booked.netbooked.net booked.net  

Müğənni Manaf Ağayev 15 sutkalıq həbsdən çıxandan sonra açıqlama vemişdi ki, bir çox sənət dostları onu məyus edib. Bunların içində Mətanət Əsədova da olub və  bu səbəbdən müğənni ilə küsülü olduğu bildirilirdi. Amma bu günlərdə Mətanət Əsədovanın xəstələndiyini və komada olduğunu eşidən Manaf Ağayev humanistlik göstərərək, müğənni xanımı ziyarət etmək üçün xəstəxanaya gedib. Bu zaman məlum olub ki, Mətanət Əsədovanın komaya düşməsi yanlış məlumatdır.

P.S. Yəqin Manaf Ağayevlə görüşən kimi dərhal komadan ayılıb və sevindiyindən küsülü olmağı da yadından çıxıb...

***

Aprelin 3-də gecə klubunda baş vermiş partlayışda yaralanan model Merlin (Təranə) Rzayeva ona verilən “gecə saat 3-də övladı olan ananın klubda nə işi var”-sualına belə cavab verib: “Məgər anayam deyə gecə klubuna getməli deyiləm? Bunun analıqla heç bir aidiyyəti yoxdur”.

P.S. Adamın başının üstündə Allah var, zalımın qızı düz deyir dəəəə... İndi anadır, bir qızı var deyə, gənc və gözəl Merlin xanım gecə klubunda şənlənməli deyil? Yeyib, içməyə, oğlanlarla rəqs etməyə qadağa qoymalıdır? Bəs onda o gecə klubu kim üçündür? “Tem bole” xanım həm də modeldir. Merlin xanım model kimi özünü bəs harda göstərməlidir? Görün bu Merlin xanım nə qədər qanacaqlı qızdır ki, model kimi açıq-saçıq yerlərini gündüz, ozü də oğlanlar qarşısında yox, gecə, yəni adamların az olduğu vaxtda göstərir ki, ayıbdır axı... Qoy çox adam yox, az insanlar ona model kimi qiymət versinlər. Merlin aza qane olan tərbiyəli, qanacaqlı, həm də balaca qız anası olan ağır təbiətli bir xanımdır. Halal olsun, mən ölüm... 

***

Jurnalist Eynulla Fətullayevin 2007-2011-ci illərdə qanunsuz həbsdə olması barədə müraciətinə bu günlərdə Avropa İnsan Hüquqları Məhkəməsində baxılıb. Bu qurum həbsi qanunsuz sayıb və Azərbaycan hökumətinin Eynulla Fətullayevə 4 min avro təzminat ödəməsi barədə qərar qəbul edib.

P.S.Əvvəla, dəfələrlə demişik ki, belə təzminatları hökumət yox, qanunsuz qərarlar çıxaran və bununla da Azərbaycanın adını Avropada biabır edən hakimlər ödəməlidirlər. İkincisi isə, bu gün Azərbaycan hökumətinin yanında olan Eynulla Fətullayevin o 4 min avroya ehtiyacı varmı? Əlbəttə, yox! Bu səbəbdən də yəqin ki, Eynulla bəy  o pulu hansısa şəhid ailəsinə, ya bir-iki qazinin müalicəsinə, ya da bir neçə Qarabağ veteranı olan tələbənin təhsil haqqının ödənilməsinə xərcləyəcək. Eynulla Fətullayevin bu kimi vətənpərvər işlərini görmüşük və yəqin ki, bu dəfə də görəcəyik.

***

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5-6 mart tarixlərində keçirilmiş imtahanların nəticələri ötən həftə elan olunub. Bu nətəcədən narazı qalan 5996 abituriyent Apellyasiya Komissiyasına müraciət edib. Ən maraqlısı odur ki, imtahanların cavablarını Ali məktəblərin 3-cü və 4-cü kurs tələbələri yoxlayıb.

P.S. Bu, bir daha göstərir ki, ölkədə müəllim çatışmazlığı var. XX əsrin əvvəllərində də belə idi. Yuxarı sinfin əlaçı şagirdləri aşağı sinfin şagirdlərinə dərs deyirdi. Görünür təhsilimiz elə XX əsrin əvvəllərində olduğu səviyyədə qalıb dayna... Bir də, nahaqdan deməyiblər ki, tarix təkrar olunur.

***

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə bahalı, qara rəngdə olan “Range Rover” markalı maşınla paylaşım edib və altından belə yazıb: “Yağışlı gün və həyat yoldaşımın mənə hədiyyəsi...”.

Qeyd edək ki, müğəninin Rusiyada yaşayan azərbaycanlı Mamed Hancanovla evli olduğu deyilir.

P.S. Adətən, bəzi Mamed kimi imkanlı kişilər həyat yoldaşlarına yox, saxladıqları sevgililərinə bahalı hədiyyələr edirlər. İndi Afət xanımın həyat yoldaşı ona belə bahalı maşın hədiyyə edirsə, onda belə çıxır ki, Mamed bəy çox qısqancdır və bu səbəbdən Afət xanımın sponsorluğunu da öz boynuna götürüb. Amma Məşədi İbad demiş “mən bu tayda, yar o tayda” olsa da, Afət xanım and içə bilər ki, evlidir, həyat yoldaşı da ona bahalı hədiyyələr edir. Burada şübhə yaradacaq heç nə yoxdur, ətövbə!

***

Məlumatlara görə, avtobus şirkətləri gediş haqqının artırılması üçün Tarif Şurasına müraciət ediblər. Bu müraciətə münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli mətbuata belə deyib: “Hökumət indiki vəziyyətdə müraciətə müsbət cavab verməyəcək. Çünki bu, infilyasiyanı tətikləyən addım olar”.

P.S. Hörmətli Xalid bəy, icazə ver, sənin bu fikrinlə razılaşmayım. Görünür, sən Tarif Şurasının, müqəddəs insanlar kimi, cəmiyyətdən gizlədilən üzvlərinin xasiyyətini bilmirsən. Allah onların xasiyyətini kəssin! Görün bu Allah saxlamışların nə qədər yumşaq xasiyyətləri var ki, onlara müraciət edən hansısa dövlət qrumuna və ya hansısa bir özəl şirkətə bircə dəfə də olsun “yox” deyə bilmirlər. İndi maraqlıdır, avrobus şirkətləri Tarif Şurasına gecə müraciət ediblər, yoxsa gündüz? Əgər müraciəti gecə ediblərsə,Tarif Şurası elə gecəykən, yəni əhali yuxuda olan zaman qiymətləri qaldıracaq. Ona görə ki, əhali yuxudan duran kimi, artan qiymətləri görəcək və dərhal şok-terapiya keçirərək, sağlam olacaqlar...

***

Millət vəkili Ceyhun Məmmədov orucluqda görülən savab işlərdən danışarkən, bir qəzetə açıqlamasında belə deyib: “Hər birimiz Ramazan ayında daha çox savab iş görməli, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmalıyıq”.

P.S. Hörmətli Ceyhun müəllim, sizin dediyinizdən belə çıxır ki, əlində imkan olan hər bir dövlət məmuru, iş adamı və yaxud deputat ildə cəmi bir ay savab iş görməli, cəmiyyətimiz və dövlətimiz üçün cəmi bir ay faydalı olmalıdır. İlin qalan 11 ayını məmurlar əhalinin qanını içməli, deputatlar seçildikləri ərazilərin problemlərini görməzlikdən gəlməli, yəni cəmiyyət və dövlət üçün heç bir fayda verməli deyil. Bu, Allahın yaratdığı günlərdən yalnız cümə gününü bayram edən və bir-birinə cümə təbrikləri göndərən bəzi dinbazları xatırladır. Bu dinbazlar və cüməbazlar XXI əsrdə hələ də anlamaq istəmirlər ki, həftənin bütün günləri əzizdir, müqəddəsdir. Ən maraqlısı və təəccüblüsü odur ki, dinin dövlətdən ayrı olması aydın yazılan Konstitusiya aktına səs vermiş  deputat da ilin aylarını bir kənara qoyub, yalnız bir ayda savab iş görməyə, cəmiyyətimiz və dövlətimiz üçün faydalı olmağa çağrış edir. Sonra da deyirik deputatlar seçicilərin problemləri ilə niyə maraqlanmırlar?

***

Rusiyada yaşayan və musiqiçi olan həmyerlimiz Nurio, müğənni sayılan Damlanın (Məsumə Əliyeva) oxuduğu “Bəs edər” mahnısının ona məxsus olduğunu bildirib. Nurio onu da qeyd edib ki, bu oğurluğa görə məhkəməyə müraciət etmək niyyətindədir.

P.S. Şou əhlində bu nə oğurluqdur, bilmirəm dəəəə... Biri o birinin stilini oğurlayır, digəri o birinin ərini oğurlayır, başqa birisi rəfiqəsinin sponsorunu oğurlayır... İndi də bu mahnı oğurluğu ortaya çıxıb. Bunların danışığı da saxta, sənəti, səsi də saxta, səmimiyyəti, insanlığı saxta, vətən, xalq sevgisi isə tamam saxtadır. Yalnız pula olan sevgiləri tam həqiqətdir...

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN