Nikola Tesla 

Nikola Tesla - 10 iyul 1856, Smilyan, Xorvatiya7 yanvar 1943, Nyu-York, ABŞ)Serb əsilli Amerika futuroloqu, mühəndis Nikola Tesla 10 iyul 1856-cı ildə Xorvatiyanın Smilyan kəndində serb ailəsində dünyaya gəlib. Ali Real Gimnaziyasında və Avstriyanın Qras Texnologiya Universitetində təhsil alıb. 1882-ci ildə elektrik avadanlıqlarının təkmilləşdirilməsi və layihələndirilməsi üzrə Fransada Kontinental Edison Şirkətində işləməyə başlayıb. Müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə məşhurlaşıb, simsiz idarə olunan qayıq hazırlayıb. Nailiyyətlərinə görə "çılğın alim" kimi populyarlıq qazanan Nikola Tesla 7 yanvar 1943-cü ildə Nyu-York şəhərində vəfat edib və Serbiyada Nikola Tesla Muzeyində dəfn olunub.

 - Nikola Tesla-elektrotexnika və radiotexnika sahəsində ixtiraçı, mühəndis, fizik. Avstriya-Macarıstanda doğulub boya-başa çatmış, sonrakı illərdə əsasən Fransa və ABŞ-da işləmişdir. 1891-ci ildə Amerika vətəndaşlığı almışdır. Sənaye inqilabının ikinci mərhələsini inkişaf etdirməyə imkan verən dəyişən cərəyanda işləyən qurğuların, çoxfunksiyalı sistemlərin və elektrik mühərrikinin yaradıcısı olmuşdur. Maqnit axını sıxlığının ölçülməsi vahidinə Teslanın adı verilib. O, E. Kresson, C.  Scott, T. Edison  medallarına layiq görülüb.
       Serb alimi  Nikola Teslanın  Bakıda, Azadlıq prospekti ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində abidəsi ucaldılıb, adına bağ və park var. Abidənin müəllifləri Azərbaycanın Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və Memar Sənan Salamzadədir.

  • İradə və hərəkətimizdə sərbəst olsaq da, biz birik və göydəki ulduzlar kimi bir-birimizə qırılmaz tellərlə bağlıyıq. Bu tellər görünmür, amma biz onu hiss edirik. Mən barmağımı kəsirəm və barmağımdan qan axır: bu barmaq mənim bir hissəmdir. Mən dostumun ağrısını görürəm və bu ağrı mənə də təsir edir. Biz dostumla vahid bir varlığıq. Mən bütün kainatda ən az yazığım gəldiyi məğlub  düşməni seyr edəndə belə kədərlənirəm. Məgər bu, bizim hamımızın  bütöv bir vahidin hissəcikləri olduğumuza sübut deyilmi?  
  • İnsan haqqında danışarkən bütövlükdə bütün bəşəriyyəti təsəvvür edirik və ayrıca bir şəxsə elm metodlar tətbiq edərkən bu fiziki faktı nəzərə almaq lazımdır. Məgər bu gün bu milyon fərdlərin, sonsuz tiplərin, xarakterlərin bütöv bir vahid təşkil etməsinə kimsə şübhə edə bilərmi?
  • Tənhalıqda ağıl daha kəskin olur. Düşünmək və icad etmək üçün böyük bir laboratoriyaya ehtiyac yoxdur. İdeyalar xarici şərtlərin ağıla təsir göstərməməsi şəraitində yaranır. İxtiraçılığın sirri tənhalıqdadır. İdeyalar tənhalıqda yaranır.
  • Tarixdə ən böyük olan bu müharibə nəticəsində bəşəriyyətin etdiyi qurbanlara haqq qazandıracaq yeni bir dünya yaranmalıdır. Bu yeni dünya güclülərin zəifləri, yaxşıların pisləri istismar etmədiyi, varlıların kasıbları alçatmadığı, ağılın, elmin, sənət əsərlərinin həyat şəraitini yüngülləşdirmək və yaxşılaşdırmaq üçün ayrı-ayrı şəxslərin sərvət toplamasına yox, bütövlükdə bütün cəmiyyətə xidmət edən bir dünya olacaq. Bu yeni dünya alçaldılmış və əsarət altına alınmış insanların olmadığı bir dünya ol Bu dünya ləyaqət və hörmətdə bərabər, azad insanlar və xalqlar dünyası olacaqdır.
  • Təbiət qədər insanın diqqətini cəlb edə biləcək və araşdırma mövzusu olmağa layiq başqa bir şey yoxdur. Onun nəhəng mexanizmini dərk etmək, yaradıcı qüvvələrini kəşf etmək və onu idarə edən qanunları bilmək insan ağlının ən böyük məqsədidir.
  • Tələbə səhv edərsə, bu bir o qədər qorxulu deyil. Əgər böyük zəka sahibləri səhv edərsə, bu, dünyaya çox baha başa gələr.
  • Mənim beynim yalnız qəbuledici bir qurğudur. Kosmik məkanda bilik, güc, ilham aldığımız hansısa bir mərkəz var. Mən bu mərkəzin sirlərinə nüfuz etməmişəm, amma onun mövcud olduğunu bilirəm.
  • Təbiətlə ünsiyyət vücudumu və ağılımı gücləndirdi.
  • Onun istedadları fonunda mənim istedadım çox solğun görünürdü. Mənim tərifə layiq bütün hərəkətlərim valideynlərimdə itki hissi oyadırdı. Ona görə də mən özümə güvənmədən böyümüşəm.
  • Əgər mənim qarşımda hansısa bir yorucu vəzifə dururdusa, mən ona təkrar-təkrar qayıdır və onu etməyənə qədər sakitləşmirdim. Beləliklə, mən günlərlə, səhərdən axşama qədər onlarla məşğul olurdum. Əvvəlcə bu, meyllərə və arzulara qarşı güclü əqli səy tələb edirdi, lakin illər keçdikcə bu ziddiyyət zəiflədi və nəhayət, mənim iradəm və istəyim eyni oldu. Bu gün də belədir və mənim bütün uğurlarımın sirri bundadır.
  • İntuisiya dəqiq biliyi üstələyən bir şeydir. Şübhəsiz ki, beynimiz çox həssas sinir hüceyrələrinə malikdir və bu, məntiqi nəticələrin və ya zehni səylərin müəyyən edə bilmədiyi həqiqətləri hiss etməyə imkan verir.
  • Sivilizasiyanın yayılmasını odla müqayisə etmək olar. Bu, əvvəlcə zəif bir qığılcım, sonra sayrışan bir od, daha sonra isə sürətli və güclü bir alov.
  • İndiyə qədər nə etmişəmsə, bunu bəşəriyyət üçün etmişəm; varlılar tərəfindən yoxsulların alçaldılması və sıxışdırılması olmayacaq bir dünya naminə.
  • Hətta ən kiçik varlığın hərəkəti bütün kainatda dəyişikliklərə gətirib çıxarır.
  • Mənə modellər, təsvirlər, təcrübələr lazım deyil. İdeyalarım yarananda təsəvvürümdə cihaz qurmağa başlayıram, konstruksiyanı dəyişirəm, onu təkmilləşdirir və işə salıram. Mənim üçün cihazın fikirlərimdə, yaxud emalatxanamda sınaqdan keçirililməsinin heç bir fərqi yoxdur- nəticələr eyni olacaqdır.
  • Dünyamız böyük bir enerji okeanında yerləşir və biz bu sonsuz məkanda ağlasığmaz bir sürətlə uçuruq. Ətrafda hər şey, bütün enerji fırlanır, hərəkət edir. Qarşımızda bu enerjini əldə etməyin üsulunu tapmaq kimi çox böyük bir vəzifə durur. Əgər bu tükənməz mənbədən bu enerjini ala bilsək, o zaman bəşəriyyət nəhəng addımlarla irəliləyəcəkdir.
  • O vaxtdan 80 il keçdi və mən yenə də özümə “elektrik nə olan şeydir?” sualını verirəm , amma cavab verə bilmirəm.
  • Mən tamamilə üzülmüşəm, amma işimi dayandıra bilmirəm. Mənim eksperimentlərim o qədər vacib, o qədər gözəl, o qədər təəccüblüdür ki, yemək yeməyə ərinir, yatanda belə onları düşünürəm. Güman edirəm ki, ölənə qədər işimi davam etdirəcəm.
  • Mən dünyanı parçalaya bilərdim, amma bunu heç vaxt etməyəcəyəm. Mənim əsas məqsədim yeni hadisələri qeyd etmək və yeni tədqiqatların başlanğıc nöqtəsi olacaq ideyaları yaymaqdır.
  • Varlığımızın böyük sirlərini hələ açmaq lazımdır. Hətta ölüm belə son olmaya bilər.
  • Nə qədər insan məni xəyalpərəst adlandırıb, gələcəyi görə bilməyən dünyamız məni ələ salıb. Eybi yox, zaman hər şeyi mühakimə edəcək.
  • Mən stansiyamın tikintisini başa çatdırmalıyam. Bu, bəşəriyyəti bir əsr irəli aparan bir addım olacaq.
  • Mən nəhayət ki, ildırımın gücünü üstələyən enerji yaratmağı bacardım.
  • Mən bu gün üçün yox, gələcək üçün çalışıram..
  • Hər hansı bir dövlətə hücum etmək imkanı yoxdursa, müharibələr sona çatacaq.
  • Müasir elm adamları aydın düşünmək əvəzinə dərindən düşünürlər. Aydın düşünmək üçün sağlam düşüncəyə malik olmaq lazımdır, dərin düşünməyi isə dəli də bacarır.
  • “ Başından yuxarı tullana bilməzsən” ifadəsi sizə tanışdır? Bu yanlış fikirdir. İnsan hər şeyi edə bilər.

Tərcümə etdi: Şakir Millət oğlu Qurbanov