booked.netbooked.net booked.net  

 Radiodan eşidirəm: “Son çərşənbədə...

Gecə qapılara papaq atmışıq.                  

Evlərdən-evlərə gəzib-dolaşıb,               

İlk xoruz banında gəlib yatmışıq...”

 

 Mən uşaq olanda son çərşənbədə 

 Evlər bir-biriylə bayramlaşardı.

Tonqallar qalanar,“torba sallanar”,        

 Hamının sevinci aşıb-daşardı.   

                                                                     

Maska, bəzək ilə tanınmaz olub, 

Bayram sovqatını belə alardıq.   

Səsdən tanıyardı, tanıyan olsa,    

Ümumən şənlənib, razı qalardıq...

 

Torba atanları gözləyərdilər,

Qapı açıq olar, it bağlanardı.

Tanınan olanı əzizlərdilər,           

Həyət işıqları lap gec yanardı.

 

Varlı da, kasıb da eyni düşünər,             

Qapı, darvazalar açıq olardı.       

Bərəkət gələrdi bütün evlərə,

“İlaxır” yaddaşda belə qalardı...

 

Bayram axşamında açıq qapının

Halallıq sahibi-ev yiyəsidi.          

İndi hasarlıdı varlının evi,

Bağlı qapıları kim döyəsidi?..

 

Mənəvi aşınma alıbdı başdan,

Bu gün qapılara atılanları.

İstərdim qınayaq ziyalı kimi

Papaq söbətinə qatılanları.

 

Buxara papağı kim idi atan?!                  

Şəhərdə şlyapa payını alıb.          

Torba əvəzinə bu şlyapalar                     

O vaxtdan yaddaşda papaqtək qalıb.

 

Başda papağını namus, ar bilib,

Sanballı kişilər, sanballı ərlər.

Evlərdə yuxarı başdan asılıb,

Papağa and içib söz kəsərdilər.

 

Papaqla bığ idi müqəddəs olan,

Bu ki, dünənəcən həqiqət idi.

Bığlı kişilərdə olsaydı yalan        

Bığına xəyanət, həqarət idi.

 

İndi başqa zaman, özgə biçimdi,             

Kişilər at minmir-kəhərdən düşüb.         

Nə başda papaq var, nə “sifətdə bığ”,

Yoxsa ki, dəyərlər dəyərdən düşüb?!

 

Düşünək keçmişin ərənlərini,                 

Gəlin, qapılara papaq atmayaq!              

Qoruyaq kişilik dəyərlərini,                                

Torpaqlar işğalda- gəlin yatmayaq!       

         Yusif Millətoğlu, 20.03.2017

P.S,- Yusif Millətoğlunun bu şeiri "Mərzili elatı-tərəkəmə həyatı" kitabından götürülüb. Şeir 2017-ci ildə yazıldığından,  "Torpaqlar işğalda-gəlin yatmayaq" misrası torpaqlarımızın erməni işğalı altında olduğu dövrə təsadüf edir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN