Müstəqillik əldə olunandan sonra rus dilini xarici dillər qrupuna keçirərkən vəziyətə nəzarəti həyata keçirmədik.

Bu fikirləri təhsil mütəxəssisi Nadir İsrafilov, son vaxtlar valideynlərin övladlarını rus dili bölmələrində təhsil alma istəyinin artmasından, həmçinin rusdilli müəllimlərin çatışmazlığı məsələsindən bəhs edərkən bildirib.

Mütəxəssis qeyd edib ki,  xeyli sayda vakant yerlər olduğu halda həmin vakansiyalarda işləyəcək rusdilli müəllim tapmaq müşkülə çevrilıb.

O, vurğulayıb ki, MİQ rusdilli müəllimlərin keçid balını, hətta 30-a salsa da müəllim tapılmır.

“Baxmayaraq ki, hətta rusdilli müəllimlərin məktəblərə cəlb edilməsi üçün MİQ imtahanlarında keçid balı 30-a salınıb. Kəsəsi, Rusdilli müəllim niyə tapılmır? – sualı ilə üzbə-üz qalmışıq. Niyə…? Niyəsi odur ki, vaxtında işimizi düz qurmadıq, proqnozlaşdırmadıq”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, müstəqillik əldə olunandan sonra rus dilini xarici dillər qrupuna keçirərkən vəziyətə nəzarəti həyata keçirmədik və birdən - birə rus dilinin tədrisini formal xarakter daşıyan fakultativ məşğələlərin ümidinə buraxdıq.

“Bəzi məktəblərdə isə ümumiyyətlə keçilmədi. Nəticədə dərs saatları kəskin şəkildə azaldı. Savadlı və təcrübəli rus dili müəllimləri öz peşələrindən dərbədər düşdü. İndi başlamışıq ki, rus bölmələrində niyə yer yoxdur dilemması üzərində baş sındırmağa”, - deyə iradını bildirib.

Nadir İsrafilov  rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək lazım olduğuna diqqət çəkib. 

O, nəzərə çatdırıb ki, valideynlərin rus dili bölməsi istəkləri, vaxtilə bu bölmədə guya tədrisin, intellektual səviyyənin, nizam-intizam göstəricisinin daha yüksək olması barədə formalaşmış fikirdən qaynaqlanır.    

“Son illər övladlarını rus bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımının müşahidə olunması, bu danılmazdır. Bununla belə, bu təbii artımın süni yollarla qarşısının alınması da yolverilməzdir. O ki, qaldı bunun məhz rus bölməsində tədris səviyyəsinin yüksək olması ilə izahına bu da nə vaxtsa rusdilli uşaqların dünyagörüşünün, intellektual səviyyəsinin yüksək olması, nizam-intizamda mütəşəkkillik göstərmələri ilə bağlı yaranmış miflə əlaqədardır”, - deyə O, bildirib.

 

JASMİN