İran hakimiyyəti Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı ilə bağlı saxta məlumat yayaraq araşdırmalara başlayıb.

Tehranın polis rəisi Hüseyn Rəhiminin sözlərinə görə, saxlanılan cinayətkar şəxsi və ailə problemlərinə görə binada atəş açıb və uşaqları ilə birlikdə hücum yerinə gəlib.

Hücum edən şəxsin avtomobilində 14 yaşlı qız və 7 yaşlı oğlanın olduğu vurğulanıb. Eyni zamanda, Rəhiminin bu sözlərindən az sonra səfirlik binasından və diplomatik missiyanın girişinə bitişik küçədən yayılan videolar terrorçunun tək olduğunu göstərir.

Beləki, kadrlardan da görünür ki, səfirliyin əməkdaşı avtomobilini səfirlik binasının qarşısında saxlayaraq, binaya daxil olur.  Dərhal onun  ardınca  terrorçunun idarə etdiyi maşını gəlir və əməkdaşın maşınına arxadan vuraraq avtomobilini orada saxlayır. Və həmin şəxs əlindəki avtomatla səfirliyin binasına cumur...

Qeyd edək ki,  bir çox xarici KİV-də də terrorçunun guya şəxsi zəmində səfirliyin binasına hücum etməsi barədə yayılan feyk xəbərə istinadən məlumatlar yayımlanıb, hansı ki, bu xəbər İran "mətbəxində" hazırlanmışdı...

Görünən odur  ki, Iran bu saxta xəbərlə həqiqətin ört-basdır edilməsinə çalışıb, terror hadisəsini adi məişət hadisəsi kimi dünyaya çatdırmaq istəyib.  Lakin Azərbaycan səfirliyində baş verənlərin ortaya çıxmasına heç kəs əngəl ola bilmədi... Yəni  texnologiya buna imkan vermədi...

İndi isə ölkəmizdə hər kəs bu xain hücumun təşkilatçılarının, bu cinayətkar şəbəkənin üzvlərinin dərhal ortaya çıxarılmasını və layiq olduqları cəzanı almalarını gözləyir.

***

Xatırladaq ki, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Kalaşnikov avtomatı olan cinayətkar diplomatik nümayəndəliyin binasına girərək atəş açıb, nəticədə səfirliyin mühafizə xidmətinin rəhbəri həlak olub. Daha iki əməkdaş isə yaralanıb.

Baş verənlərlə bağlı  İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar olaraq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb.

Həmçinin Azərbaycan XİN bəyanat yayıb.

“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq.

 Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi.

 İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir.

 Son zamanlar İranda ölkəmiz əleyhinə anti-Azərbaycan kampaniyasının aparılmasının diplomatik missiyamıza qarşı bu kimi hücumlara rəvac verdiyi qənaətindəyik.

 İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edirik.

 Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcəkdir.

 Baş vermiş terror hücumu nəticəsində yaranmış vəziyyətdə səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”, - deyə bəyanatda qeyd edilir.

Y.MƏMMƏDLİ