Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” regionda rəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək, iqtisadiyyatların dayanıqlılığını təmin edəcək.

TEZADLAR.AZ xəbər verir ki, bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına iqtisadçı ekspert Emin Qəribli deyib.

E.Qəriblinin sözlərinə görə, Azərbaycan ərazisindən keçəcək telekommunikasiya xətti Xəzər dənizinin dibi ilə çəkilərək Avropanı Asiya ilə birləşdirəcək: “Bu xəttin çəkilməsi ilə Azərbaycan bir haba çevriləcək ki, bu da müsbət bir haldır. Amma bununla bərabər, Azərbaycan, Gürcüstan, Qazaxıstan və İpək Yolu üzərində yerləşən digər ölkələrin ərazisində müvafiq rəqəmsallaşma prosesinin aparılması üçün yüksək texnologiyaların və yüksək rabitə xətlərinin tətbiq olunması lazımdır. Bunun üçün birgə layihələr həyata keçirilir. Yeni xətlərin çəkilməsi ilə Azərbaycan üstünlüklər əldə edəcək”.

E.Qəribli qeyd edib ki, ərazimizdən yüklər İpək Yolu vasitəsilə daşınacaq: “Təbii ki, bunu təmin etmək, məsrəfləri aşağı salmaq üçün yeni texnologiyaların tətbiqinə ehtiyac var. Yol infrastrukturunun çəkilməsi ilə yanaşı, rabitə, telekommunikasiya dəhlizinin də yaradılması mühüm rol oynayır. Buna görə də bu gün “Rəqəmsal İpək Yolu” layihəsinə müvafiq müəssisələr cəlb olunur”.

Qeyd edək ki, Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı “Rəqəmsal İpək Yolu” layihəsini Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın yeni sahəsi kimi qiymətləndirib.