Rusiya hələ ki, Yaponiya ilə münasibətlərin istilənəcəyini zənn etmir...

*** 

Hazırda Yaponiya ilə sülh müqaviləsi bağlamaq mümkünlüyü mövzusu Rusiya üçün qapalı olaraq qalır. Bunu cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Sülh müqaviləsinin mövzusuna gəlincə, o, bizim üçün qapalı olaraq qalır.

Xatırladım ki, Rusiya Xarici İşlər Nazirliyinin 21 mart 2022-ci il tarixli bəyanatına əsasən, açıq-aşkar qeyri-dost mövqe tutan və ölkəmizin mənafeyinə xələl gətirməyə çalışan dövlətlə, ikitərəfli münasibətlərə dair fundamental sənədin imzalanmasının müzakirəsinin mümkünsüzlüyünə görə Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində olmadığımız açıq şəkildə qeyd olunub”- diplomat bəyan edib

Onun sözlərinə görə, Rusiya Federasiyası Yaponiyada ABŞ-ın hipersəs raketlərinin yerləşdirilməsi planlarını yaxından izləyəcək.

Zaxarova ABŞ-ın hipersəs raketlərinin Yaponiyada yerləşdirilməsinin regionda təhlükəsizlik vəziyyətini dəyişəcəyini və dünyada strateji sabitliyə təsir edəcəyini də vurğulayıb.

***

Xatırladaq ki, ABŞ Yaponiyadan Çinə qarşı LRHW hipersəs raketləri və Tomaqavk qanadlı raketlərini ərazisində yerləşdirməsi üçün icazə istəyib.

Yaponiyanın məsələyə müsbət yanaşdığı və razılıq vermək niyyətində olduğu deyilir.

Xarici KİV-in məlumatına görə, onlar raketləri Sakit okeanda “birinci ada zənciri”nə yerləşdirmək istəyirlər. Şərti olaraq, bu zəncirə Yapon arxipelaqının özü, həmçinin Rusiyanın Kuril adaları, Ryukyu və Tayvan və bir sıra digərləri daxildir.

 

JASMİN