booked.netbooked.net booked.net  

İyul ayının 3-cü həftəsi başlayıb. İstidən küçədə nəinki nəfəs almaq, yerimək də çətinləşib. 

  Amma havanın isti, ya soyuq olmasının dərd-sərinin çuval dolu yükü ilə qapı-qapı gəzən şikayətçilər üçün əhəmiyyəti azdır, çünki başqa yolları yoxdu...

Elə buna görə də əli hər yerdən üzülənlər “Azərbaycan” nəşriyyatında yerləşən - dərdlərini qələmə alan tək-tük qəzetlərə, internet TV-lərə üz tuturlar... 

Bu istidə mən də “Azərbaycan” nəşriyyatına tələsirəm. 

***

...Səhər tezdən “Azərbaycan” nəşriyyatındakı iş otağımıza yenicə çatmışam. Hələ bəzi əməkdaşlar işə gəlməyiblər. İlk işimiz kondisioneri və kompyuterləri cərəyana qoşmaqdır. Bilirik ki, bir azdan hansısa şikayətçi gələcək - onların sualına cavab verməli, şikayətini dinləməli olacağıq.

...Budur, qapı döyülür - “buyurun” deyirik. Ahıl yaşlı, ayaqlarını sürüyərək yeriyən kişi salam verib, kefimizi soruşur və həmişəki kimi məlul-müşkül üzümüzə baxır.

Hüseyn Hacızadə qəzetin ən "stajlı" şikayətçilərindən biridir.

Bəlkə də 10 ildir gəlir. Bəzən də əlində hansısa məhkəmənin, idarənin sənədi ilə - uşaq əlinə konfet verib sakitləşdirən kimi, bu ziyalı, dünyagörmüş insanın da hər dəfə əlinə belə möhürlü kağızlardan verib göndərirlər... Beləliklə, növbəti ötür-ötür oyunu başlayır... Onun ümumilikdə 30 ilə yaxındır döymədiyi qapı qalmayıb.

Gəlib gedə-gedə, dərdini yanaraq, başından tüstüsü çıxaraq danışa-danışa gözlərimizin önündə sağlamlığını itirdi, yaşlandı. Artıq yaşı 80-ə yol alıb...

Onun şikayəti ilə əlaqədar redaksiyamızın əməkdaşları neçə-neçə yazı hazırlayıb, aidiyyəti qurumlara onlarla məktub və teleqram göndərilib...

Jurnalistin, mətbuatın əlindən nə gəlirsə, edə bildiyimiz qədər edilib, hətta yaxın münasibəti olan şəxslərdən (aralarında deputat da var) xahiş də olunub ki, bəlkə bu məsələyə kömək edə bilər, amma nə faydası... İş daşa dirənib, həm də sinəsində ürək əvəzinə, daş gəzdirənlərin özləri boyda daşa...

***

Haşiyə: 1993-cü ildə Ağdamdakı ev-eşiyi ermənilər tərəfindən yağmalanan, yandırılan Hüseyn Hacızadə çoxları kimi Bakıya pənah gətirib.

Qarabağdan olan bir qrup məcburi köçkün ailəsi 1994-cü ildə rəsmi qaydada “Azərneftyağ” zavodunun baş direktorunun imzaladığı müqavilə əsasında Bakı şəhəri, Nobel prospekti 23-də yerləşən 1364 kv.m neftlə çirklənmiş ərazini və 80 kv.m uçulub-dağıdılmış tikintini icarəyə götürürlər. Tikinti-abadlıq işlərinin aparılması üçün rəsmi icazə alırlar, erməni işğalından sonra əllərində qalan vəsaiti bir yerə toplayıb, gecə-gündüz işləməklə 18 ədəd boks və yardımçı binalar (yeməkxana, yuyunma otağı, kabinetlər və s.) tikib-yaradıblar və əlavə olaraq 780 kv.m-lik tikinti işləri aparıblar.  Ədliyyə Nazirliyindən “Xüsusi mülkiyyətçi” kimi rəsmi qeydiyyatdan keçiblər, qanuni müqavilə ilə məcburi köçkünlər və şəhid ailələrinin üzvləri kimi avtomobillərə texniki xidmət göstərməyə başlayıblar. Vaxtlı-vaxtında icarə haqqını ödəyiblər.

...1997-ci ildə mərhum prezident Heydər Əliyev kiçik müəssisələrin Dövlət Əmlak Komitəsinin (Özəlləşdirmə İdarəsinin) nəzdinə verilməsi haqqında fərman imzaladıqdan sonra müəssisənin DƏK-in nəzdinə keçməsi üçün komitəyə müraciət edirlər. Oradan bildirilir ki,  “Azərneftyağ” zavodunun rəhbərliyini məlumatlandıraraq sənədləri komitəyə təqdim etməlidirlər.

Lakin sən saydığını say, gör məmurlar nə sayır...

Daha sonra həmin zavodun rəhbərliyi onlara hədə-qorxu gələrək, oradan getmələrinin tələb edir (Hadisədən xəbər tutan keçmiş daxili işlər naziri Ramil Usubovun etdiyi xəbərdarlıq sayəsində həmin şəxs bir müddət sakitləşir. Lakin müəssisəyə müxtəlif vasitələrlə mane olunmağa çalışılır  - işıqlar söndürülür və s.).  Həmin məmur tabeçiliyindəki işçilərin imzası ilə saxta aktla onların xüsusi mülkiyyətini birtərəfli qaydada, cəmi 42 milyon manat (keçmiş Azərbaycan manatı ilə, təqribən 8 min ABŞ dolları) qiymət qoydurur, hansı ki, belə bir qiymətləndirmə səlahiyyətləri olmayıb. Onu bank vasitəsilə müəssisənin hesabına köçürtdürür və işçilərini müəssisəsəyə buraxmır...

Baş verənlərdən sonra məhkəməyə müraciət edirlər və Məhkəmə Ekspertizası İnstitutunun ekspertləri tərəfindən müəssisə 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilir. Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılır və sonuncu dəfə 121 min manat qiymət qoyulur (2002-ci ilin qiymətləndirilməsi ilə).

Yuxarıda qeyd edildiyi kimi, həmin vəsaitdən yalnız 8100 ABŞ dolları ödənilir və söz verirlər ki, qalanını da müəyyən vaxt ərzində ödəyəcəklər, amma....

Sonradan həmin ərazidə Boks Federasiyasının zalları tikilir.

Hüseyn Hacızadə bundan sonra fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin qəbulunda olur. Nazir müavini də onu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Komitəsinə göndərir.

Hüseyn Hacızadənin sözlərinə görə, 780 kv.metrlik sökülən tikintinin yalnız 6 m eni, 62 m uzunluğunda olan ərazinin hazırda tikilməkdə olan sahəyə, qalan hissənin (eni 16 m, uzunluğu 62 m) isə yol tikintisinə düşdüyünü bildiriblər.  Şikayətçi də onların təklifi ilə razılaşıb, ancaq bir həftədən sonra yenidən komitəyə çağırılıb və orada ondan bir həftə öncə verdikləri sənədi geri istəyiblər (?).

Hüseyn Hacızadə işin nə yerdə olduğunu başa düşüb, hətta onların istədiyi şəkildə razılığa gəldiyini də bildirib. Yəni onların nəzərdə tutduğu eni 6 m, uzunluğu 62 metr olan sahənin yarısı ilə belə razı olub. Ancaq aradan uzun müddət keçməsinə baxmayaraq, komitədən heç bir reaksiya yoxdur. Hüseyn Hacızadə isə bu illər ərzində qalaq-qalaq sənəd yığıb, obyektinin fotolarını yadigar kimi saxlayıb...  

Şikayətçi dəfələrlə Orucəli Hacıyevin (FHN-də) və digər müavinlərin qəbuluna getsə də, onlar bu problemin həllinin məhz fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan asılı olduğunu deyiblər...

İndi o, üç ildən çoxdur ki, nazir Kəmaləddin Heydərovun  qəbuluna düşə bilmir...

...Hüseyn Hacızadəyə dərdinin çarəsi Kəmaləddin Heydərovda olduğu deyiləndən sonra onun qara günləri lap zülmətə dönüb.

Hər gecə yatanda Kəmaləddin Heydərovun kabinetini görür, o mübarək üzünü gözləri önündə canlandırır, dərdini danışır. Deyir ki, hər dəfə dərdimi danışandan sonra nazir hönkür-hönkür ağlayır. Daha sonra qapıda dayanan gözətçilərinə əmr edir ki, filankəslərin hamısını çağırın bura, bəs niyə bu işi indiyəcən unudublar, bu boyda hörmətli ağsaqqalı illərdir süründürməçiliyə salıblar...

Elə Hüseyn Hacızadə də “söhbətin” şirin yerində, nazir az qala o sehrli telefonla kiməsə zəng vurub, göstəriş vermək istəyəndə, qəfil yuxudan oyanır...

İndi illərdir ki, Hüseyn Hacızadə o rəngli yuxunu görür. Oyananda da telefon zəngi gözləyir. Deyir, əlbət bir gün yada salarlar məni. Əvvəllər əlaqədar qurumların qapısın tez-tez döyüb yadlarına salırmış sağ-salamat olduğunu. Amma koronavirusa yoluxma və sinir xəstəlikləri, təzyiq, üstəlik, şəkər onu əldən salıb.

Hətta sözləri belə düzgün tələffüz edə bilmir. Təsəllini “Təzadlar”a - redaksiyaya gəlməkdə görür. Və hər gələndə də bizlə bir az dərdləşir. “Səbr edin, inşallah, hər şey həllini tapar” deyirik.

Sözlərimizə inanır, gücümüzə güvənir, bir gün “ağ qoç”un “qara qoç”a qalib gələcəyinə ümid edir...

Heç olmasa, bircə qız övladının əlindən aldığı, həmçinin ona güvənib əlində-ovcunda olanı həmin müəssisəyə yatıran köçkünlərə dağıdılmış əmlakın əvəzinə qaytarılacaq vəsaitdən pay verməsini istəyir və bir də Ağdama gedə bilməyi. Oraların havasından udub, az da olsa yaşamağı. Ömür vəfa edərsə...

İndi yenə də ümidlə gəlib... Fikirləşir ki, bəlkə kimsə bizə nəsə deyib, yaxud cavab məktubu göndərib...

Daha verəcək sözümüz, edəcək təsəllimiz də qalmayıb. Hər qapını döyəndə o, sıxılır, hər onu görəndə isə mən utanıram... “Tütək səsi” filmindəki poçtalyon Millinin vəziyyətindəyəm. Müharibəyə getmiş oğlundan məktub gözləyən qocaya oğlunun “qara kağız”ını vermir, gizlədir. Düşünür ki, bəlkə möcüzə baş verər, qayıdıb gələr, bəlkə bu xəbəri verməsə, bu qocanın ömrü uzanar...

Əslində, bu illər ərzində bilirəm ki, bu ötür-ötür oyununda onun gözünü dikdiyi bütün pullar “itirilib-batırılıb” - xoş xəbər verə bilməyəcəyəm ona. 

Lakin bu ahıl yaşlı insanın qışın soyuğunda, yayın istisində nəşriyyata nə əzab-əziyyətlə gəldiyini də  düşünürəm...

***

Belə şikayətçilər az deyil, illərlə redaksiyaya gələnlər var. Hər yerdən əli üzülənlər, məhkəmələrdə süründürülənlər, canı boğazına yığılanlar bura gəlir.

Daha bir evli kimi olmuşuq onlarla – şikayətlərinə qulaq asa-asa dərdimiz bilirik dərdlərini. Çalışırıq həll edilməsinə kömək olaq, hansısa imkanlardan istifadə edək. Bəzən bizdən mümkün olduğundan daha artıq nələrsə gözlənilir...

Amma biz ölkənin güc strukturu, məhkəməsi, nazirliyi, qanunverici orqanı... deyilik. Biz dinləyirik, yazırıq, zəng edirik, məktub göndəririk və s...

Bəs bu insanların haqlı ikən haqqına girənlər, onların övladları bir tikəyə möhtac ikən öz övladlarına xaricdə milyonluq əmlaklar alanlar, təhsil verənlər, xarici banklarda çirkli pullarını yumağa çalışanlar, görəsən, gecələr necə rahat yata bilirlər?

Necə vicdansızcasına müxtəlif yollar tapırlar - işi uzadırlar, gözləyirlər şikayətçi ya bezə, ya da ölə..

Axı necə yeyə bilirsiniz məzlumun malını, necə tapdaya bilirsiniz arxasızın haqqını? Niyə bu insanların dərdini çözmürsünüz ey bu işlər üçün təhkim edilənlər, vəzifə verilənlər?..

Niyə yazıq, miskin günə qoyursunuz bu naəlac, üz tutmadıqları qapı qalmayan binəvaları. Nədir onların günahı, niyə eşitmirsiz səslərini – ahlarını, axı biz eşidirik hər gün neçə-neçə biçarənin dərdini.

Kiminin olan-olmazın əlindən alıb mənzil satırlar, sonra da məlum olur ki, həmin mənzil beş adama satılıb, kiminin övladı günahsız cəza çəkir, kimisi “öz xahişi” ilə işdən çıxarılır, kimi əlil ola-ola əlillik ala bilmir, kimi də....

İndi də Hüseyn Hacızadə Kəmaləddin Heydərovun onu nə zaman qəbul edəcəyi günü gözləyir. İllərdir ki, gözləyir... Ömrü çatan qədər də gözləməyə məhkumdur.

Çünki uman yeri ordadı. Onu heç kim ovundura, bu yoldan döndərə bilməz!

...Kəmaləddin Heydərov isə təkcə nazir deyil, həm də könül adamıdır – bəstəkardır. Neçə-neçə qəlb ovsunlayan mahnıların musiqisinin müəllifidir. Belə insanlar fərqli olurlar – ruh adamı, duyğusal, kövrək, qəlb sındırmayan, ədalət tərəzisi düzgün... Amma...

Cənab Kəmaləddin Heydərov, Hüseyn Hacızadəni qəbul edin, onun ümidi sizədi.

Bu insanla illərdir ki, ötür-ötür oyunu oynanılır. Verəcəyiniz qərardan asılı olmayaraq, onu dinləyin. Ya haqqı olan özünə qaytarılsın, ya da birdəfəlik “gözünü çək” deyilsin!

Həm bizim, həm də bu binəva insanın zamanına heyfiniz gəlsin!

P.S. Hüseyn Hacızadə bu mövzuda mənim də yazı hazırlamağımı istəmişdi...Deyir, bəlkə sənin əlin düşərli olar.

Mən də yazdım, müraciət etdim... Gerisi qaldı söz sahiblərinin bu sözü eşidib, yaxud qulaqardı edib eşitməyəcəklərinə... Amma təkcə onu bilirəm ki, kimsə vəzifəsindən, imkanından... istifadə edib kimsənin haqqını yeyə bilsə də, bir gün haqq-ədalət sahibi çərxi-fələyi döndərib o insana həyatı başa salır...

Biz də ümid edək ki, məktub sahibinə yetişəcək...

 

Yasəmən MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN