Niyə Azərbaycanda 60,36 ton qida vaxtı ötmənin güdazına gedib?

 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Qeyd edək ki, AQTA-dan “Təzadlar”a verilən məlumata görə, bu gün  “Sun Food” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciəti əsasında həmin şirkət tərəfindən istehsal olunmuş, istifadə müddəti bitmiş və istehlaka yararsız 60,360 kq müxtəlif növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

***

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının  açıqlamasına görə, koronavirus pandemiyasının şok dalğası 2008-ci ildə baş verən qlobal maliyyə böhranı ilə müqayisədə, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına daha çox zərbə vurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının  dünyada ərzaq məhsulları təhlükəsizliyinə dair hesabatına əsasən, 2020-ci ildə dünyadakı aclıq problemi daha da dərinləşib və koronavirus pandemiyası aclıqdan əziyyət çəkən insanların sayını artırıb.

 

 

Aclıqdan ölmənin qarşısı alınmazdırmı?

 

Statistik məlumatlara görə, 2010-cu illərin ortalarına qədər dünyada ac insanların sayı azalırdı, lakin daha  sonra yavaş-yavaş artmağa başlayıb. 2020-ci ildə dünyada demək olar ki, 811 milyon insan ac qalıb ki, bu da bir il əvvəlkindən 161 milyon nəfər çoxdur.

Oxfam-ın məlumatına görə, 2020-ci ildə aclıqdan ölənlərin sayı 6 dəfə artıb və hazırda  hər dəqiqə 11 nəfər aclıq və zəif qidalanmadan ölür.  Bu, dəqiqədə, təxminən 7 nəfər olan COVID-19-dan  hazırkı qlobal ölüm nisbətindən çoxdur. Ötən ilin sonunda dünya əhalisinin 30%-nin (2,3 milyard nəfərdən çox) adekvat qidaya çıxışı məhdudlaşdırılıb. Və ən dəhşətlisi və acınacaqlısı isə, dünyada bütün qidaların 30%-i israf edilir.

BMT-nin hesablamalarına görə, dünya itkiləri və ya tullantıları yalnız yarıya qədər azaltmaqla qidalana bilərdi. Bu isə o deməkdir ki, dünya əhalisinin tox olan qismi qidalanma normalarına  daha düzgün əməl etsələr - israfçılıqdan uzaq olsalar, həmçinin istehsalçılar da məhsullarının anbarlarda, mağazalarda xarab olub qalmasının qarşısını alsalar,  dünyada hər üç uşaqdan (vəfat edən)  biri aclıqdan ölməz...

 

Bəs niyə Azərbaycanda 60,36 ton qida vaxtı ötmənin güdazına gedib???

 

Və dünyanın qlobal aclıq və susuzluq problemi ilə baş-başa qaldığı bir dönəmdə Azərbaycanda istehsalçı müəssisənin 60 tondan artıq məhsulunun istifadəyə yararsız hala salınması  və  onun zibil poliqonunda məhv edilməsi isə ağlasığmazdır. Bu qədər qida məhsulunun necə olur ki, istifadə müddəti bitir və alıcısı olmur? Azərbaycan vətəndaşının ehtiyacımı yoxdur həmin məhsullara, yaxud keyfiyyətsizliyinə görə alıcısı yoxdurmu, qiymətləri bahadırmı? Necə ola bilər ki, məhsulun istifadə müddəti bitən tarixədək gözlənilir və sonra hamısı məhv edilir?! Tonlarla qida məhsulu zibilxanaya gömülür, lakin vaxtında qiyməti ucuzlaşdırılaraq əhaliyə satılmır. Necə deyərlər, “bazarın qiymətini öldürmək” istəmirlər deyə?!

Yaxud,  bu ölkədə  fəqir-füqarə heçmi yoxdur?..  Köhnəldib zibilliyə atmaqdansa , savab iş görüb insanların duasını almaq, onlara təmənnasız vermək olmazdımı?..

***

Bəli, təkcə bu gün Azərbaycanda 60 tondan artıq qida məhsulu zibilxanaya gömüldü, lakin bu, yalnız bir müəssisəyə aid rəqəmdir. Ölkə üzrə real hesablamalar aparılsa, məlum olacaq ki, mağazalarda , anbarlarda hər gün tonlarla məhsul xarab olur, istifadə tarixi bitir. Və bəzi hallarda onların bir qismi istehlakçıya satılır – istifadə müddəti bitsə də...

***

Türkiyədə belə bir təcrübə də var: TV kanalların birində hər gün Afrikanın aclıq çəkən ölkələrinə yardım kampaniyasından reklam çarxları göstərilir. Bəlkə bizdə də həmin təbliğata dəstək verərək istifadə müddəti azalan belə ərzaq məhsullarını əhalisi aclıqdan ziyan çəkən ölkələrə göndərmək olar?!

Başqa bir məqam: Bakının Maştağa, Türkan, Hövsan, Mehdabad, Fatmayi, Nardaran və digər kəndlərində hər gün heyvanlara vermək üçün on tonlarla su qiymətinə çörək satışa çıxarılır. Sadəcə, çörək vitrində bir gün qalıb deyə...

Bunu da qoyaq bir kənara: Bakıdakı zibilxanaların yanında məxsusi yerlər olur ki, əhali də evdə istifadə etmədiyi çörəyi ayrıca qablaşdırıb həmin yerə qoyur  - mal-qara, toyuq-cücə saxlayanlar da hər gün kisələrlə bu, çörəkləri yığıb yem kimi istifadəyə aparır.

Bəlkə düşünək: hardasa, dünyanın hansısa ölkəsində adicə yavan çörəyə möhtac olanlar var və onların mal-qaraya verdiyimiz bu qiymətli ərzaq məhsuluna-çörəyə möhtaclığı var! Bəlkə elə Azərbaycanın ucqar dağ kəndlərində çörək almağa əli çatmayanlar var, bu izafi itkiləri onlara yönəldək?!

***

Bəli, Azərbaycanda ac insan yoxdur, iqtisadiyyatımıza min şükür! Amma bu o demək deyil ki, biz yersiz və mənasız şəkildə bu qədər ərzağa israfçılıq etməli, yaxud köhnəldib torpağa gömməliyik. Bu, artıq fərqli düşüncə tələb edən məsələdir. Gəlin düşünək ki, ölkəmizin iqtisadiyyatı bunda nə qədər uduzur...

Yasəmən Məmmədli

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst. 6.3.4) 


GÜNDƏM

Jurnalistler


IMAGE
QURAN ƏTİRLİ ANALAR
Tuesday, 19 April 2022
By Sevinc MURADXANLI
IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA