Sentyabrın 11-dən 20-dək Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri Ermənistan ərazisində keçiriləcək.

TEZADLAR.AZ Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının “Zar” təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək.

Qurumun məlumatında qeyd olunur ki, təlimlərin məqsədi sülhməramlı əməliyyatların tərkib hissəsi kimi beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsi, o cümlədən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının “Əməliyyat İmkanları Konsepsiyası”nın planlı qiymətləndirilməsinə erməni hərbçilərinin hazırlığının artırılmasıdır.