“Prezidentin fərmanına uyğun olaraq optimallaşma aparmaq, hüquqi əsaslar yaratmaq, artıq RİNN tabeliyinə keçən çoxsaylı portalları, eGov portalı, MyGov portalı, dxr.az portalı, Opendata.az Portalı və s. vahid bir mərkəzdə formalaşdırmaq daha doğru yanaşma olardı.”

***

RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb ki, ‘’Açıq Məlumatlar Bazası’’ portalı təqdim olunub

Təsəvvür edin, ötən gün Prezident fərman verib , eGov səlahiyyətlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN), həm də məhz həmin Agentliyə verib. Ləğv edilən eGov Mərkəzinin də bir neçə portalı vardı - pərakəndə halda idi.

Oxşar portalın biri də RİNN-də olan ‘’Açıq Məlumatlar Bazası’’ portalı idi. İndi birdən kiminsə ağlına gəlib ki, onu yeniləsin.

Bu fikri Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz bildirib..

O, vurğulayıb ki,  bəlkə də portal günün tələblərinə cavab vermirdi - effektiv mexanizmlər yox idi, köhnə standartlar əsasında hazırlanmışdı.

“Amma doğrudanmı onu elə dərhal yeniləmək lazım idi?  Dəfələrlə deyilib ki, səmərəsiz prosesləri yeniləmək və rəqəmsallaşdırmaq daha ağır fəsadlar verir.  Prezidentin fərmanında mərkəzləşmədən pərakəndəliyin aradan qaldırmasından söhbət gedir, amma adı çəkilən qurumun ilk addımları anlaşılmaz olur”, - deyə bildirib.

Osman Gündüzün fikrincə, hazırda prioritet olan, Prezidentin fərmanına uyğun olaraq optimallaşma aparmaq, hüquqi əsaslar yaratmaq, artıq RİNN tabeliyinə keçən çoxsaylı portalları, eGov portalı, MyGov portalı, dxr.az portalı, Opendata.az Portalı və s. vahid bir mərkəzdə formalaşdırmaq daha doğru yanaşma olardı.

O, vurğulayıb ki, heç bir dövlət qurumu öz arzusu ilə portal məlumat bazası yerləşdirmir.

“Eyni zamanda, daha doğru olardı ki, İRİA nə üçün portalın içinin BOŞ olmasına diqqət çəkəydi. Uzun müddətdir ki, dövlət qurumları ora heç nə əlavə etmirlər. Axırıncı yeniləmə az qala bir il öncə olub. Sadəcə biabırçılıqdır. Ona görə yenilənmə yoxdur ki, hüquqi əsaslar yoxdur. Heç bir dovlət qurumu öz arzusu ilə ora məlumat bazası yerləşdirmək istəmir”, - deyə diqqətə çatdırıb..

Osman Gündüzün sözlərinə görə, İRİA-nın prioritetləri müəyyən etmək əvəzinə, "Açıq məlumat bazaları haqqında Qanun" layihəsini ortaya qoymaq əvəzinə, sektorda mərkəzləşmə əvəzinə ikinci, üçüncü dərəcəli işlərə önəm verməsi təəssüf doğurur.

Sonda o,  RİNN-in tez bir zamanda Prezidentin ötən gün imzaladığı fərmana uyğun olaraq açıq məlumatlara və eGov məsələlərinə, rəqəmsal hökumətə və transformasiyaya vahid bir konseptual yanaşma ortaya qoyacağına ümid etdiyini bildirib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev elektron hökumət sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb. 

Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimləməsinin həyata keçirilməsi, o cümlədən fəaliyyətin təşkili və əlaqələndirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Nazirliyin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin ona qoşulması formasında yenidən təşkil ediləcək.

 JASMİN