Xəbər verildiyi kimi, Ombudsman Azərbaycan əsgərlərinə qarşı törətdilən işgəncə faktlarına dair Hesabat hazırlayıb. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin törətdiyi beynəlxalq hüquq və humanitar hüquq normalarının pozuntuları ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaqda davam edir. O öz mandatı çərçivəsində müvafiq dəlil və sübutların toplanılması və təhlil edilməsi nəticəsində əldə edilmiş materiallar əsasında hesabat hazırlayıb.
Hesabat Ermənistan və Azərbaycan arasındakı münaqişə zamanı Ermənistan silahlı qüvvələrinin əsir götürdükləri Azərbaycanlı əsgər və hərbi qulluqçulara qarşı törətmiş olduğu işgəncə, qeyri-insani və alçaldıcı rəftar faktlarını əyani sübutlarla özündə əks etdirir.
Hesabatda əsir götürülmüş hərbi qulluqçulara qarşı törədilən işgəncə, qeyri-insani və alçaldıcı rəftar halları ilə yanaşı, Azərbaycanlı hərbi qulluqçuların meyitləri üzərində edilmiş təhqiramiz və alçaldıcı, vandal hərəkətləri özündə əks etdirən, o cümlədən işgəncə faktlarının gizlədilməsi məqsədilə meyitlərin kütləvi şəkildə dəfn edilməsi və digər bu kimi faktlar qeyd edilib.
Ermənistanın beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozmaqla törətdiyi müharibə, sülh və insanlıq əleyhinə cinayətlərinə görə ədalət mühakiməsi qarşısında cavab verməsi məqsədilə ciddi tədbirlərin görülməsi üçün beynəlxalq təşkilatlara çağırış edilib və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına, habelə insan hüquqlarının müdafiəsi və təbliği ilə məşğul olan digər beynəlxalq qurumlara göndərilib.
Çox hörmət bəslədyim Səbinə xanımın bu zəhmətinə yüksək qiymət verir və onun bu təşəbbüsünü alqışlayıram. Ümumiyyətlə, Səbinə Əliyevanın bu vəzifədə çalışdığı qısa bir dövrdə gördüyü işlər çox məhsuldar olub və onun müxtəlif səpgidə aktual çıxışlarının şahidiyik.Bir sözlə,Səbinə xanım öhdəsinə düşən vəzifəni vicdanla yerinə yetirir və dövlətimiz,ölkəmiz üçün faydalı və lazımlı materiallarla çıxış edir.
Amma onun bu haqlı çıxışlarına,bəyanatlarına,hesabatlarına nə Avropa ölkələri, nə Amerika dövləti reaksiya vermir və vermək də istəmirlər. Demokratiyadan,insan azadlıqlarından pafoslu çıxışlar edirlər, lakin ermənilərin vəhşiliklərini, Azərbaycan xalqına qarşı düşmənçilk siyasətlərini,terroru,vandalizmi görmürlər,kor və lal olurlar.
Görəsən, onların niyə səsi çıxmır? Yurdumuzda daşı-daş üstündə qoymayan, müqəddəs yerlərimizi uçurub-dağıdan,içərisində donuz saxlanılan məscidlərimizi görməzliyə vuran bu “demokratlar” Şuşada erməni kilsəsinə mərmi dəydiyi barədə haray-həşir qaldırır,erməni qəbiristanlıqlarını himayəmizə götürməyə çağırırlar.
Qərb mədəniyyəti deyə- deyə bağırırlar.Müharibə bölgəsindən çox-çox uzaqda olan Gəncədə, Bərdədə, Tərtərdə törədilən vəhşiliklər nəticəsində çoxsaylı mülki insanların həlak olması ilə bağlı sadəcə başsağlığı vermədilər,dərdimizə şərik olmadılar.Qərb mədəniyyəti budurmu?! Cinayəti görüb susan, cinayətkarı silahlandıran, onu şirnikləndirən, belələrini hər vasitə ilə himayə edənlərin özləri də cinayətkardır.
İndi, çox hörmətli Səbinə xanım, hesabatla iş bitmir. Bu hesabatı istər Avropa Şurasında,istərsə də BMT-də Jon, Mayk,İvan-zad mürgüləyə- mürgüləyə dinləyib,elə orda da unudacaqlar. Deyək ki, hansısa bir qətnamə də qəbul etdilər. Amma bunun Azərbaycan dövlətinə bir faydası olacaqmı? Əsla yox!
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Birliyi, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların mövcud münaqişə ilə bağlı çoxsaylı qətnamələr qəbul etməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də bu tələblərə etinasız və saymazyana yanaşmaqda davam edir.
Bəs çıxış yolu nədədir?
Hər şeydən əvvəl, biz ermənilərin bu vəhşiliklərini, onun təşkilatçılarının törətdikləri cinayətləri sübut edən faktları beynəlxalq məhkəmələrə təqdim etməlyik.İnterpola verilən canilər tutulmalı və məhkəmə qarşısına çıxarılmalıdırlar.
Bildiyimiz kimi, Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı (BMT Nizamnaməsinin 92-ci maddəsinə görə) (The International Court of the UN) var və bu məhkəmə BMT-nin baş məhkəmə orqanıdır. Qərargahı Niderlandın Haaqa şəhərindəki Barış Sarayındadır.
Erməni cinayət faktlarını bu orqana,yaxud Yaxud Avropa İnsan Hüquqları Məhkəməsinə niyə təqdim etmirik?
30 il idi ki, ən mötəbər beynəlxalq tribunalarda müxtəlif bəyanatlarla, hesabatlarla çıxış edirdik.Xeyri oldumu? İndi biz ermənilər üzərində qətiyyətli qələbə çaldığımız kimi, onun sərbəst gəzən canilərini də cəzalandırmalıyıq .
Şakir QURBANOV
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə dərc edilib: İstiqamət: 6.3.4)