sevginin fonunda ehtiraslı öpüşlərdən bu şəkildəki kimi məst olmaq niyə pozğunluq sayılmalıdır ki? Ayıbdır axı, xalxın qızının təmiz adını ləkələmək. Kişinin qızı Nadiri sevirsə və Nadir də bu sevgiyə elə ehtiraslı öpüşlərlə cavab verirsə, burada heç bir pozğunluqdan söhbət gedə bilməz. Belə təmiz, ilahi bir sevgiyə qarışmaq və ya ona pozğunluq demək günahdır və buna görə adamın ağzı əyilər, Ətövbə.

***

Rəqqasə Oksana Rəsulova və aparıcı Şəhriyar Əbilov sən demə, 4 ildir ki, evli imişlər. İndi bu cütlüyün Osman adlı balaca övladları ilə evdə əylənməsini əks etdirən videonu sosial şəbəkədə paylaşması, guya çoxlu tərifli sözlər qazanıb.

P.S. Evdə öz övladı ilə əylənib, çəkdikləri videonu, yəni öz şəxsi həyatlarını belə yaydıqlarına görə, adama deyərlər Allah ətinizi töksün. Onda belə çıxır ki, Azərbaycanda yaşayan minlərlə ailə evdə övladları ilə əyləndikləri səhnəni çəkib sosial şəbəkədə paylaşmalıdır? Ay Allah, sənə qurban olum, Sən  insanlara ağıl paylayanda, bilmirsən ki, bu şou-əhli harda olub?

***

Mətbuatdan məlum olur ki, Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya və Ukrayna arasında vasitəçiliyə, yəni Rusiya ilə Ukraynanı barışdırmağa başlayır.

P.S. Hər iki ölkə arasında barışığın yolu Rus qoşunlarının Ukrayna ərazisi olan Donbas, Luqanski və Krımdan çıxıb getməsidir. Donbas, Luqanski və Krım əhalisi başqa millət deyil, elə Ukraynanın öz vətəndaşlarıdır. Rus qoşunları həmin ərazilərdən getsə, insanlar Ukrayna dövləti və xalqı ilə dil tapıb, əvvəllərdə olduğu kimi, rahatca yaşayacaqlar. Onu da unutmayaq ki, “kiş” deməklə donuz darıdan çıxmayacaq. Donuzun darıdan çıxmasına yalnız hörmətli Ərdoğanın vasitəsilə alınan “Bayraqdar” PUA-ları səbəb ola bilər.

***

Türkiyə prezidenti R.T.Ərdoğanın Aşqabadda keçirilən Türk dövlətlərinin sammitində Zəngəzur dəhlizinin açılmasında Azərbaycanı dəstəkləməyə çağırması Fransanın “Le Fiqaro” jurnalının direktor müavini, jurnalist Jan Kristof Buissonu əməlli başlı narahat edib və bunu “Ərdoğanın Aşqabadda yeni həyəcanverici imperialist siyasəti”adlandırıb.

P.S. Mən başa düşə bilmirəm, bu fransız jurnalistin qarnının ağrısı nədir? Məgər Zəngəzur dəhlizi Fransanın işğal edib özəlləşdirdiyi və Almaniyanın ərazisi olan Elzas-Lotarengiyadan keçir? Deyəsən, “Fiqaro” jurnalının xiyaro jurnalisti Jan Kristof Buissonun başına düşən Ərdoğan daşı çox ağır olub və altından çıxa bilmir.

***

Qəzetlərin birində Bakı Nəqliyyat Agentliyinin (BNA) yarıtmaz işindən bəhs edən yazıya belə bir başlıq qoyulub: “BNA-nın cərimə yazmaqdan başqa hansı funksiyaları var?...”

P.S. Bu sualı verən həmkarımızın işi-gücü qurtarıb e, mən ölüm. Rəhmətliyin oğlu, elə bilirsən cərimə yazmaq asan məsələdir? Gör şəhərdə nə qədər maşın var? Bunların hamısına cərimə yazıb çatdırmaq olmur e. Səhər və axşam, yəni “ças-pik” vaxtlarda BNA xəttə əlavə marşrut avtobuslar buraxmağa ehtiyac görməsə də, cərimə yazmağa əlavə ştatlar və adamlara “toçnu” ehtiyac yaranır. Yazıqlar 24 saat, yəni gecə və gündüz əsl fotoqraf kimi, maşınların şəkillərini çəkərək cərimə yazmağı çatdıra bilmirlər. BNA-dakı iş verənlərin... üzr istəyirəm, işgörənlərin əziyyəti olduqca ağırdır. Adamın onlara lap yazığı gəlir. Hər gün maşın sahiblərinin balalarının boğazından kəsib BNA-nın kefinə... üzr istəyirəm, nəfinə pul yığmaq üçün 7 mərtəbəli “döyüşlər” qazanmaq sizə asan gəlməsin. Bir də sərnişinləri bir mənzil başından, o biri mənzil başına bir avtobusla yox, iki avtobusla getməyə məcbur etməklə əlavə xərcə salmaq, BNA-nın başqa funksiyalarından biri deyilmi?

***

Viruslu günlərimiz davam edir. Məlumatlara görə, indi də təzə və daha təhlükəli bir virus, “Omikron” ştammı gəlir.

P.S. Əşşi cəhənnəmə gəlir, gora gəlir. İstəyir “Omikron” olmayıb, lap elə o Makron virusu gəlsin. “Omikron”a da bələdik, o Makrona da, ikisi də virus kimi bir bezin qırağıdır. Amma o biri viruslarda, olduğu kimi, bunların da iynəsi, vaksini tapılacaq və hər iki virus gec-tez cəhənnəmə vasil olacaq...

***

Həmkarlarımızdan biri Aşqabadda keçirilən sammit zamanı Azərbaycan və İran prezidentlərinin görüşündən bəhs edən yazısına belə başlıq qoyub: “Azərbaycan-İran münasibətləri: hər şey əvvəlki kimi olacaqmı?”

P.S. Ay əziz həmkarım, ay pir olmuşun nəvəsi, guya əvvəl yaxşı olub ki? Sadəcə İran bizə olan düşmənçiliyini əvəllər müəyyən qədər pərdələmişdi. Əslində isə, nə qədər ki, o tayda 40 milyon canı bir, qanı bir soydaşlarımız var, nə qədər ki, biz burada müstəqil dövlətik, nə qədər ki, İran erməniyə dost, qardaş, bizə isə müttəfiq deyəcək və nə qədər ki, İranın Azərbaycandakı səfirliyinin qapısında “İranın Bakıdakı səfirliyi” yazılacaq, deməli, Azərbaycan-İran münasibətləri heç vaxt yaxşı olmayacaq.

***

Aparıcı Zümrüd Bədəlova “İnstaqram” hesabında göbəyi açıq şəklini paylaşıb və guya bu da marağa səbəb olub.

P.S. Bilirsiniz niyə marağa səbəb olub? Zümrüd və bu kimi aparıcılar, müğənnilər, aktrisalar son vaxtlar sinəsi və göbəyi açıq olan şəkilləri tez-tez paylaşırlar. İzləyiciləri də maraq götürür ki, bunlar sənət adamıdır, yoxsa tanışlıq saytlarında, kişi tapmaq üçün az qala çılpaq olan bədənlərini reklam etdirən qızlar? Ay başınıza dönüm, əgər siz sənətin yox, o biri, yəni tanışlıq yolunun yolçularısınızsa, gedin o yolu seçin və kiminlə istəyirsiniz tanış olun. Yox, əgər sənət yolçularısınızsa, onda zəhmət çəkin, keçi kimi həmişə çöldə qalan ayıbınızı örtüb, əyninizə normal paltar geyinin və efirləri tanışlıq saytlarına çevirməyin. Bir də ki, sənət olmayanda təbii ki, o biri yolu seçəcəklər dayna. Amma sənətlə, o biri yolu ikisini də birdən seçəndə, adam haça-paça qalır. İndi görəsən, bu şou-əhli xanımlar nə vaxta qədər belə haça-paça qalacaqlar?

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN