Hər bir millətin dünya miqyasda tanınmasında onun sayılıb-seçilən ziyalılarının, elm xadimlərinin xidmətləri danılmazdır.

Yüksək zəkası, istedadı, əxlaqi keyfiyyətləri ilə seçilən belə irfan sahibləri yaşadıqları zamanın fövqünə ucalaraq, ilk növbədə, cəmiyyətdə sağlam mənəvi idealların möhkəmlənməsinə çalışmış, cəmiyyətin inkişafına töhfə vermiş, insanları nəcib məqsədlərə yönəltmək məramı ilə diqqət mərkəzində olmuşlar.

Əsl ziyalıya xas dəyərləri xarakterində cəmləyən belə nurlu şəxsiyyətlərin - həqiqi alimlərin elmi potensialı, intellekti, düşüncə tərzi müəyyən mənada zülmətdən işığa boylanan nur kimi qəbul edilmişdir.

Şərəfli ömür yolu, elmə bağlılığı, pedaqoji fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli alimlərdən biri də professor Ədalət Muradovdur. Görkəmli alimin istər elmi-pedaqoji, istərsə də ictimai fəaliyyətinin hər bir səhifəsi xalqa xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və şəxsiyyət imicini tamamlayır. 

Ədalət Muradov "Əsas məqsədimiz Azərbaycan Dövlət İqtisad Universitetinin 100 yaşı tamam olanadək dünyanın ən yaxşı 500 universiteti sırasında yer almaqdır" deyərək bu missiyanın həyata keçməsi üçün əlindən gələni əsirgəmir.

Maraqlı məqamlardan biri də rektorun qeyri ixtisas dərslərini distant təhsilə keçirməsidir. Belə ki,  "Flipped Education" modelinin tətbiqi sayəsində müəllim tələbələrə əyani mühazirə keçmir. Müəllim onlayn formada mühazirəni tələbəyə göndərir. Tələbə 20 dəqiqə ərzində mühazirə ilə tanış olduqdan sonra başa düşmədiyi məqam olduqda müəllimə bildirir.

Professor Ədalət Muradovun əsas hədəflərindən biri də universitetdə imtahan sessiyalarını mərhələli şəkildə ləğv etməkdir.  Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Onda imtahana ehtiyac qalmayacaq.

Rektorun yeniliklərindən biri də, universiteti bitirən tələbələrə qeyri-akademik transkriptin veriləcəyidir. Məlum olduğu kimi, ölkədəki universitetlərdə tələbənin yalnız bilikləri qiymətləndirilir, hansı bacarıqlara sahib olmaları isə nəzərə alınmır. Lakin xarici ölkələrin aparıcı universitetlərində tələbələrin bacarıqları da qiymətləndirilir və akademik traksriplərlə yanaşı, qeyri-akademik transkript də verilir. Ə. Muradov da  təqribən iki ildir bunun üzərində çalışır. Növbəti mərhələdə ekspertlər və iş adamları ilə qeyri-akademik traksriptin verilməsini müzakirə edəcək və gələcəkdə tələbələrə qeyri-akademik transkript də veriləcək. Bu, onlara gələcək karyeralarında böyük imkanlar verəcək. Həmin transkriptdəki QR kodu oxutduran işəgötürən tələbəmizin hansı bacarıqlara malik olduğunu da öyrənmiş olacaq.

Azərbaycan Dövlət İqtisad Universitetinə Ədalət Muradovun gətirdiyi yeniliklərdən biri də universitetdə ingilis dili 4 bacarıq üzərindən 2 il müddətində tədris olunmasıdır. Rektorun əməkdaşlığı sayəsində universitetdə IELTS tərəfdaşı olan Dil Mərkəzinin fəaliyyətə başladıyıb və dekabr ayında ilk imtahanlar keçirilib.

Universitetdə fəaliyyət göstərən kitabxanaların fəaliyyətində də rektor Ədalət Muradovun bir sıra yeniliyi var. Hazırda universitet Kitabxana İnformasiya Mərkəzində kitab fondunun sayının 85250 nüsxəyə çatdırılmış, elektron resurs sayının isə bir milyondan çoxdur.

Universitetdə daha bir yenilik Assistentlik institutunun yaradılmasıdır. Kafedralarda fəaliyyət göstərən laborantları artıq assistent və icraçı assistentlər əvəz edəcək. İcraçı assistentlər gələcək müəllim bazasının formalaşmasında mühüm rol oynayacaq.

Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində Ömürboyu təhsil mərkəzinin fəalliyətə başlanmasına da müvəffəq olub.  Kommersiyayönümlü fakültə olan mərkəzdə müxtəlif ixtisaslar və peşə təhsilləri üzrə kurslar, təlimlər və mütəxəssis hazırlığının aparılması işi də uğurla tamamlanıb.

Professor Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin Tədqiqat Universitetinə çevrilməsini hədəf seçdiklərini bildirib.  E-universitet modelinin yaradılması Dünya Universitetlərinin reytinq göstəricilərindən biridir. Universitet daxili vəsaitlər hesabına bu işin öhdəsindən layiqincə gələ bilib. Universitet idarəçiliyində, xüsusilə struktur islahatlarında ən mütərəqqi kontentlər seçilib.

Məlum olduğu kimi XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər.

Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN professor Ədalət Muradov tərəfindən yaradılmışdır. Onun təklifi ilə ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulacaq və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə biləcək.

Sadaladığımız işlər professor Ədalət Muradovun layihələrindən yalnız bir hissəsidir. Bura professor-müəllim heyətinin əmək haqqılarının artırılması, UNEC professoru və başqa elmi adların təsisi üzrə aparılan işlər də daxildir.

Əlbəttə bu adi görünən statistikanın arxasında əsl alim, ictimai xadim olan Ədalət Muradovun böyük zəhməti, məhsuldar yaradıcılığı, yeni ideyalara yol açan fədakarlığı dayanır. Onun elmə verdiyi töhfə qətiyyən kəmiyyət parametrləri ilə ölçülə bilməz, burada ən vacibi alimin elmə, ictimai fikrə, təfəkkür tərzinə gətirdiyi novatorluq, yeni keyfiyyətdir, elmin inkişafı və tərəqqi naminə təmənnasız gördüyü əhəmiyyətli işlərdir.

Onu da qeyd edək ki, professor Ədalət Muradov hər şeydən əvvəl olduqca xeyirxah, sözün tam mənasında nəcib və ədalətli bir insandır. Onun adı Azərbaycan iqtisad elminin inkişaf tarixində xüsusi yer tutur və hələ uzun illər gələcək nəsillər üçün elmə fədakar xidmətin nümunəsi kimi örnək olacaqdır.

Natəvan Ağayeva

Azərbaycan Dövlət İqtisad Unversetinin 

Xarici Dillər kafedrasının baş müəllimi