“Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə və şəffaflıq səviyyəsinin artırılması...

TEZADLAR.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vergi orqanları tərəfindən tətbiq edilən rəqəmsal alətlər arasında yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi ölkədə biznes mühitinin daha da sağlamlaşdırılması və sahibkarlıq fəaliyyətinin keyfiyyətcə yeni müstəviyə qədəm qoyması baxımından olduqca əlamətdar hadisədir. Bu yeniliyin gətirdiyi faydalardan ən başlıcası həm sahibkarların, həm də dövlətin marağında olan şəffaflıq amilinin artması ilə bağlıdır. Yeni kassa aparatlarından istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına, dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Hazırda ölkəmizdə 71 mindən çox belə kassa quraşdırılıb. Yeni nəsil nəzarət-kassa aparatları vergi ödəyicisinin fəaliyyətinə məsafədən nəzarət olunmasına şərait yaratdığından, eləcə də çevik hesablaşma forması olduğundan kassa aparatları tətbiq edilməli fəaliyyət sahələrinin dairəsi genişləndirilir. Bu kassaların tətbiq dairəsinin genişləndirilməsi, öz növbəsində, innovativ layihə olan “ƏDV geri al”a da müsbət təsir göstərir. Bu il qanunvericiliyə edilmiş dəyişikliklərdə ƏDV-nin qaytarılması mexanizmi tibbi xidmətlərə də aid edilib. Tibb müəssisələri tərəfindən göstərilən xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədilə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə yanaşı, tibbi xidmətlərin göstərilməsi sahəsində də “ƏDV geri al” mexanizmi tətbiq olunub.

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, “kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə aparılması, habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsi, o cümlədən rəqəmsal vergiyığma üzrə əhatəliliyin (təqdim edilmiş qaimə-faktura və onlayn kassa üzrə dövriyyələrin cəminin bəyan edilmiş dövriyyəyə nisbəti) xüsusi çəkisinin 75%-dən çox olması hədəflənib.