Sən demə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvada keçirilən üçtərəfli görüşə qatılmama səbəbi başının DAHA VACİB MƏSƏLƏYƏ - malikanə alışına qarışması olub...

Beləliklə, müəyyən edilib ki, o, 2022-ci ilin dekabrında  Rusiya və Azərbaycandan olan həmkarları ilə görüşdə olmaq əvəzinə, mənzil məsələsini həll edib.

***

Ararat Mirzoyanın “vacib” sirrini isə dolayı yolla Ermənistanın baş naziri Nikol Paşinyan açıqlayıb.

Paşinyanın sözlərinə görə, nazirin qarşısını fors-major vəziyyət alıb və o, Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrovla baş tutmalı görüşdə iştirak edə bilməyib. Baş nazir, hətta bunu, “həyati zərurət” adlandırıb.

“Mirzoyan obyektiv səbəbdən görüşə getmədi, çünki o günlərdə nazirin Ermənistanda olması həyati zərurət idi”- deyib.

Paşinyanın bu açıqlamasının ardınca Ermənistanın “Civilnet am” nəşri müəyyən edib ki, həmin anda Mirzoyan kreditlə yeni malikanə alıb.

O cümlədən, nazirin aldığı daşınmaz əmlakın kadastr sənədlərində əməliyyatın tarixi qeyd olunur. Bundan əlavə, əməliyyatın vaxtı bank, satıcı və Mirzoyan arasında bağlanan müqavilədə var. Sənədi nazir imzalayır.

“Sazişin bağlanma tarixi 2022-ci il dekabrın 23-ü – üç ölkənin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü günüdür”, - nəşr qeyd edib.

Xatırladaq ki,  dekabrın 23-də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Moskvada həmkarı Sergey Lavrovla görüşüb və gündəmdə olan məsələləri müzakirə ediblər. Ermənistan tərəfi isə üçtərəfli görüşə diplomatik kanallar vasitəsilə edilməli olan xəbərdarlıqsız  qatılmayıb... 

Yəni, Ermənistan Rusiya və Azərbaycan xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramovla Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirak etməyi planlaşdırmadığı barədə diplomatik kanallar vasitəsilə Rusiyaya məlumat verməyib.

"Biz də sizin kimi bu imtina barədə mətbuat xidmətinin mesajından öyrəndik.  Adətən belə işlərlə məşğul olan heç bir diplomatik kanaldan istifadə olunmayıb. Bu, erməni tərəfinin qərarıdır", -  deyə Lavrov Bayramovla görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Y.MƏMMƏDLİ