booked.netbooked.net booked.net  

Şuşa uğrunda döyüşlərdə yaralı dostunu çiyninə alıb, döyüşü davam etdirən şəhid Hüseyn Xəlilovun qəhrəmanlığı Azərbaycan durduqca yaşayacaq

44 günlük döyüş, nəinki Azərbaycan, hətta dünyanın hərb tarixinə yazılacaq bir döyüş oldu. Şuşanın işğaldan azad olunması planı isə, hələ də dünyanın aparıcı dövlətlərinin yüksək çinli ordu məmurlarını maraqlandırır. Yüngül silahla, bıçaq, tapança, qumbara ilə hücuma keçmək və alınmaz qala olan Şuşanı söıdırım qayalardan dörmaşaraq işğalçılardan təmizləmək, doğrudan da böyük bir qəhrəmanlıq nümunəsi idi. Bu qəhrəmanlığa imza atanlar isə, özgə yox, yalnız Azərbaycanın qorxu bilməz, mərd, cəsur oğulları idi.

Həmin döyüşlərdə iştirak edən erməni əsgərlərinin sosial şəbəkələrdə çıxışlarını dinləyəndə, Azərbaycan oğullarının qəhrəmanlığının bir daha şahidi olursan. Erməni əsgərləri çıxışlarında qeyd edirlər ki, “Azərbaycan əsgərinə güllə dəysə də yıxılmır, adamın üstünə gəlirdi. Hətta yaralı döyüşçüləri, meyitləri belə çiyinlərinə alıb döyüşlərə davam edirdilər”. Bu fikirlər düşmən də olsa, ermənilərin söylədikləri həqiqət idi. Elə bu yazını yazmağa məni vadar edən də, məhz həmin mövzuda bir şəkilin sosial şəbəkədə yayılması oldu. Şəkil isə adi bir şəkil deyil, sanki bir neçə seriyalı kinodur, böyük bir əsərdir. İlahi, insan torpağına, vətəninə, elinə nə qədər bağlı olmalıdır ki, yaralı dostunu döyüş meydanında təxliyyə qrupunun ixtiyarına buraxmasın, əksinə onu çiyninə alıb döyüşünə davam etsin? Bəli, şəkildə azərbaycanlı döyüşçü Hüseyn Xəlilov yaralı dostunu çiyninə alaraq, düşməni məhv etməkdən ötrü yenidən irəli atılır. Yəni yaralı dostuna görə, yolundan qalmır. Axı döyüşün  hər anı olduqca qiymətli idi və bu anın qiymətini dəyərləndirmək üçün, dostunu da çiyninə alıb irəliyə hücum çəkir.

Şəkilə diqqətlə baxın. Hüseyn Xəlilov yaralı dostu çiynində olsa da, üzündə qətiyyən yorğunluq, əzginlik, narahatlıq, kədər hiss olunmur. Əksinə, üzünə baxanda hiss edirsən ki, iti, qəzəb dolu baxışlarını irəli tikərək, məqsədi ancaq düşməni məhv etməkdir. Hüseyn yaralı dostu çiynində, heç bir ağırlıq hiss etmədən, elə rahat, özü də iri addımlarla, 7,62 mm. kaliberli pulemyotunu (TŞK-nı) əlləri ilə sıxaraq getməsi, adamı heyrətə salır. Hər halda nəzərə alsaq ki, yaralı dostunun çəkisi təxminən 65-70 kq olar, onda H.Xəlilovun bu ağırlıqda yükün altında necə sərbəst hərəkət etməsini təsvir etməyə söz acizdir. Sanki yaralı dostu onun gücünə əlavə güc qatmışdı. Əlindəki pulemyotu ilə irəli şığıyan əsgər, bir an da olsun, döyüşdən başqa ayrı şey fikirləşmir. Fikir verəndə görürsən ki, çiynindən sallanan yaralı dostu, onun hərəkətinə, pulemyot silahını düzgün tutmasına qətiyyən mane olmur. Özü də  barmağının tətikdə olması o deməkdir ki, H.Xəlilov qarşısına çıxan düşməni həmin andaca məhv etməyə hazırdır.

Sosial şəbəkədə yayılan şəkilin altında qeyd edilib ki, Hüseyn Xəlilov Şuşa uğrunda gedən döyüşlərdə yaralı dostu da çiynində şəhid olub. Şəkil isə Şuşada Ağaoğlan darvazasına qalxarkən çəkilib. Bu şəkil istər, istəməz adamın ürəyini riqqətə gətirir. İnanmaq olmur ki, gənc bir azərbaycanlı oğulun düşmənə nə qədər nifrəti var ki, yaralı dostu çiynində olsa da, ancaq irəliyə can atır. Bu qəhrəmanlığı mən heç bir kinoda, heç bir bədii əsərdə görməmişəm. Ən azından H.Xəlilov dostunu ya aparıb təxliyyə qrupuna təhvil verməli idi, ya da vaxt itirməmək üçün, yerindəcə ilkin təcili tibbi yardım göstərərək, onu orada qoyub, sonra döyüşünə davam etməli idi. Ancaq H.Xəlilov başqa yol seçir və yaralı dostunu da çiyninə alıb, vaxt itirmədən yenidən döyüşə atılır.

Məhz belə qəhrəmanlıq nümunələri, Azərbaycan əsgəri haqqında ermənilər arasında əfsanələr dolaşır və onları hələ də qorxu, vahimə içində danışmağa vadar edir. Siz Hüseyn Xəlilovun şəkildə mərdi-mərdanə duruşuna, sifətindəki qətiyyətə, sərtliyə, düşmənə olan nifrətini ortaya qoymasına, mətn addımlarla irəliləməsinə fikir verin. Bu qeyri-adi bir mənzərədir. Mən şair olsaydım, təkcə bu şəkilə iri həcmli poema həsr edərdim, rejissor olsaydım bir neçə seriyalı kino çəkərdim, yazıçı olsaydım, böyük bir roman yazardım, rəssam olsaydım bu şəkilin üzərində elə bir əsər araya-ərsəyə gətirərdim ki, rəssamlıq tarixinə qızıl hərflərlə yazılardı. Mən şəkilə baxa-baxa hələ də özümə gələ bilmirəm və o şəkilə uyğun gələ bilən sözləri tapıb deməkdə acizəm. Bu dediklərim isə, sadəcə bir xatırlatma idi ki, belə qəhrəman oğullarımızı hər an, hər dəqiqə yada salaq, onları heç vaxt unutmayaq. Elə bu şəkil neçə-neçə gənc nəslin vətənpərvərlik ruhunda, tərbiyə olunmasında, böyük rol oynayacaq.  Ən çox təəssüf edici məqam isə odur ki, yaralı dostunu çiyninə alıb döyüşə atılmaqla qəhrəmanlıq nümunəsi göstərən Hüseyn Xəlilov sonradan  şəhid olub. Ancaq çıynində son nəfəsinə qədər daşıdığı yaralı dostunun sonrakı taleyi barədə isə məlumatın olmaması bizi xeyli üzür. Allah bütün şəhidlərimizə rəhmət etsin!

P.S. Şəhid Hüseyn Xəlilovu və ciynindəki yaralı əsgəri tanıyanlar varsa, xahiş edirik redaksiyamıza məlumat versinlər ki, onların keçdikləri döyüş yolu barədə oxucularımıza daha ətraflı məlumat verək.

Elçin MƏMMƏDLİ  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN