Dünyanın sonunun yaxınlaşacağı ilə bağlı müxtəlif nəzəriyyələr, fərziyyələr... mövcuddur. 

"Bir gün qiyamət günü gələcək" deyə düşünənlər, yalnız bir suala cavab tapa bilmirlər: nə zaman? Bax bu, sual altındadır... Alimlər uzun illərdir ki, bununla bağlı baş sındırırlar, lakin...

Təəssüf ki, qiyamətdən qorxanların çoxu bu günün yaxınlaşmasını öz əlləri ilə etdiklərinin fərqində belə deyillər: təbiətə amansız davranış, ekologiyanı korlamaq, təbii sərvətlərdən israfçılıqla istifadə və s.

Elm və texnika da inkişaf etdikcə planetimizə dəyən zərər ölçüyə gəlməz həddə çatıb.

Və budur, bir gün öz əllərimizlə məhvə sürüklədiyimiz bu böyük Evimizdə bəziləri ölməmək, sağ qalmaq üçün yollar düşünürlər və bunun üçün malından-pulundan keçməyə hazırdılar....  

Artıq onları düşünənlər də tapılıb.... Amerikanın "Vivos" şirkəti dünyanın sonundan sağ çıxa biləcək yeraltı şəhəri təchiz edib.

Bu barədə “Metro” məlumat yayıb.

ABŞ-ın Cənubi Dakota ştatının dağlarında keçmiş hərbi bazanın yerində 10 min nəfəri qəbul edə bilən nəhəng sığınacaq tikilib.

İndianada daha kiçik bir sığınacaq açılıb, Almaniyada isə başqa bir sığınacaq tikilir.

"Vivos"un baş direktoru Dante Viçinonun sözlərinə görə, bunkerdə yer rezerv etmək istəyənlərin sayı bir il ərzində iki min faizdən çox, satışlar isə 300 faiz artıb.

Qeyd edilir ki, digərləri çaşqınlıqla nə edəcəyini düşünərkən, cəmiyyətin üzvləri yüzlərlə həmfikir insanla birlikdə sakitcə təyin olunmuş sığınacaqlarına gedəcək, özlərini ağır qapılar arxasına bağlamağa və səthdə hər cür təhdiddən sağ çıxmağa hazır olacaqlar.

Şirkət iddia edir ki, sığınacaqlar ən azı bir il səthlə təmas etmədən avtonom işləmək üçün nəzərdə tutulub.

Cənubi Dakotada şəxsi bunkerdə bir yer müştərilərə 55.000 dollara başa gələcək. İndianada daha ucuzdur - adambaşına 35 000 dollar, bəzi çatışmayan ixtisaslar üzrə mütəxəsis olanların isə bəxti daha çox gətirəcək -onlara endirimlər ediləcək...

Həmin bunkerlərin "dünyanın sonu"nda baş verə biləcək fəlakətdən necə qoruyacağını, yaxud yer sifariş edən insanlara həmin sığınacaqların qismət olub-olmayacağını (bu, milyard illər sonra da ola bilər) deyə bilmərik, amma bu böyük Evimizi qorumaq üçün Yerə, göyə... amansız davranmamalıyıq... Çünki nə əkəcəyik, onu da biçəcəyik!  

 

Y.Məmmədli