Avropada yaşayan, amma qəlbi həmişə vətən eşqi ilə döyünən  “Azərbaycanın Dostları Cəmiyyəti”nin sədri, Avropada nəşr olunan “Xudafərin” jurnalının, həmçinin eyni adlı saytın təsisçisi və baş redaktoru  Elman Mustafazadəni oxucularımıza təqdim etməyə ehtiyac yoxdur.

30 illik işğal dövründə Azərbaycanın haqq səsinin, erməni faşizminin iç üzünün dünyaya çatdırılmasında E.Mustafazadənin xidmətləri danılmazdır. Bir neçə il öncə yaratdığı “Ya Qarabağ, Ya ölüm” vatsap qrupu da, dünyada yaşayan azərbaycanlıları bir araya gətirərək, haqq səsimizin  yayılmasına xidmət edir.  Uşaqlığı və məktəb illəri Şuşada keçdiyindən, bu müqəddəs şəhərin Elman bəyin ürəyində tamam başqa yeri var. Elə bu günlərdə həmin vatsap qrupuna göndərdiyi və bir neçə il öncə “Xudafərin” jurnalında üç dildə- Azərbaycan, rus və ingilis dillərində çap etdirdiyi “Şuşa- əfsanə şəhər”  adlı yazı, E.Mustafazadənin vətəni necə sevməyinin və Azərbaycan həqiqətlərini  Avropada necə yaymağının canlı nümunəsidir. Yazının maraqlı olduğunu nəzərə alıb, onu oxucularımızın da diqqətinə çatdırmağı özümüzə borc bildik. Onu da nəzərə alaq ki, yazı Şuşanın işğal dövründə yazılıb və E.Mustafazadə yazının sonunda buna aydınlıq gətirib. İnanırıq ki, Şuşa və şuşalılar haqqında olan bu yazı çox maraqla qarşılanacaq.

Şuşa - əfsanə şəhər

Elman Mustafazadə: “ Şuşa Qalasının ətraf kəndlərindən, ən qədimi olan Hindarxıda doğulmuşam, lakin orta məktəbi Şuşada oxumuşam və orada böyümüşəm”

1990-ci ildə Bakıda 20 Yanvar qırğını baş verdi. Rus tankları, qadın, uşaq, qoca demədən, etirazçıları əzib keçdi.
O dövrdə mən də Bakıda ictimai fəaliyyətlə məşğul idim, Qarabağla bağlı xalqın dirənişində iştirak edir, hadisələrin mərkəzində dolaşırdım. Qırğının səhəri tuthatut başladı, fəalları bir-bir, ev-ev dənləyirdilər. Ələ keçməmiş başqa fəallar kimi bir müddət gizləndim. Polis, o zaman milis adlanırdı, evlərə basqın edir, axtarış aparır, ailələrimizə dinclik vermirdi. Təhlükədən uzaqlaşmaq üçün ailəmi də götürüb Polşaya üz tutdum. O gəlişimdən bəri 10 il bu ölkədə yaşamalı oldum.

Həyat çətindir, həyatı qürbətdə qurmaq, hər şeyə sıfırdan başlamaq daha çətindir… Əlbəttə, yalnız öz işlərimlə məşğul olmaq, bütün qazancını özünün, ailəsinin rifahına sərf etmək mənim xasiyyətimə uyğun deyil. Fikrim-zikrim ölkəmdə qalmışdı, onu darda qoyub gəlmişdim. Bu səbəbdən vətənim üçün nəsə eləməyə can atırdım.

1991-ci ildə Polşada "Azəri" cəmiyyətini qurdum. 1994-cü ildə Varşava Universitetinin müəllimi, əslən Azərbaycan türkü olan İrfan Murat Yıldırımla "Azərbaycanın dostları" cəmiyyətini təsis etdik. 1995-ci ildə, 50 illik fasilədən sonra, Avropada ilk Azərbaycan mətbuatını bərpa etdik - "Xudafərin" dərgisini yayımlamağa başladıq. Dərgi Azərbaycan, polyak, ingilis dillərində çap olunurdu. Bu dərgi vasitəsilə Azərbaycanın siyasi və ictimai tarixi, qədim mədəniyyəti, yüksək sənətə töhfələri, yeni dövrü, yeni müstəqilliyi, yeni quruculuğu haqqında dünyaya məlumat verməyə çalışırdıq.

Eyni zamanda, Polşada "Azer-Pol" və "Azer-Lex" şirkətlərini yaratdıq. 1996-ci ildə Polşa hökuməti "Azer-Pol"u ən çox vergi ödəyən şirkətlərdən biri kimi mükafatlandırdı. Dünyaya səpələnmiş azərbaycanlıları bir araya gətirmək, soydaşlarımın birliyini ifadə edən təşkilatlar qurmaq ən böyük amacım olub. Bu kimi birləşmələr vasitəsi ilə ən önəmli milli məsələlər haqqında yekdil qərarlar vermək Avropada olduqca önəmlidir. Həm də bir xalqın mədəni səviyyəsini, təşkilatlanma gücünü göstərən amildir.

Varlığımıza, mədəniyyətimizə aid olan bütün vasitələrlə Azərbaycanı Avropada tanıtmaq istəyirdik. Bu məqsədlə milli mətbəximizi təqdim edən “Araz” restoranı açdıq. Bu restoran Polşada çox sürətlə tanındı və polyakların sevimli məkanına çevrildi. Polyaklarla bizim dad duyğumuz deyəsən bir az yaxındı, onlar da bizim kimi ləzzətli yeməklərdən vaz keçən deyillər. Biz yeməklərimizi daddırmaqla, musiqimizi çaldırmaqla, rəssamlarımızın əsərlərini divarlardan asmaqla, qədim məişət alətlərimizi sərgiləməklə yerli camaatı həm də Azərbaycanın dostlarına çevirirdik. Əslində, “Araz” restoranında biz öz mədəniyyətimizi təqdim edirdik. O təqdimatım içində həm mətbəx, həm musiqi, həm incəsənət, həm folklor, həm qədim geyimlərimiz, həm də məişət vardı. Bir sözlə, bir neçə saatlıq təşrifdə tarixi kimliyimiz haqqında ortalama bir məlumat aşılamağa çalışırdıq. Bu iş mənim üçün çox əziz idi. Çünki  həm maddi, həm də mənəvi qazanc əldə edirdik. Mənəvi qazanc isə bizə daha çox rahatlıq gətirirdi...

Deyirlər bütün dünyanı Allah yaradıb, Hollandiyanı isə hollandlar….

2000-ci ildən Hollandiyada yaşayıram. Bu ölkə haqqında çoxları "arzularımın ölkəsi" deyir. Hollandiya inkişafın yüksək həddindədir və bir an belə yerində saymır, əzmlə inkişafını davam etdirir.

Yaşamaq üçün çox rahat ölkədir. Təbiəti romantikdir, insanları yaradıcıdır. Ən nümunəvi və həsədverici olan isə, milli birliyin və təəssübkeşliyin olmasıdır. Bütün münasibətlərdə, istiqamətlərdə, hətta qanunvericiliyin tətbiqində belə, bu təəssübkeşlik özünü göstərir. Hollandiyada dövlət siyasəti vətəndaşını ağa kimi tərbiyə edir və vətəndaş isə özünü bu ölkənin sahibi kimi aparır.

Avropa ölkələri və  şəhərləri bir azərbaycanlı üçün cənnət kimidir. Qanunlar işləyir, insana hörmət var, oxu, öyrən, işlə, qanunlara tabe ol… xan-bəy kefində yaşa.  Elə ona görə də nahaqdan demirlər, bütün dünyanı Allah yaradıb, Hollandiyanı isə hollandlar….

“Aləm cənnətə döndü… yaddan çıxmaz Qarabağ…”

Bəli, o məşhur mahnıda deyildiyi kimi, Şuşa heç vaxt yaddan çıxmaz. Mən Şuşada, öz yuvamda, öz ocağımda, öz vətənimdə yaşamaq istəyirəm. Ömrüm boyu axtardığım və heç zaman tapmadığım səadətimi bir udum Şuşa havası ilə tapa bilərəm, düşüncəsindəyəm. Elə bilirəm ayağım Şuşa Qalasına dəyərsə, o torpaqlara qədəm qoyaramsa, dünyaya yenidən gəlmiş kimi olaram, dərdim, qəmim, iztirablarım, xəstəliklərim çəkilib gedər… bilirəm gedər… Mən öz dərdimin çarəsini dəqiq bilirəm.

Şuşanı çox düşünürəm. Gün ərzində üç övladımı düşündüyüm qədər düşünürəm. Mən narahat adamam, bundan çox əziyyət çəkirəm, uşaqlar bir saat telefonu açmayanda dünyanın bütün qara fikirləri yaxamdan yapışır, səksəkəyə düşürəm, çırpıntı içində qalıram. Şuşa ilə bağlı isə… qəlbimdə lal və qara bir sükunət daşıyıram. Zənglərə, çağırışlara, hətta gözyaşlarına belə cavab gəlmir…

Uşaq vaxtı Şuşada eşitdiyim bir bayatını qəlbim gecə-gündüz zümzümə edir;

Aşıq, ellər ayrısı,

Şana tellər ayrısı,

Bir gününə dözməzdim,

Oldum illər ayrısı…

Şuşada böyümüşəm, özümü əsl şuşalı saymışam. Dəyərli nəyim varsa, uşaqlığım, xatirələrim, münasibətlərim Şuşaya bağlıdı.
İllər keçdikcə Şuşanı dərk edirəm. İllər keçdikcə o mühitin aliliyini hiss edirəm. İllər keçdikcə Şuşanın həsrətinə daha çox yandığımı duyuram. Bu ayrılıq, bu məsafə bu yaranı səngitmir, əksinə get-gedə  daha da körükləyir...

Şuşanı sizə necə təsvir edim?

Şuşa yüksək insanlıq məkanı idi, alicənablıq, zadəganlıq məktəbi idi. Şuşadan sonra dünyanı çox gəzdim və ilk müşahidə etdiyim bu oldu ki, sən demə, Şuşada söyüş söyülməzmiş, qulağın bir kəlmə belə söyüş eşitməzmiş. Hətta məktəblərdə, futbol meydançalarında, nadinc yeniyetmələr, ərköyn oğlanlar arasında belə söyüş eşitməyəcəyiniz dünyanın yeganə məkanı idi Şuşa. O vaxtlar bunu bilmirdim...
Şuşada əcaib bir əmin-amanlıq vardı. Səhərə kimi şəhərdə tək gəz, kiçik bir təhlükəyə belə rast gəlməzdin. Heç kim səndən soruşmazdı, a bala, gecənin bu vədəsi burda nə gəzirsən? Heç kəsdən, heç nədən sənə xəta gəlməzdi. Bunu da dünyanın çox şəhərlərini gəzib, gördükdən sonra anladım...

Sonralar Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" əsərində belə bir cümləyə rast gəldim; "Gecənin qaranlığında Şuşada başında bir məcməyi qızılla get, Şahməmmədin qorxusundan bir adam sənə gözünün ucu ilə baxmazdı"... Demək, bu əminamanlığın tarixi kökləri varmış. Qarabağ xanlığının əski düzəni Qalalıların mənəviyyatında, əxlaqında, rəftarında yaşayırmış...

Dövlət düzəninin əxlaqa söykənərək yazılmış, mənəviyyatın yüksəlişinə xidmət üçün təsis edilmiş qanunları cəmiyyətin tərbiyəsində hansı rolu oynayır… bunu da çox sonralar, uzaq ölkələrdə Şuşanın həsrəti ilə yaşayanda anladım... Şuşadakı qədər dünyanın heç bir yerində uşaqlara diqqət, qayğı, sevgi görmədim. Demə, uşaqlığım, yeniyetməliyim bu dəyərlər içində keçibmiş… Əziz dostlarım vardı, dostlarımın mərd ataları, şəfqətli anaları vardı. O dağ ürəkli kişilər, o mehriban analar mənim atasız olduğumu hər an hiss edir, amma heç bir hərəkətləri ilə bunu mənim yanımda büruzə vermirdilər. Şuşalıların əksəriyyəti bəy, xan nəsilinin törəmələri idi. Çox alicənab idilər, genlərində görüb-götürmüşlük vardı.

Şuşa camaatı xaraktercə çox təmkinli idi. Hələm-hələm coşub daşmazdılar. Amma bu təmkinin bir həddi də var idi. O həddi keçdinsə, qarşında qorxubilməz, cəsur, ölümün gözünə dik baxan bir cəngavər görərdin...

Şuşa mənim üçün Azərbaycandır, Azərbaycan – Şuşadır. Dardadır, düşmən əsirliyindədir. Bir atanın övladının düşmən əlinə düşməsi, gözü görə-görə yağı əlində qalması, heç bir qurtuluş yolunun olmaması nə deməkdir, bilirsinizmi? O ata son nəfəsinə kimi övladının azadlığı uğrunda vuruşmazmı? Vuruşa bilməzsə, bu həsrətdən, ağrı-acıdan, iztirabdan ölməzmi?

Şuşadan ötrü dirigözlü öldüyümü də get-gedə dərk etməkdəyəm…

İndi-indi dərk edirəm ki, o vaxtlar, yəni ermənilərin işğalı ərəfəsində Şuşaya ögey bir münasibət vardı. Şuşa camaatı məqsədli şəkildə yoxsul duruma salındı, rifah naminə, tərəqqi naminə dövlətin, hökumətin heç bir fəaliyyəti yox idi. İllər keçdikcə bu yoxsulluq daha da dərinləşdirilirdi. Şuşanın qədim binaları, bəy-xan evləri, milli-tarixi abidələr yararsız hala salınır, bərpa olunmur, xarabalığa çevrilirdi. Sən demə, Şuşa Bakıda oturmuş Kreml nökərləri tərəfindən erməni işğalına hazırlanırmış.

Yeddi yaşım vardı, Şuşada keçrilən musiqi festivalının qalibi oldum. Sanki dünyanı mənə bağışlamışdılar, uçmağa sanki qanadım yox idi. Qalib gəldiyim üçün məni Xankəndinə apardılar, oradan da Bakıya, respublika yarışmasına yollayacaqlarını dedilər. Amma nəticədə məni yox, iki erməni uşağını göndərdilər. Qolum-qanadım qırıldı, böyük sarsıntı yaşadım. And içdim ki, bir daha oxumayacağam. Sonralar Şuşa xalq çalğı alətləri ansamblının statusu əlindən alınıb özfəaliyyət dərnəyinə çevrildi. Musiqi festivallarına son qoyuldu. Respublikanın o vaxtkı rəhbərliyi Şuşanın küllü-ixtiyarını Xankəndinə yerləşdirilmiş ermənilərə vermişdi.

6-7 yaşım olardı, Şuşanın dağlarında, yamaclarında oynayardıq. Hər addımda atılmış gilizlər tapar, toplayıb ciblərimizi doldurardıq. Bu gilizlər soyqırımın sirli, susqun şahidləri idi. Şuşada hər ağac, hər yamac keçmişdən danışırdı. Qala əhli də keçmişlərdən, olub bitmiş qətliamlardan danışmağı sevərdi. Ehtiyatla danışırdılar, amma danışırdılar, susmurdular. Bu barədə Bakıda və Azərbaycanın başqa bölgələrində həmyaşıdlarıma danışanda mənə inanmazdılar, elə bilərdilər nağıl uydururam. Görünür, biz, özümüzün də xəbərimiz olmdan tarixlə iç-içə yaşayırmışıq…Indi anlayıram ki, fitnə-fəsad törətmək üçün ermənilər hələ 60-cı illərdə nələr edirmişlər?

Uşaq idim, bir gün qəfil şəhərə xəbər yayıldı ki, ermənilər ayağa qalxıb Şuşa-Xankəndi yolunu bağlayıblar. Səbəb də bu imiş ki, guya azərbaycanlı müəllim öz şagirdi olan erməni qızını zorlayaraq öldürüb, sonra da samanlıqda basdırıb. Cinayət işi filan açdılar. Sonra da məlum oldu ki, nə elə azərbaycanlı müəllim var, nə də elə bir erməni şagirdi. Şayiədi, quru böhtandı. Amma bu sübutlardan sonra da sakitləşmədilər, şayiə yaydılar ki, guya hökumət ört-basdır edir, müəllimi və şagirdi gizlədir. Bir qrup terrorçu erməni bu olmayan cinayətin intiqamını almaq üçün həbsxanaya məhbus aparan maşına benzin töküb od vurdu. Maşında olan 3 azərbaycanlı dustaq diri-diri yanıb kül oldu. O zaman bütün Şuşa ayağa qalxdı. Uşaq idim, amma bu ağrıları hamı ilə birgə yaşayırdım…

Hər zaman belə olublar. Əvvəlcə cinayəti uydurublar, bir-birinin beynlərini doldurublar, sonra da öz yalanlarına inanıb, intiqama çağırıblar, terrora əl atıblar.

“Atan kazaklardır"

Bunu da çox sonralar anladım ki, "atan kazaklardır". Yəni bütün bu qarşıdurmalar Moskvadan ssenariləşdirilir, ideyası, təlimatı, tətikçisi, xərci, hər işi Kremldə işlənib hazırlanılır...
Biz, yəni Şuşa camaatı elə bilirdik ki, Moskvanın xəbəri yoxdu, Bakının xəbəri yoxdu, məktub, teleqram göndərirdik, nümayəndə heyəti yollayırdıq. Öz həqiqətlərimizi, günahsızlığımızı bu cinayətin müəlliflərinə isbat etmək üçün dəridən-qabıqdan çıxırdıq. Nə böyük sadəlövhlük!…

Şuşa ziyalılar şəhəri idi, ziya şəhəri idi

İndi Avropada oturub o uzaq illərin olaylarını yeni dünyagörüşü ilə seyr etmək… ifadə edilməz qədər acıdır... Şuşada gördüyüm şəhər mədəniyyətini başqa heç bir şəhərimizdə, hətta paytaxtımızda da görmədim. Buradakı yaşlı insanlar, sanki canlı tarix idilər. Dünya qədər bilikləri vardı, görmüş-götürmüş insanlar idilər. Hər kəlmələri hikmət idi. Ləyaqət, şəxsiyyət sahibləri idi. Şuşa ziyalılar şəhəri idi, ziya şəhəri idi. Unuda bilmədiyim bir hadisə; bunu mənə Şuşada polis rəisi olmuş bir adam danışıb. Daha doğrusu, o danışanda, mən təsadüfən eşitmişəm. Deməli, 70-ci illər imiş. 3-4 nəfər müəllim ara-sıra bir-birinə qoşulub dərsdən sonra yeyib içir, bala-bala vururmuşlar. Bu hal artıq mütəmadi xarakter alır. Bir gün necə olursa, polisə düşürlər. Polis rəisi, şuşalının mahiyyətini anlamayan bu gəlmə nanəcib, qərar çıxarır ki, müəllimləri cəzalandırmaq üçün onlara küçə süpürtdürsün.

Rəis qərarı müəllimlərə oxuyur. Müəllimlər etiraz edir, deyirlər, biz tanınan adamlarıq, müəllimik, sinifə giririk, belə şey eləmə, nüfuzumuza, ləyaqətimizə toxunma. İndi bir xətadı olub, pul cəzası yaz, amma bizi biabır eləmə. Rəis deyir yox e, sizə tələbələrinizin qarşısında küçə süpürtdürəcəm ki, bir daha belə hərəkət eləməyəsiniz.

Müəllimin biri rəisə deyir ki, bacarırsan elə, özümü öldürərəm, amma küçə süpürmərəm. Mübahisə düşür, ara qarışır. Rəis görür ki, bu adam həqiqətən intihar edəcək, ona görə də qərarından geri çəkilir.

İndi buradan, Avropadan oturub baxıram ki, Naxçıvanda müəllimlərə, Yevlaxda həkimlərə küçə süpürtdürürlər, bağda, baxçada kol-kos təmizlətdirirlər. Həmin hadisə gözümün qarşısına gəlir… və düşünürəm;

İnsan boyun əyməsə, heç bir rəis, heç bir müdir, heç bir hökumət onun boynuna minə bilməz. İnsanlarımız çox şeyə boyun əydilər. Bu hadisə mənə çox ibrətamiz gəlir, düşündürür, tez-tez yadıma düşür.

Şuşalı müəllim (adını çəkmirəm, çünki tanıyanlar olar), seçimini elədi, dedi; özümü öldürərəm, yaşamaram, amma sən, rəis olmursan, kim olursan ol, mənim ləyaqətimlə oynaya bilməzsən. Cinayətim varsa cəzalandıra bilərsən, mənliyimə toxuna bilməzsən. ölümü seçərəm, amma mənliyimi tapdalatmaram. Müəllimin intihar qərarı azğın, insan ləyaqətindən bir şey anlamayan polis rəisini geri oturmağa məcbur etdi.

Pis hakimiyyətlər insan ləyaqətinin düşmənidir.

Avropada dövlət vətəndaşın ləyaqətli yaşamının təminatçısıdır. Avropada müəllimə küçə süpürtdürmək olmaz. Müəllim könüllü olaraq hər cür iş görə bilər, ağac əkər, yer belləyər, bağçalarda alaq təmizləyər, amma ona cəza olaraq və ya valinin istəyi ilə küçə süpürtdürmək olmaz. Belə iş tutan bir ağılsız tapılarsa, onu ömrü boyu məhkəmələrdə süründürərlər, cərimələrlə müflis edərlər, peşə yasağı qoydurarlar. Avropa insan, ləyaqətinin hamisidir. Avropa ləyaqətini uca tutan, özünə hörmət edən insanın qoruyucusudur.

Şuşa mənə insanı sevməyi öyrətdi

Şuşa bənzərsiz bir aləm idi. Ziyalı necə olar, orada gördüm. Müəllim necə olar, orada gördüm. İnsanlıq, dostluq necə olar, onu da orada gördüm.

Şuşa mənə çox şey verdi, çox şey öyrətdi. Şuşa mənə vətəni sevməyi öyrətdi. Şuşa mənə vətən uğrunda vuruşmağı öyrətdi.

Şuşa mənə insanı sevməyi öyrətdi, musiqini, şeri, sənəti, hikməti, sözün məzəlisini sevməyi öyrətdi. Şuşa mənə uşaqları, dostları, qardaşları, soydaşları sevməyi öyrətdi. Şuşa mənə, ağacları, gülləri, gül üstə ötən bülbülləri sevməyi öyrətdi.

Şuşa mənə sevib- sevilməyi öyrətdi. Şuşa mənə aşiq olmağı öyrətdi.

Avropada gördüyüm bütün insani münasibətləri uşaqlığımda Şuşada görmüşdüm. Şuşa əsl Avropa şəhəri idi, qürurlu gənclərin, ləyaqətli müəllimlərin, ziyalı insanların şəhəri idi.

Şuşa- o, Göydən Yerə düşmüş bir əfsanə idi…

Avropada “ Azərbaycanın Dostları” Cəmiyyəti”nin sədri, Avropada nəşr olunan “Xudafərin” jurnalının, həmçinin eyni adlı saytın təsisçisi və baş redaktoru:

Elman Mustafazadə

P.S. İllər öncə bu yazını Şuşa həsrəti, Şuşa yangısı ilə qələmə almışdım. Indi isə uşaqlığımın şahidi, məktəb illərimin xatirə dolu  canlı əfsanəsi Şuşam, Şuşamız murdar erməni caynağından azad olunub. 2020-cil noyabrın 8-də, Şuşa işğaldan azad olunan gün, Ali Baş Komandan, prezident İlham Əliyevin dediyi “Şuşa, sən azadsan” sözlərini, elə Şuşanın təmiz, dağ havası kimi ciyərlərimə çəkməyimi ömrümün sonuna kimi unutmaram. Bu xoşbəxt anı, yəni Şuşanı və 30 il işğalda olan digər rayonlarımızı  azad edərək, bizləri məğlub xalqdan qalib xalqa çevirən bacarıqlı sərkərdə, Ali Baş Komandan, prezident İlham Əliyevə, rəşadətli Azərbaycan ordusuna, onun qəhrəman, ölümün gözünə dik baxan zabitlərinə, əsgərlərinə, vətən uğrunda qurban gedən şəhidlərimizə, sinələrini düşmənə sipər edərək qazi olan qardaşlarımıza, o od-alovun içindən, düşmənə qan udduraraq, salamat qayıdıb gələn qəhrəman veteranlarımıza, uzaq Avropadan sonsuz minnətdarlığımı çatdırıram. İnanıram ki tezliklə işgaldan azad olunan digər rayonları əhalisi kimi, şuşalılar də oz doğma yurdlarına qayıdacaq və bununla da yenidən Şuşanı, həmçinin şuşalılıgı, Şuşanın adət-ənənəsini yaşadacaqlar.Yaşasın İlham Əliyev! Yaşasın şanlı Azərbaycan ordusu! Yaşasın qalib Azərbacan xalqı!  Şəhidlərimızə Allah rəhmət eləsin! Qazilərimizə, veteranlarımıza sağlamlıq və uzun ömür arzulayıram!

Hazırladı və təqdim etdi:

Elçin Məmmədli