Operativ Qərərgahın növbəti  brifinqi keçirildi.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdirii Şahmar Mövsümov bildirdi ki, vaksinasiya məcburi deyil. Operativ Qərargah tərəfindən vaksinasiyanın icbari olması barədə məsələ qoyulmayıb.

O bildirdi ki, bununla yanaşı, bir çox sahədə icbarilik var: “Məsələn, həkimlərin bilavasitə “qırmızı zona”da olmasına görə orada icbarilik var. Amma ümumi icbarilik nəzərdə tutulmayıb”.

Çox gözəl, çox pakizə… Amma  verilən digər qərara nəzər salaq. Məsələn, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər: ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində və ilaxır…

Əlbəttə, vaksinasiya məcburi deyil. Amma eyni brifinqdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə bildirdi ki, Operativ Qərargahın qərarına görə, şirkət əməkdaşlarının 80 faizi COVİD pasportuna sahib olmalıdır və işəgötürənlər buna görə məsuliyyət daşıyırlar.

Hətta sədr vurğuladı ki, “Hər hansı inzibati məsuliyyətə cəlb olunmamaq üçün şəxsi kabinetlərində kimlərin vaksin vurdurub-vurdurmadığını izləyə bilərlər”…

Daha sonra Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov əlavə olaraq bildirdi ki, buna nəzarət vergi orqanları tərəfindən həyata keçiriləcək: "Müvafiq pozuntular aşkarlandıqda, cərimələr tətbiq olunacaq".

Bəli, düz buyurursunuz, Şahmar müəllim, “Vaksinasiya məcburi deyil!”, amma Operativ Qərargahın keçirdiyi birinfqdə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev  isə bildirdi ki,  əgər COVİD -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olarlarsa, bu zaman həmin şəxslər polis tərəfindən məsuliyyətə cəlb olunmayacaq: “Buna görə həmin təhsil müəssisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər məsuliyyət daşıyacaq.”

Yəni, açıq-aşkar bildirdi ki, tələbələr vaksinasiya olunmazsa rektor məsuliyyət daşıyacaq. Ona görə də rektor nə etməlidi? – Bu məcburiyyəti özü tələbələr qarşısında qaldırmalıdır! Çünki tələbəni nəyəsə məcbur etmək rektorun boynunun borcudur… Bunu onlardan yaxşı kim bacara bilər ki?.. 

Və yaxud, eyni brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva  bildirdi ki, “Təkrar yoluxma faizləri çox aşağıdır. İlk yoluxma ötən ilin fevral ayında idi və say çox az idi”. 

Nə gözəl, çox sevindik! Çünki indiyədək yoluxmuş şəxslərin çox böyük bir qismi, bəlkə də 99%-i təkrar yoluxmayıbsa, bu, o deməkdir ki, onların bədənində immunitet formalaşıb, hətta bir çox ölkələrin az qala əldə etmək üçün saçyolduya çıxılan vaksini onlara hələki tətbiq etməyə ehtiyac yoxdur. Və buna görə koronavirus xəstəliyi keçirmiş şəxsləri buna məcbur etmək də lazım deyil. Çünki hər bir vaksin əlavə pul itkisi deməkdir, başqasının haqqına girməkdir! Əlbəttə, Şahmar müəllim demişkən, vaksin məcburi, icbari deyilsə...

Sonda qısa bir xatırlatmaya ehtiyac duydum.  Brifinqdə bildirildi ki, əhalinin 60%-i vaksin olunarsa pandemiya ilə sağollaşa bilərik. Bu xəbərə isə lap çox sevindim. Çünki koronavirusla bağlı elmi araşdırmalar aparan dünya səviyyəsində tanınmış mütəxəssislər, professorlar... son zamanlar koronavirusun yeni-yeni ştammlarının “doğulacağı”, tibb elminin hələ də bu virus qarşısında gücsüzlüyü barədə məlumatlar yayırlar. Artıq onlar belə pandemiyanın nə zaman bitəcəyi barədə proqnoz verməkdə çətinlik çəkirlər.  Bu açıqlamanı eşidəndən sonra həmin professorlar, ümumiyyətlə, birdəfəlik ağızlarına “su alıb oturacaqlar”... 

Yenə kiçik bir xatırlatma etmək istəyirəm: İsrail 11 Fevral 2021-ci il tarixində ölkədə peyvənd edilməsi lazım olan əhalinin 100%-nin koronavirusa qarşı peyvənd oldunduğunu açıqlayıb.

Qeyd edək ki, İsrail Pfizer/BionTech, AstraZeneca və Moderna-dan 24 milyon dozalıq COVİD-19 peyvəndi alıb. Bu günə olan məlumata görə, 9 milyon 326 min əhalisi olan İsraidə  5 432 121 nəfər hər iki doza vaksinasiya olunub. Bu isə əhalinin 58,24%-i deməkdir.  Əhalisinin 5 871 448 nəfəri, yəni 62, 96%-i isə  vaksinasiya olunub.

Ümumi vaksinasiya sayı  - 12 503 731-ə çatıb. Və bütün bunlara baxmayaraq, COVİD 19 xəstələrinin sayı son 2 ayda yenidən artmağa başlayıb – bütün dünyada olduğu kimi. Hal-hazırda statistik məlumatlara görə, İsraildə xəstə sayı  62 922 nəfərə çatıb. Və artıq avqustun 1-dən İsraildə 60 yaşdan yuxarı vətəndaşlarına 3-cü doza vaksin olunmasına  başlanılıb.  60 yaşlı İsrail prezidenti İsaak Herzoqa və onun həyat yoldaşına da 3-cü doza peyvənd vurulub. Bu gün isə İsrailin 49 yaşlı Baş naziri Naftali Bennett Kefar-Sava şəhərində "Meir" tibb mərkəzində peyvənd vurdurub.

YASƏMƏN MƏMMƏDLİ

P.S. Bəli, vaksinasiya məcburi deyil, olmamalıdır da. İnsanlar bunu özləri istəməlidir - könüllü və kimə ehtiyacdırsa...  Və belə görünür ki, bütün dünyada yaşayan insanlar (müəyyən yaş qrupu üzrə) vaksinasiya olunmazsa (yaxud yoluxmazsa), bəşəriyyətə bu bəladan qurtuluş yoxdur. Amma gec, ya tez hər kəs peyvənd olunacaq. Bunu bizə məcburiyyətlərimiz məcbur edəcək...

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İstiqamət: 6.3.4)

 


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA