Ötən həftəsonu Ekologiya və Təbii Sərvətlər Nazirliyi ənənəsinə sadiq qalaraq jurnalistlər üçün mediatur təşkil etdi...

Bu dəfə media nümayəndələri uzağa yox, “Azəryaşlandşaft” ASC- nin 2 saylı Yaşıllaşdırma İdarəsinin Bakının Hövsan qəsəbəsinin ərazisində yerləşən tingçilik təsərrüfatına, həmçinin zeytun bağları salınmış ərazisinə ekskursiya etdilər. Nazirliyin böyük bir tingçilik ərazisində zeytun tingləri ilə yanaşı,  müxtəlif növ ağaclar da çoxaldılır. Bütün bunlar isə mərhələli şəkildə aparılır: həmin bitkilər optimal temperatur, rütubət, işıq, həmçinin hava rejimində kökləndirilir və əkinə yararlı hala gətirilirərək parklarımızı, bağlarımızı, meşələrimizi… bəzəyir.  Burada hər ağac tingi növünə və yaşına (əkilmə ayına uyğun) görə ayr-ayrı sahələrdə və müxtəlif  şəkildə (meyvəsindən, toxumundan, çiliyindən) artırılır: əkildiyi dibçəklər, polietilen kisələr də ağacların yaşına görə fərqlidir. Göz oxşayan tingçiliyin zəhmətkeş işçiləri hazırda polietilen kisələrdəki tingləri tət-tək dibçəklərdə əkməklə məşğuldurlar. Onlar böyüyüb ərsəyə gələnədək müxtəlif mərhələrdən keçir və qulluq tələb edir. İstixana tipli plantasiyada isə zeytun tingləri daha fərqli – torpağa əkilərək kökləndirməyə hazırlanma prosesindədir.

…Oktyabrın son günləri olduğu üçün ərazidəki bol məhsullu zeytun bağlarının meyvələri yetişmiş və yığıma hazır vəziyyətə çatıb. Qara, yaşıl, yumru, zoğalabənzər… zeytunlar uzaqdan “gəl-gəl” deyir. Son günlər havanın buludlu və yağışlı keçməsinə baxmayarq, bu gün hava daha günəşli və sakitdir. Sanki təbiət hadisələri də məhsul yığımına mane olmaq istəmir… Hansı ki, bir qədər sonra media nümayəndələri də bu işə öz töhfələrini verəcəkdilər…

Qısa bir haşiyəyə cıxaq:

Tarixi mənbələrə istinad etsək, məlum olur ki, zeytun ağaclarının ömrü 1500–2000 ilə bərabərdir. Məhsul vermə qabiliyyətinin isə 150 ilə qədər olduğu bildirilir. Demək ki, hər salınan bağın iki əsrə yaxın xeyirini götürmək olar. Və hansı ki, zeytuna qulluq o qədər də zəhmət tələb etmir. Yetər ki, ona uyğun iqlim şəraiti olsun, yüksək şaxta olmasın və əsasən də dolu vurub budaqlarını qırıb zədələməsin… Mütəxəssislərin fikrincə, zeytun ağaclarının bol və iri meyvəli məhsul verməsi üçün boyu alçaq, gövdəsi enli olmalıdır. Vaxtlı-vaxtında budama həyata keçirilməlidir. Və məlumatlara görə, yaxşı sort zeytun ağacları əkildikdən 5-6 il sonra, hətta 40-50 kiloqramadək məhsul verə bilir. Bu gün Azərbaycanda da zeytunçuluq inkişaf etdirilir. Azərbaycanda yetişdirilən zeytunun digər ölkələrdəkindən fərqləndirən odur ki, yerli məhsulumuzun yağlılığı daha çoxdur. Statistik məlumatlara görə, təkcə ötən ilin birinci yarısında ölkəmizdə 686.6 ton həcmində zeytun yağı istehsal olunub. Bu da ötən illərin eyni dövrü ilə müqayisədə çoxdur.

 “Azərbaycanda son illər, əvvəlki dövrlərdə mövcud olan zeytun ağaclarından 3 dəfə çox zeytun ağacı əkmişik”

Qeyd edək ki, jurnalistlərlə mediaturda Ekologiya nazirinin müavinləri Firdovsi Əliyev, Rauf Hacıyev,  “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov, nazirliyin məbuat xidmətinin rəhbəri İradə İbrahimova və digər vəzifəli şəxslər iştirak edirdilər. Ekologiya nazirinin müavini Firdovsi Əliyevlə söhbət zamanı qeyd etdi ki, hazırda tinglik üçün xaricdən heç bir ağac növü gətirilmir və yerli ehtiyaclar ting artırma yolu ilə ödənilir.

***

F.Əliyev ənənəvi olaraq keçirilən ağacəkmə aksiyalarından, marafonlardan danışarkən xatırlatdi ki, noyabrın 11-də böyük bir aksiya keçiriləcək və bir gündə 111 min ağac əkiləcək. “…Gələn il Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi olacaq. Bununla bağlı ağacəkmə təşəbbüsü irəli sürülüb. Azərbaycan da  dörd ildir ki, bu təşəbbüsə qoşulub və noyabrın 11-də Bakının Müşfiqabad qəsəbəsinin ərazisində müxtəlif növ ağaclar əkiləcək”, - nazir müavini dedi.

O, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də yaşıllaşdırma, meşə ərazilərini bərpa etmə prosesinə start verildiyini də diqqətə çatdırdı.

Nazir müavini xatırlatdı ki, bu günlərdə (oktyabrın 20-də ) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib, həmçinin əraziyə 15 baş ceyran buraxılıb.

 “Artıq orada işlər gedir. Biz nə ağac əkiriksə heç bir tingi xaricdən gətirmirik. Tingləri də yerli ağaclardan əldə edib artırırıq -budama zamanı əldə edirik. Məsələn, şam ağaclarının toxumlarını əkərək çoxaldırıq. İndi yığacağınız zeytun da, əslində toxumluq zeytundur. Biz onu təhvil verməyəcəyik. Həmin zeytunu saxlayıb cücərdəcəyik və bir il sonra sahəyə köçürəcəyik. Azərbaycanda son illər, əvvəlki dövrlərdə mövcud olan zeytun ağaclarından 3 dəfə çox zeytun ağacı əkmişik. Harda ağac əkiriksə, zeytun ağacı üstünlük təşkil edib”, - F.Əliyev açıqladı.

O, Qarbağda ermənilərin yandıraraq məhv etdiyi meşələrimizin bərpasından danışarkən bildirdi ki, ilk növbədə həmin ərazilər yanmış ağaclardan təmizlənilir və daha sonra meşənin bərpası üçün toxumlar səpilir: “Ermənilər ümumilikdə 60 min hektara yaxın meşələrimizi məhv ediblər. Yandırılmış sahələrdə elə ağaclar var, onların budaqları yanıb. Bu zaman  budama aparmaqla onlar bioloji inkişaf etdirilir. Biz daha çox marağındayıq ki, insanlar, mal-qara həmin ərazilərə qayıdanadək indidən ağac əkinini, bərpa işlərini həyata keçirək. Əfsuslar olsun ki, meşələrimizə mal-heyvan buraxılır və körpə fidanlar inkişaf edə bilmir. Bu səbəbdən bəzi sahələri çəpərləyirik ki, bu fidanlar boy atsın və mal-qara onlara zərər verməsin”, - nazir müavini bildirdi.

 

 

“İmkanlarımız artdıqca ildə 2-3 milyon zeytun ağacı kokləndirə biləcəyik”

Daha sonra media nümayəndələri zeytun tinglərinin becərildiyi istixana tipli plantasiyanın vəziyyət ilə tanış oldular.

"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin sədri Ramik Əşrəfov izah etdi ki, indiyədək ehtiyac olmadığı üçün istixanada qızdırıcıdan istifadə etmirlər, hansı ki, torpağın altında bu sistem əvvəlcədən quraşdırılıb.

Onun sözlərinə görə, körpə fidanlar buranın öz normal temperaturunda boy atırlar, çünki əgər istilik sistemi qoşularsa, onlar iki aya kök ata bilər.

“Buradakı zeytun tingləri Türkiyənin “Gemlik” və “Ayvalık” sortlarıdır. Bu sortlarda yağlılıq faizi yüksək olur. Gördüyünüz tingləri yanvar ayında kökləndirməyə vermişik və artıq əkinə hazır vəziyyətə gətirmişik. Bu sortlar artıq 2-3 yaşından meyvə verir, amma bağ kimi bol məhsul verməsi isə 15 yaşından başlayır. Biz bağları əsasən 4-ün 3-ə, 4-ün 4-ə məsafəsində, yəni yaşıllıq məqsədi ilə salırdıq. Son vaxtlar, ölkə prezidentinin göstərişi ilə aqroparklar salınır ki,  artıq biz də bağ təsərrüfatı məqsədilə 4-ün 4-ə əkirik”,- deyə o bildirdi.

Qeyd edək ki, əvvəllər zeytun ağclarının yalnız Abşeron – Bakı iqliminə, torpağına uyğun olduğu bildirilirdi. Lakin R.Əşrəfov bildirdi ki, artıq bəzi aran rayonlarında da zeytun ağacları əkilib və yaxşı məhsul əldə olunub.

“Bakı-Abşeron torpaqları çox kasıbdır, şoranlaşıb. Zeytun ağaclarını artıq aran rayonlarda da əkmişik. Zeytun ağacının İspaniya sortu Siyəzəndə əkilib və nəticəsi də əla olub. Həmçinin Ağdaşda, Göyçayda da zeytun əkmişik. Yenə də çox gözəl nəticə əldə olunub. Məsələn, Hacıqabul demək olar ki, Abşeronun yaxınlığında yerləşir. Orada da əkmişik, çünki zeytun ağaclarını dolu vurma və şaxtanın yüksək olduğu dağ rayonlarında əkilməsi məqsədə müvafiq deyil”, - söyləyir. 

R.Əşrəfov bildirir ki, vaxtilə zeytun ağaclarını rəsmi qaydada, dövlət vəsaiti hesabına Türkiyədən alırdıq: “Amma 2014-cü ildən başlayaraq bir ədəd də olsun kənardan ağac tingi almamışıq. Hamısını özümüz yetişdiririk. Hazırda 500 mindən çox zeytunumuz var - həm çilik formasında, həm də dibçəklərdə, polietilen torbalarda. Onları bağlı halda yetişdiririk. Kökü bağlı olanda torpaq şəraitinə tez uyğunlaşır və əkin mövsümü uzanır. Məsələn, may ayında əkini dayandırırlar, amma biz iyunda da, sentyabrda da əkə bilərik. Dibçəklərdə olanlar isə daha rahat əkilir”, - deyir.

 

O, söhbət zamanı vurğuladı ki, Qarabağda yaşıllaşdırma tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq istixanalarda olan istilik qurğularını işə salacaqlar.

“…İmkanlarımız artdıqca ildə 2-3 milyon zeytun ağacı kökləndirə biləcəyik. Artıq işğaldan azad olunmuş Zəngilan rayonunun 55 hektar sahəsində müxtəlif növ ağac əkininə başlamışıq. Həmçinin Füzulidə aeroport ərazisinin 200 hektardan çox olan sahənin 60 hektarında, Cəbrayılda 25 hektar ərazidə torpağın ilkin hazırlıq mərhələsini aparmışıq. Minatəmizləmə işləri yekunlaşdıqca, təhlükəsizlik tədbirləri görüldükdən sonra Şəhərsalma həmin torpaqları bizə təqdim edir və biz də əvvəlcə torpağın hazırlanma prosesini həyata keçiririk ki, gələcəkdə də bağlar salınsın. Nazirimiz Muxtar Babyevin bu sahədə planları genişdir, böyükdür. Ola bilsin ki, payızda və yazda Qarabağda əkdiyimiz və əkəcəyimiz bağları siz də görə bildiniz…”

O, daha sonra izah edir ki, bəzi ağacların - iydə, göyrüş, akasiyanın… bu torpaqlarda ömrü azdır.

“Təqribən 10-15 yaşlarından qurumağa başlayırlar. Ona görə də az qiymətli ağacları daha qiymətli ağaclarla dəyişirik. Yəni quruyub sıradan çıxanların əvəzinə zeytun ağacları əkirik. Eyni zamanda, kommersiya məqsədi ilə də təşkilatlar, şirkətlər bizdən bu tingləri – həm  polietilen torbalarda, həm də dibçəklərdə ala bilərlər”, - deyə diqqətə çatdırır. 

***

…Sonra jurnalistlər zeytun bağından məhsul yığdılar və zeytun məhsullarından ibarət hədiyyə səbətləri ilə mükafatlandırıldılar. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Yasəmən MƏMMƏDLİ

(Bakı-Hövsan bağları)

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.16)

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA