booked.netbooked.net booked.net  

Müğənni Xatirə İslam qatıldığı məclislərin birindən çəkdirdiyi açıq sinəsi olan paltarda şəklini “İnstaqram”da paylaşıb. Xanım izləyicilərdən birinin “Xatirə xanım, gözəl ailən, gül kimi övladın var. Sinəni açıq qoyanda nə olur ki? Bir qadın olaraq mən baxanda utanıram” sözlərinə Xatirə İslam belə cavab verib:” Ailənin sinəyə nə aidiyyətı var?”

P.S. Buyurun, sonra da deyirsiniz, Xatirə belədir, Xatirə elədir. Ayə, bu rəhmətliyin qızı düz deyir dayna. Sinəsinin açıq olmasının, nəyinsə çöldə qalmasının ailəyə nə dəxli var axı? Xatirənin sinəsi çöldə qalanda əri ondan üz döndərirmi? Yox! Yoxsa əri buna görə onu ac sxlayır? Yox! Bəlkə Xatirənin sinəsi çöldə qalanda övladı inciyir ki, ay ana, tay-tuşlarımdan utanıram, niyə belə geyinirsən? Yoxdur belə şeylər. Ailədə Xatirənin sinəsinin çöldə qalmasında heç bir problem yoxdur. Deməli, Xatirənin dediyi kimi, sinənin ailəyə aidiyyəti yoxdur. Amma Xatirənin sinəsinin çöldə qalmasının xalqa aidiyyəti var. Xatirə bir sənətkar kimi xalqın sərvətidir, Xalq da ona məxsus sərvəti qorumaq istəyir dəə...

***

43 yaşlı müğənni Afət Fərmanqızı təzə ailə qurmağından, ərinin kim olmasından danışarkən “Space” TV-də olan “Deməsəm olmaz” verilişində belə deyib: “Həyat yoldaşım haqqında danışmayacağam. Bizə baxanların niyyətini bilmirik. Soruşurlar ki, niyə tək şəkil qoyursan? Cavab verirəm ki, 50 min manat ödəsinlər, onun haqqında danışım”.

P.S. Deməli, 21 yaşlı oğulun anası Afət xanım 50 min manata təzə əri haqqında danışacaq. Hı mı? Amma Afət xanım 2019-cu ildə iş adamı Hacı Romaya (Ramal Hüseynov) ərə gedəndə heç puldan-zaddan danışmırdı. Hələ bu barədə şəkil paylaşıb demişdi ki, “həyatıma xoş gəldin”. Hələ o zaman hamilə  olduğunu və uşağını abort etdirdiyini də “Şou ATV” proqramında bildirmişdi. Görünür Hacı Roma pullu iş adamı olduğundan Afət xanım o zaman pula ehtiyac duymayıb. Amma indi təzə ərini hamıdan gizləyir ki, göz dəyər. Görünür indiki əri pulsuz, kasıbın biridir. Bu səbəbdən onun haqqında danışmaq üçün Afət xanım 50 min manat istəyir ki, bəzi işlərini aşırsın. Yazıq neyləsin, şou əhli xanımın indiki zamanda ərinin olması əsl möcüzədir. Ağına-bozuna baxmadan indiki ərinə 50 min manat qiymət qoymaqda kişinin bu “defisit” vaxtında yazığı çox ucuz qiymətləndirib. Yəqin Afət xanım tezliklə səhvini düzəldər və kişinin qiymətini qaldırar.

***

Jurnalist həmkarımız Tural Tağıyev öz “Facebook” səhifəsində baha qiymətli aldığı kolbasanın içindən rezin çıxdığını qeyd edib.

P.S.Hörmətli Tural bəy, əvvəla, sən jurnalistsən və hər şeyi olduğu kimi yazmalısan. Amma içindən rezin çıxan kolbasanı istehsal edən firmanın adını niyə yazmamısan? Məqsədin nədir? İkincisi isə, 15-20 manat verib, aldığın kolbasanın içindən istəyirsən rezin yox, maşın çıxsın?

***

Qəzetlərin birində turizmdən bəhs edən yazıya belə bir başlıq qoyulub: “Azərbaycana ərəb turistləri lazımdır, ya yox?”

P.S. Məncə, lazım deyil. Çünki ərəblər öz qədim adət-ənənələrinə uyğun olaraq, olduqları yeri batırıb gedirlər.

***

Statistikaya görə, koronavirusa yoluxma sayı 5000-ə çatıb. Hamını bir sual düşündürür: - yoluxma sayı 500-600 olduğu halda nə baş verdi ki, yoluxanların sayı birdən-birə belə yüksək həddə gəlib çıxdı?

P.S. Ona görə ki, virusu adam yerinə..., üzr istəyirəm, virus yerinə qoymadıq. Kimə deyirsən görüşəndə əl vermə, deyir boş şeydir, kimə deyirsən danışanda, otağa girəndə məsafə saxla, qoruyucu tibbi maska tax, deyir boş şeydir. İndi buyurun, bu də sənə boş şeyin gətirdiyi ağır nəticələr. Gəlin heç olmasa, öz həyatımızı düşünək. Xanımlar və bəylər, görüşəndə əl verməyin, qucaqlaşıb, öpüşməyin. Bunlara əməl etsəniz, virus da sizi qucaqlamaz.

***

Həmkarlarımdan biri benzinin qiymətinin baha olmasından bəhs edən yazıya belə başlıq qoyub: “Benzinə görə aksiz və rüsum ləğv edilsə də, qiymət niyə aşağı düşmür?”

P.S. Ona görə benzinin qiyməti aşağı düşmür ki, qalxmaq bir ayıbdır, düşmək iki ayıb. Yəni bu, o deməkdir ki, bir kərə yüksələn qiymət, bir daha enməz.

***

Millət vəkili Razi Nurullayev Milli Məclisin ötən həftə keçirilən iclasında çıxış edərkən bildirib ki, “ölkəyə Yaponiyadan, Almaniyadan, İngiltərədən, Sinqapurdan, hərəsindən 50 nəfər olmaqla mütəxəssis gətirək. Onlara vətəndaşlıq verib, müxtəlif nazirliklərə, komitələrə təyin etmək lazımdır ki, düzgün idarəçilik olsun”. Bu təklif ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb.

P.S. Razi bəy, nəyə deyirsən and içim, o xarici mütəxəssislər gələndən az sonra bizimkilərin dədələrinə rəhmət oxutduracaqlar. O xaricilər az müddətdə buranın ab-havasını götürüb, nümunəvi korrupsioner olmasalar, mənə nə istəsən deyə bilərsən. Həkim pul almasa, xəstənin ürəyində şübhə yaranacaq ki, deməli, mən öləcəyəm. “Kupça”nı pulsuz alsaq, onun saxta olduğu şübhəsi bizi tərk etməyəcək. Şəhərin mərkəzində sotu bir milyon manat olan torpağı pulsuz versələr, şübhə yaranacaq ki, sən öləsən burada bir əmma var. Yəqin bu torpaq bir neçə adama satılıb. Ona görə də pulsuz verirlər və s. Bu səbəbdən də Razi bəy, ictimaiyyətdə narazılıq yaranır ki, qatarın maşinistini yox, relsin özünü və sistemi dəyişmək lazımdır.

***

Xalq artisti Aygün Kazımova plastik cərrahlara səslənərək deyib: “Hamını hamıya oxşatmayın. O formanı verən, o şəklə salan bizim gözəl, əziz, sevimli doktorlarımız, hamını hamıya oxşatmasınlar. Biz lap inkubator cücələri kimi bir-birimizə oxşayırıq”.

P.S. Eh, mən də deyirəm bu şou əhli xanımlar niyə hamısı bir bezin qırağıdır. Olmayan səsi ilə, oxumaqda, soyunub bədən əzalarını xalqa göstərməkdə hamısı bir-birinə oxşayır. Deməli, günah həkimlərdə imiş. Ay həkimlər, ay qadanızı alım, bu şou əhlini danışıb, davrandıqları kimi dəyişdirin dəə... Məsələn, biri oxuyanda quş kimi cəh-cəh vurub, səhnədən-səhnəyə, efirdən-efirə, yəni budaqdan-budağa qonur. Sponsor da o dəqiqə təklüləli tüfəngi ilə onu gözündən vurur. Bax, belələrini quşa oxşadın. Hərçənd, şou əhli arasında belə quşlar çoxdur. Amma quşların da növləri var axı. Hərəsini ayrı-ayrı quşa oxşatmaq olar. Və yaxud, biri öz dili ilə deyir ki, mən əjdahayam. Ay başınıza dönüm, bunu çevirin də elə o əjdahaya. Başqa biri səhnədə meymun kimi hoppanıb-düşür. A kişilər, bunu çevirib meymun eləyin də... Hələ bu şou əhli arasında nə qədər tülkülər, çaqqallar, dovşanlar, sürünənlər, ayılar, qoyunlar, quzular, canavarlar, həcilər, məşədilər və s. var. Bunları nəzərə alın dəə... Ay həkimlər, vallah Aygün xanım düz deyir. Bu şou əhlinin hamısıni inkubator cücələrinə oxşatmayın.

***

Müğənni Nadir Qafarzadənin duet ortağı Ayan Babakişiyeva “Günün sədası” proqramında qonaq olub və qardaşı Samirlə biznezlərini idarə etdiyini bildirərək deyib: “İstanbulda olanda qardaşımla iş toplantısında olduq. Bir dəfə götürdüm telefonumu oynadırdım, Samir dedi: “Ay qız, telefonu yerə qoy. Nə bumeranq çəkirsən. Deyirdim ki, qoy görsünlər mən iş toplantısındayam. O, da dedi: “Bu sənin üçün şou deyil””.

P.S. Adamın üstündə Allah var, Ayan xanım, qardaşın düz deyir dayna. İş toplantısında telefon oynatmaq mədəniyyətsizlikdir. Qardaşın düz deyir ki, bura şou deyil dəə... Allah sənin də xasiyyətini kəssin. Sən elə hər yerdə şou görürsən. Odey, nə qədər dedi-qodu olsa da, get Nadirlə duet oxu, şou göstər. Gör qardaşın onda sənə bir söz deyər? Əlbəttə deməz. Amma iş toplantısında telefon oynatmaq olmaz, Ayan xanım, ayıbdır.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN