Əmlakının sayına və dəyərinə görə biznesmenləri xatırladan rusiyalı teleaparıcı Vladimir Solovyovu aradan götürmək istəyənlər varmış...

Solovyova qarşı təşkil edilmiş sui -qəsdin qarşısı alınıb və həmin şəxslər hazırda bu qətlin təşkili barədə etiraflar edirlər.

Bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) sifarişi ilə jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiyada fəaliyyəti qadağan edilmiş neonasist qrupun üzvlərinin həbs edildiyi açıqlanıb.

Belə ki, saxlanılanların ünvanlarında aparılan axtarışlar zamanı əldəqayırma partlayıcı qurğu, səkkiz ədəd “Molotov kokteyli” tipli kustar üsulla hazırlanmış yandırıcı qurğu, 6 ədəd “PM” tapançası, lüləsi kəsilmiş ov tüfəngi, RQD-5 qumbarası,  mindən çox müxtəlif çaplı patron, narkotik vasitələr, qrup üzvlərinin fotoşəkilləri olan saxta Ukrayna pasportları, millətçi ədəbiyyat və ləvazimatlar aşkarlanıb.

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi cinayət işi çərçivəsində saxlanılanların cinayət əməllərinə dair sübutların toplanması prosesini davam etdirir.

Qeyd edək ki, Ukrayna mətbuatı Solovyova qarşı  “sui-qəsd planı” barədə ironiyalı xəbərlər, məqalələr  yayımlayır.

...Əlbəttə,  Azərbaycan əleyhinə də ermənipərəst mövqedən çıxşlar edən Solovyov Ukrayna ilə bağlı çıxışlarına görə bu ölkədə də sevilmir.  Müharibədən iki gün əvvəl “Kiyevi  götürək!” çağırışını ukraynalılar unutmayıb...  Lakin onun ölümü nəyi dəyişə bilərdi və bu kimə lazım idi?

Hər halda, istintaq gedir və sübutlar toplanılır.

Xatırladaq ki, 2022-ci ildə Avropa İttifaqı, ABŞ, Kanada və Böyük Britaniya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini dəstəklədiyinə görə teleaparıcıya qarşı şəxsi sanksiyalar tətbiq edib.

Onun İtaliyada qiyməti 100 milyon avrodan çox olan yaxta və villaları müsadirə edilib.

 Məlumatlara görə, Solovyovun Moskva vilayətindəki daşınmaz əmlakının ümumi dəyəri 1 milyard rubl həcmində qiymətləndirilir.

Bu isə mətbuata məlum olanlardı...

JASMİN