SpaceX” şirkəti ilə "Azərkosmos" arasında bağlanan müqavilə regionda Azərbaycanın nüfuzunu daha da artırır və ölkəmizi fərqləndirir. 

Bunu “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İB-nin İdarə Heyətinin sədri Elvin Abbasov KIV-' ə açıqlamasında bildirib. 

O, “Starlink”in ölkəmiz üçün əhəmiyyətindən danışarkən bildirib ki, artıq internet xidməti ilə bağlı  bütün bu problemlər həll edilmiş sayılır, çünki peyk vasitəsilə yaşayış yerlərindən kənar, yüksək dağlıq ərazilərdə tikilən obyektlərə də birbaşa internet verilməsi mümkünləşib.

Sədr internet xidmətinin müvəqqəti, yəni lazım olan müddətdə verilə biləcəyini də diqqətə çatdırıb, hansı ki, əlavə xərclərdən qaçınmaq üçün yaxşı təklif hesab olunur.

 “Bunun üçün əlavə infrastruktura ehtiyac yoxdur. Bəzi məkanlarda hansısa layihə çərçivəsində işlər aparılarkən “Starlink”lə müddətli internet verilişi mümkündür. Tutaq ki, ucqar bir kənddə və ya dağda tədqiqat işləri aparılır. İşlər gedən müddətdə həmin məkan internetlə təmin olunacaq. Layihə başa çatdıqdan sonra intermetə ehtiyac olmadıqda isə ötürmə dayandırılacaq. Bu, xərclərin optimallaşdırılmasına xidmət edəcək”, - deyə Elvin Abbasov bildirib .

***

"“Starlink” internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq".

 Xatırladaq ki, mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə  "Azərkosmos" ASC ilə ABŞ-nin “SpaceX” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"SpaceX"in prezidenti və baş əməliyyat direktoru Qvin Şotvel də çıxışı zamanı diqqətə çatdırıb ki, “Starlink"in əsas missiyası Azərbaycan ərazisinin internet xidmətləri ilə əhatə olunmasını sürətləndirməkdən,ucqar rayonlarda yaşayan ölkə sakinlərini yüksək sürətli internetlə təmin etməkdən ibarətdir.

 Bağlanmış müqavilə ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirib ki, “Starlink” internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq.

 Lakin o, “Starlink”in ölkəmiz üçün çox faydalı olduğunu da diqqətə çatdırıb.

 “İstənilən halda, alternativ bir internet xidməti olaraq “Starlink”-in ölkəmizə gəlişi yetərincə faydalıdır. Düşünmək olar ki, “Azərkosmos” bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də SpaceX vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub.

Daha öncə də “Azərkosmos” rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi. Beləliklə də, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və SpaceX şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar”, - deyə bildirib.

Ekspertin fikrincə, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından SpaceX şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir və  bununla da ölkəmizdə internet xidməti göstərən provayderlərin sayı daha da artmış oldu.

 Onu da diqqətə çatdıraq ki, ölkəmizdə “Starlink” peyk xidmətlərindən istifadə etmək istəyənlərin öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15,3 manat) ödəməli olacağı da deyilir.

Y.MƏMMƏDLİ