booked.netbooked.net booked.net  

İyulun 7-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən hazırlanan işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytının təqdimatı keçirilib.

Saytın yaradılmasında məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan Respublikası tərəfindən həyata keçirilən vandalizm, özününkiləşdirmə və dağıntı faktlarını açıq internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın işğaldan azad olunan Azərbaycan Respublikasının ərazilərində yerləşən tarix-mədəniyyət abidələrinin real mənzərəsinin geniş ictimaiyyətə çatdırması baxımından əhəmiyyətindən danışıb.

Bildirib ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününkiləşdirməyə məruz qoyulub. Ən çox dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri xüsusi yer tutur.

Nazir vurğulayıb ki, yeni yaradılan sayt işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaqdır.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytı bu istiqamətdə mühüm informasiya resursudur.

Qeyd edib ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili” haqqında Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının icrası üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri işğaldan azad olunmuş rayonlara ezam edilmiş və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi ilə bağlı vəzifələrin yerinə yetirilməsinə başlanılıb.

Vurğulayıb ki, həyata keçirilən monitorinqlər ilə bağlı məlumatlar Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam, Tərtər, Laçın və Kəlbəcər rayonlarını əhatə edib.

Azad Cəfərli bildirib ki, heritage.gov.az saytında azad olunmuş ərazilərdə aparılan tarix-mədəniyyət abidələrinin monitorinqinin nəticələri geniş şəkildə öz əksini tapıb: “Saytda işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl, sonrakı və bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumatlar öz əksini tapıb. Eyni zamanda abidələrin yerləşdiyi məkanlar müvafiq xəritə üzərində də qeyd olunub”.

Vurğulanıb ki, internet resursu istifadəçilərin rahatlığını təmin etmək baxımından müasir tələblər səviyyəsində hazırlanıb. Belə ki, saytın hazırlanmasında müasir proqram təminatlarından istifadə olunub. Sayt “google”ın seo (search engine optimization - axtarış motoru optimizasiyası) standartlarına cavab verir. Bu da axtarış sistemlərində əlaqəli olan açar sözlər axtarıldığı zaman saytda olan məlumatlar istifadəçilər üçün ən ön sırada göstərilməsinə imkan yaradır.

Bildirilib ki, məzmun baxımından daha dəqiq, elmi, əsaslandırılmış məlumatlarla zənginləşdirilən internet resursu işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidləri haqqında məlumatları və bu sahədə olan yeniliklərin də operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir.

Sonda mədəniyyət naziri Anar Kərimov və Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərin suallarını cavalandırıblar.

E.ŞİRİNOV  

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN