booked.netbooked.net booked.net  

Azərbaycan qabaqcıl ölkələrin təcrübəsindən istifadə edərək yerlərdə idarəetmənin bələdiyyə üsul-idarəsini tətbiq edən ölkələr sırasındadır. Ümumi idarəetmənin tərkib hissəsi olan bələdiyyələrin hüquq və vəzifələri müəyyən qanunlarla tənzimlənir, hər il dövlət bu qurumlara milyonlarla vəsait ayırır. Amma, çox təəssüf ki, bələdiyyə təşkilatları işlərini hələ də effektli şəkildə qura bilmirlər. Neçə illərdi buna müxtəlif səbəblər göstərilir, analizlər edilir, nəticə isə yenə də eynidir, heç bir irəliləyiş yoxdur. Bəs necə etmək, hansı proqramı tətbiq etmək lazımdır ki, bələdiyyələrin fəaliyyəti canlansın, müasir idarəetmənin əsl avanqardına çevrilsin. Variantlar çoxdur. Dövlətin də bu istiqamətdə “regionların iqtisadi inkişafı” və s. müxtəlif proqramları var.  Yenə də təəssüflə etirah etməliyik ki, gözlədiyimiz,ümid etdiyimiz effekti ala bilmirik.

Hər şeydən əvvəl, bunun başlıca səbəbi bələdiyyə-vətəndaş münasibətində bir uzaqlıq müşahidə olunmasındadır. Sakinlərlə əlaqə yoxdur,qarşılıqlı inam itib, laqeydlik hökm sürür.

Qeyd edək ki, hazırda Azərbaycanda 1.606 bələdiyyə fəaliyyət göstərir. Bu sektorda 15 mindən artıq bələdiyyə üzvü, təxminən 16 min nəfərə yaxın bələdiyyə qulluqçusu çalışır.

Bələdiyyə gəlirlərinin formalaşması və ondan istifadə məsələsi, yerli özünüidarəetmə institutunun konkret statusu indiyədək müəyyənləşməyib və onlara normal səlahiyyətlər verilməyib: "2018-ci il üzrə bələdiyyələrin illik gəlirləri təxminən 36 milyon manat idi. Biz bu rəqəmi bütün bələdiyyələrin sayına bölsək, ildə hər bir bələdiyyəyə orta hesabla təxminən 22 min manat vəsait düşür.

Yerli özünüidarəetmə orqanları qanunla müəyyən edilmiş qaydada torpaq vergisi, mədən vergisi toplamalı, özünün müəssisəsi varsa, mənfəət vergisindən gəlir götürməlidir.

2018-ci ildə ümumi bələdiyyələrin 36 milyon manat gəlirinin
14 milyon manatı və ya 38,7 faizi vergi daxilolmaları hesabına formalaşıb.

Azərbaycanda bələdiyyələrin əksər hissəsinin aylıq gəliri min manatdan aşağıdır. İllik gəlirləri 20 min manatdan artıq olan bələdiyyələrin sayı isə 10-12-yə çatır. Bu məbləğlərlə iş qurmaq, normal fəaliyyət göstərmək mümkün deyil. Qanunvericiliklə bələdiyyənin gəlir mənbələri müəyyən olunub. 2018-ci ildə ümumi bələdiyyələrin 36 milyon manat gəlirinin 14 milyon manatı və ya 38,7 faizi vergi daxilolmaları hesabına formalaşıb. Burada fiziki şəxslərdən toplanan torpaq vergisinin payı 5,7 milyon manatdır. Bu da ümumi gəlirlərin 15,8 faizinə bərabərdir. Fiziki şəxslərdən toplanan əmlak vergisi isə 7,8 milyon manat və ya 23,6 faiz olub. Ötən il torpaqların özəlləşdirilməsindən 13,1 milyon manat vəsait toplanıb ki, bu da bütün gəlirlərin 37,5 faizini təşkil edir. Bununla yanaşı, hər il dövlət büdcəsindən 5 milyon manatlıq dotasiya ayrılır.

Göründüyü kimi, bələdiyyələr üzrə məlumatlar əsasən vergi toplamaq üzərində qurulub. Bələdiyyələrin inkişaf etməməsinin əsas səbəbi məhz vergi toplamaq vəzifəsinin bələdiyyələrə həvalə edilməsidir. Vergini qoy vergi orqanları toplasın. Bələdiyyə isə iqtisadiyyatla məşğul olmalıdı.

Yaşlı nəsil yəqin ki, SSRİ-də mövcud olan kolxoz və sovxoz təsərrüfatlarını xatırlayırlar.Müstəqillik  illərində bu strukturlar ləğv edildi. Amma indi tam da olmasa,həmin strukturların müəyyən hissəsini bələdiyyələrə tətbiq etmək olar.

Hamımıza məlumdur ki, bələdiyyələrin tabeçiliyində olan torpaq sahələri var və bu torpaqlardan birbaşa məqsədlər üçün istifadə edilmir, əksər hallarda isə boş qalır, heç bir kənd təsərrüfatı məhsulu yetişdirilmir. Halbuki, bələdiyyələr öz səlahiyyətləri çərçivəsində onlara məxsus torpaqlarda pambıq, taxıl əkə, baramaçılıqla, üzümçülüklə məşğul ola bilərlər. Yerli sakinləri bu işlərə səfərbər edərək bələdiyyə təsərrüfatları qura bilərlər.

Qısa bir araşdırma aparaq:

Çox demirik, 10 hektar torpaq sahəsində görün nələr yaratmaq olar?

  1. 0,5 hektar- süni göl yaratmaq və balıqçılıq təsərrüfatı qurmaq. 3-cü ildə bu təsərrüfatdan bir ayda 15-20 min manat gəlir götürmək olar.
  2. 1 hektar kartof əkmək. Bu 15-20 ton kartof deməkdir.Gəlir təxminən 10-15 min manat;
  3. 1 hektar soğan əkmək-bu da 10-15 ton məhsul deməkdir;
  4. 1 hektar pamidor-10-15 ton məhsul;
  5. 1 hektar kök;
  6. 1 hektar çuğundur;
  7. 1 hektar arpa –heyvan bəsləmək üçün;
  8. 1 hektar qarğıdalı- heyvan bəsləmək üçün;
  9. 2,5 hektar yonca sahəsi- heyvan bəsləmək üçün;
  10. 50 baş iribuynuzlu heyvan bəsləmək.

Bu siyahıya başqa, məsələn üzüm, pambıq, baramaçılığı da əlavə etmək olar. Ümumilikdə götürəndə, 10 hektar sahədən hər sezon təxminən 100-200 min manat gəlir əldə etmək olar.Bu təsərrüfatda nə qədər adam işləyə bilər. Perspektivdə isə bələdiyyənin müxtəlif yerlərdə, lap elə şəhərlərdə xüsusi mağazalarını açmaq olar (“İvanovka” nümunəsi).

Yəni,bələdiyyələr fəaliyyətlərini təxminən bu istiqamətdə qurarlarsa, tez bir zamanda güclü bir təsərrüfat oyektinə çevrilə bilərlər. O zaman dövlətdən maliyələşməyə ehtiyac qalmaz, əksinə, bələdiyyələr dövlətə kömək göstərmiş olarlar.

Şakir QURBANOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb: İstiqamət: 6.3.11)

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN