booked.netbooked.net booked.net  

Nizami Süleymanoğlu

Azərbaycanın fərqli strukturlarındakı məmurların xeylisi dövlətə, xalqa qarşı əsl fəlakət yaradıcılarıdır

QANI QANIMDANDIR, CANI CANIMDAN,

İÇİ QAN AĞLAYAN ƏZİZ MİLLƏTİN.

SIZLARTI SƏNGİMİR HEÇ VİCDANIMDAN,

XƏBƏRİ YOX BİZDƏN BƏŞƏRİYYƏTİN.

... Sözə çevrilməyib dilə gətirilməyən sıxışmış duyğular insanda fərqli travmalar, zədələr yaradır. Ona görə də neqativləri yönləndirən istiqamətlərə qaytarmaq şərtdir. Qaytarılmasa, insanın üzərində qalaqlanacaq, enerjisinə mənfi təsir göstərəcək. Önəmli olan başa gələnlər deyil, onlara verilən reaksiyalardır. İstər müsbət, istər mənfi olsun bütün hadisələr arasında əlaqələr olur. Kainat ümumi sistemdir. Neqativlərin, mənfiliklərin qarşısından qaçmaqla onlardan yaxa qurtarmaq olmaz. Əksinə, neqativlər uyğun cavablanmasa, özünü böyüdən qorxular başa gələcək. Niyə? Çünki insan istər-istəməz qorxduğunu ağlında tutmuş olaraq, qorxunu cəzb etmiş olacaq. Qorxu elə bir duyğudur ki, qorxulanı yaradır. Xətaları, günahları, neqativləri hər hansı formada sahiblərinə, yönəldilən ünvanlara qaytarmayanlar onları daşımağa məhkum edilir.

... DURUM, VƏZİYYƏT ANLADILMALIDIR Kİ, ANLAYIŞ İCTİMAİLƏŞSİN. Hələ də insan çoxluğu anlamır və ya anlamaq istəmir ki, dağa nə deyilirsə, əks-sədası da elə olur... Özünü tanıyan, OYANIQ INSANLAR başqasına edilən pisliyin öz üzərinə geri dönəcəyi hissinə və dərkinə sahib olub etməyənlərdir. Ancaq oyanıqlar bahalı daş-qaşlar kimi çox azdır. Dünyanın bir nömrəli problemidir ki, nadir istisnalarla insanlar insan olmaqdan, özü olmaqdan qorxur və qaçır. Bu da göstərir ki, dünya ədalət yeri deyil. Heyvanlar aləminin güclülük prinsipləri millətlərarası münasibətlərdə də təzahür edir. Bəşəriyyət cüzi istisnalarla qəlbini, ağlını, ruhunu doğru işlətmədiyinə görə özünə güvənə bilmir ki, fitrətən özü ola bilsin. Bu səbəbdən məcazi mənada cənnət dünyanın sakinləri əksəriyyətcə cəhənnəm həyatı yaşayır. Kapitalizm, sosializm və sair izmlər... indi də qlobalizm.SƏHNƏ HƏMİN SƏHNƏDİR, SADƏCƏ FƏRQLİ OYUNÇULARLA... Kimdir səbəbkar və ya günahkar. Bəşəri əksəriyyətin düşüncəsi ilə qlobalistlərmi? Xeyr! Dünyaya insan kimi doğulub, heyvan kimi yaşayan səkkiz milyardın yeddisidir... Əsla təhqir və ya ironiya etmirəm. Əvvəla, təhqir hissini xoşlamadığıma görə bu hissi nə idxal, nə də ixrac etmirəm, o məndə yoxdur. İkincisi, təhqir altında yaşamağa öyrəncəlilərin, vərdiş edənlərin durumunu, sözlə çəkilmiş fotoşəklini göstərmək təhqir deyil, faktdır. Üçüncüsü, analitik düşüncə bütün təsirlərin ötəsində, xaricindəki nəzərdir.

1995-Cİ İLDƏN 2019-a QƏDƏR Bakıda ata mənzilində yaşadım. 2019-un 30 avqustunda heç bir qanuni məhkəmə qərarı olmadan polis və icra məmuriyyəti gücü ilə ailəmizi şər-şantajla yaşadığımız mənzildən (Nəsimi icrası) çıxardılar. Nəinki bizə ev əşyalarımıza da divan tutuldu. İki gün ağ köynəyimə etiraz yazıb Bakı küçələrində gəzdim. Telekanal, sosial şəbəkələr, qəzetlər (biri istisna) heç biri dərdimizi demədi. Dörd ay ailədən ayrı bir zirzəmidə ölümcül xəstə kimi yaşadım. “Qaçqınkom”dan da heç bir yardım almadım. Söz verdikləri 3 otaqlı mənzili də... Nəhayət, vəd edilmiş evi mənzilimizdən çıxarılmadan öncə, verməyə qanunla borclu olan,hətta çıxarılmadan sonra vəd etdiklərini kiməsə verən sözügedən komitə bir il 300 manat kirayə pulunu aybaay ödədi. Son bir ildə isə kirayə pulundan 100 manat kəsib, 200 manat verdi. Biz də boğazımızdan kəsməyə məcbur olub kirayə haqqına 100 manat əlavə etdik. Neyləməli, uşaqlıqdan dərdi yeyə-yeyə böyüməyə vərdiş etdim ki, dərd başımı yeməsin.

Ancaq Azərbaycanın talançıları ən böyük dərddir. Millətin başını yeyir. On bir gündür kirayə pulumuzu ödəmirlər. Ev sahibi qapını döyür və ya zəng edir ki, qardaş ya kirayə pulunu verin, ya da evi tərk edin. Onu qınamıram, anlayıram. Yəni QARADAN ARTIQ RƏNG YOXDUR...

Əleyhinə çıxanlar hətta Allah göstərməsin düşmənə çevrilib nə qədər güclü olsalar da, insanın vicdanlı ailəsini qorumaq arzusu, niyyəti daha güclü olmalıdır. Bu arzu, niyyət elə üstün olmalıdır ki, insan hətta ölümünə də risk və cəsarət göstərə bilsin. Məqamına görə həm fiziki, həm də mənəvi... Ailəsi ac və ya qəsdən köməksiz, sosial müdafiədən məhrum hala salınan insan tərəddüdsüz bütün alternativ mübarizə vasitələrindən, üsullarından istifadə haqqı, hüququ daşıyır. İnsanın ailəsinin salındığı ağır vəziyyətdən xilas arzusu gerçəkləşməli, ya da o insan ölməlidir. Bu arzu qarşısında üçüncü yol olmur. Ailə maddi və psixoloji işkəncə içində təhlükədədirsə, insan bu təhlükədə sağ qalmağı deyil, probleminin həllini düşünməlidir.Bütün şanslar, ehtimallar, gümanlar dəyərləndirilməlidir. Lazim gələrsə, odun-alovun içinə atılıb yanmalıdır insan. Haqsızlıqla fədakarlıq, yalanla gerçəklik, qorxaqlıqla cəsarət arasındakı seçimdə bütün insanların siması bilinir. Ailəsinin çökməsinə dözən insan get-gedə mənəvi ölüyə çevrilmiş olar. Davranışını dəyişər, boşluğa düşər, mübarizə ruhu azalar, aqressivləşər və sairələr.

İnsanlar Vətən uğrunda nəyə görə fədakarlıq edir? Çünki Vətənin təhlükədə olduğunu anlayır, hətta ölüm bahasına xalqının mənafeyini qoruyur. Bilir ki, onun ailəsi, yaxınları, nəsli, davamçıları da bu xalqdandır. Buna görə gələcək naminə ölüm riskinə gedir oğullar. Bəs sonra?

Bir haşiyə.

NUH PEYĞƏMBƏR tufan öncəsi gəmi düzəldir. Ətrafdakı insanlar gəminin içini təhqiramiz halda nəcisləri ilə batırır. Hətta gəminin divarlarına, görünən hər yerinə murdarlıqlarını yaxırlar. HƏR ŞEYİ GÖRÜB, BİLƏN QÜDRƏT SAHİBİ onların arasında elə bir xəstəlik yaradır ki, sifətlərindəki yara-xoraların, içlərindəki xəstəliyin əlacı bağırsaqlarından boşaltdıqlarını gəmi döşəməsindən yığıb yemək və divarlarından qazıyıb sifətlərindəki yaralara sürtməklə olur...

BİZ HAMIMIZ yetərincə narahat zaman bilinməzliyində Azərbaycan gəmisinin sakinləriyik.TƏR-TƏR HADİSƏLƏRİNDƏ bu gəminin qoruyucuları olan ordu mənsublarının, Azərbaycan oğullarının başına dünyada misli olmayan DƏHŞƏTÜSTÜ İŞGƏNCƏLƏR AÇANLAR isə Nuh peyğəmbərin gəmisini murdarlayanlar qismindədir.Fırtınalı dəniz həmişə zibilləri sahilə qovar.

Nə isə... Problemlər onları həll etmək imkanından böyük olanda vəziyyət çox çətinləşir. İndi böyük problemlər bir yana adi kirayə haqqını ödəmək kimi bir məsələdə haqsızlıqla qarşılaşıram. Təbii ki, uzun mübarizə yolu keçənin mübarizədən başqa yolu olmur.

“Qaçqınkom”da kiməsə nifrət etmirəm. Bu komitədən ailəmizə qarşı yönələn mənəvi, psixoloji, maddi işgəncə üslubuna nifrət edirəm. Qaçqınlardan deyil, qaçqın sözündən zəhləm gedir. Bu damğa fərqli assosiasiya yaradır ruhumda. Hiylə, daxili, xarici xəyanət, düşmənçiliklə qaçqınlaşdı qarabağlılar. Üstün örtüb yumşaq ifadə ilə köçkün deyirlər. “Qaçqınkom” insafən əvvəlki sədrin talançılığından sonra yenisinin gəlişi ilə xeyli iş görüb. 

Ancaq bizim ailə haqlarımıza zidd olan hərəkətlər şər mərkəzli görünür nəzərimdə. Əcaibdir, düşmənçilik edən ölkələrə balanslaşdırma siyasəti aparan ölkənin icra strukturu polis gücünə ailəmizi halal ata mənzilindən şər-şantajla çıxartsın, bu azmış kimi bu ölkənin “Qaçqınkom”u da zülmü davam və inkişaf etdirsin. Əcaib deyilmi?İndi mən bu balanslaşdırma siyasəti aparan ölkədə ailə balansımı necə təmin edim? “Qaçqınkom” anlamalıdır ki, mənim ev, kirayə məsələsindən, problemindən qaçmaq şansım yoxdur. Və əsas odur ki, “Qaçqınkom” da sözündən, vədindən qaçmasın. Onsuz da, Azərbaycanın fərqli strukturlarındakı məmurların xeylisi dövlətə, xalqa qarşı əsl fəlakət yaradıcılarıdır. Bunu mən demirəm, bütün dünyaya yayılan sosial şəbəkə dalğaları deyir. Sayqısızlıq eləmək fikrim yoxdur. Ancaq sayqısızlığı qəbul etmək fikrim də yox. Ən azı ev kirayəm ödənməlidir, həm də doğru-düzgün. Kimlərinsə xətalarını eşələmək deyil, vəziyyəti xilas etmək məcburiyyətindəyəm. Xətalara gələndə təbii ki, mən də süddən çıxan ağ qaşıq deyiləm. Biz xətalarımızla insanıq.

“Qaçqınkom”da son üç il nələri seyr eylədim?

Misralayıb hikməti, mənanı şeir eylədim.

 

“Qaçqınkom”dan yazmağa mənəvi ehtiyac var,

“Qaçqınkom”a ümidli gör nə qədər möhtac var.

 

Əsaslanıb mövzuda sənədlərə, faktlara,

Həqiqətlərdən gəldim məntiqi isnadlara.

 

Güvənib qanunlara, müqayisə, mənbəyə ,

Çoxillik təəssüratlar özü dil açsın deyə.

 

Ümidlər sərgiləyib, yurdsuzluq ovqatına,

Yeni nəzərlə baxdım qaçqınlıq həyatına.

 

Kim necə düşünürsə, sözsüz elədir özü,

Əsl şair deyərmi, bişirməmiş çiy sözü?

 

Dünya müsibətləri sınağa çəkir bizi,

Həm millət şəkilində, həm də bir-birimizi.

Düşünürəm ki, “Qaçqınkom”un qəlbimi son üç ildə əzməyi Allah xatirinə yetər! 2015-ci ildə “UZAQLARI YAXINDAN GÖRƏNLƏR”(yəhudilər) kitabımın 182-183-cü səhifəsindən bir parçanı təqdim edirəm ki,düşündürə bilim:

“İnanıram ki, bəşəriyyət zəlzələdən, ya vəlvələdən özünün artıq yükündən azad olacaq. Dünya xaosu, qarışıqlıq öncə dünya sularını bulandırıb, sonra duruldacaq. Hər şey ecazkar pulun və dəqiqiliklə tərtiblənmiş uzaqgörənliyin dünya hakimiyyətinə doğru irəliləyir. Bu proses öz yekununa yaxınlaşdıqca dünya əhalisi fərqli məhrumiyyətlərin, qırğınların, xəstəliklərin, təbii və sair fəlakətlərin  qurbanlarına çevriləcək. Bu öncəgörmə deyil, dünyanın idarəedilmə strategiyasındandır. Uzunmüddətli ardıcıllığı ilə qaçınılması mümkünsüz olacaq proses... Neynəməli? Zəlzələlərdə günahlı da, günahsız da ölür... Ağrıdıcıllıq isə daha çox uşaqların həlak olmalarıdır. Zəlzələlər qətiyyən Ali Qüvvənin ədalətsizliyi sayıla bilməz. Bu zəlzələlərdə, ümumən həyatda uşaqların ölümü Allahın ədalətli olduğunu təsdiqləmək üçün hansısa dünyanın, aləmin (Cənnətin) varlığını sübut edir. Hər şey Yaradanın nəzarətində davam edir və edəcək. İblis olmasaydı Allah yetərincə sevilməzdi. İblisə söyənlərin əksəriyyəti isə öncə özünə söyür. Çünki o çoxluğun içində əyləşib... Sübut: bugünkü gerçək dünya!”

P.S. Nə demək istəyirəm? Qlobalizmdir bu yazının müəllifi olaraq, qlobal mövzularda yazmağa meylliyəm. Mənə fərqli problemlər, maneələr, əngəllər yaradılıb enerjimin, zamanımın israf edilməsini heç istəmirəm. Dövlətə xidmət edənlər bilməlidir ki, dövlətlər də birbaşa ya dolayısı ilə qlobalizmə xidmət etməyə məhkumdur. Göründüyü kimi, bunu hələ 2015-ci ildə yazıda sitat gətirdiyim kitabda demişəm. Daha nə deyəsiyəm? Mən yalnız anlayışa sayqı duya bilərəm. Xaqımızın yolu açıq və işıqlı olsun!

Redaksiyadan: “Təzadlar”ın 25 illik istedadlı qələmlərindən Nizami Süleymanoğlunun mənzil problemi redaksiyamızın nəzarətində olacaq.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN