booked.netbooked.net booked.net  

"Adında "elektron" sözü olan sənədi kağıza çevirib notarial təsdiq edən notariusları Ədliyyə Nazirliyi cəzalandırmalıdır."
X-Road əvəzinə milli məhsul olan "ASAN Bridge" tətbiq ediləcək
Bu fikirləri  "Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında bildirib.
"Elektron Hökumətin İnkişafı Mərkəzi bir daha açıqlayıb ki, eGov infrastrukturun özəyini təşkil edən ASAN Bridge sistemi artıq tam hazırdı. EHİM bir neçə ildir ki, bu haqda açıqlamalar verir.
Milli Məlumat Mübadiləsi Sistemi olan "ASAN Bridge" dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyasında əsas rol oynayır. Məlumat mübadiləsi, inteqrasiya məhz bu sistem üzərindən gerçəkləşir.
Yəni, belə demək mümkünsə, eGov bundan sonra əsasən "ASAN Bridge" üzərində "oturacaq".
Yeri gəlmişkən, indiyədək bizim eGov infrastrukturu xarici bir sistem, Estoniyaya məxsus ola X-Road sistemi üzərindən fəaliyyət göstərirdi.
VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin uzun illər üzərində işlədikdən sonra belə bir strateji milli məhsulu tam istifadəyə verməsi təqdirəlayiqdir.
Amma maraqlı məqam odur ki, dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyasında çox ciddi problemlər hələ də qalır".
Ekspertin sözlərinə görə, dövlət qurumları bəh-bəhlə e-xidmətləri təbliğ etsə də və EHİM bu sistemlərin "ASAN Bridge" sisteminə qoşulduğunu bəyan etsə də real vəziyyət əksini göstərir.
"Hələ də dövlət qurumlarının bir çoxu digərlərinin elektron sənədlərini tanımır, onları kağız formada, notarial təsdiqlə vətəndaşdan yenidən tələb edir.
Bir dövlət qurumu elektron etibarnamənin, digər dövlət qurumu əmlakla bağlı elektron çıxarışın, başqa birisi isə, hətta şəxsiyyət vəsiqəsi və yaşayış yerindən arayışın notaril təsdiqini istəyir.
Bu isə o deməkdir ki, hələlik "ASAN Bridge" üzərindən inteqrasiya başa çatmayıb", deyə o, vurğulayıb.
Osman Gündüz xatırladıb ki, on illərdir eGov quruculuğunun, dövlət sektorunda rəqəmsal transformasiyanın aparıldığını nəzərə alsaq bu tip hallar onu göstərir ki, hələlik real nəticələr çox azdır.
"Odur ki, yaxşı olardı  EHİM "ASAN Bridge" sisteminə qoşulanların, inteqrasiyası baş tutan dövlət qurumlarının siyahısını açıqlasın. Eyni zamanda inteqrasiya baş tutmayan dövlət qurumların siyahısı açıqlansın.
Göstərilsin ki, onların hansı xidmətləri, hansı bazalarının inteqrasiyası baş tutub. Düşünürəm ki koordinasiyaya cavabdeh qurum oaraq EHİM-in dövlət nəzarəti və ictimai nəzarətin gücləndirilməsi imkanları baxımından da bunları dərc etməsi çox faydalı olardı.
VXSİ Dövlət Agentliyi də hər il xidmətlərin keyfiyyəti ilə bağlı Hesabatında bu məqamlara ayrıca diqqət yetirməli və məlumatları tam açılamalıdır.
Ötən dəfə adi bir xidməti əldə edərkən iki nəhəng dövlət qurumunu özüm aşkar etdim ki, hələ də vətəndaşlardan kağız sənədlər, notarial təsdiqlər tələb edirlər. Dövlətdə elektron fofmada olan bir sənədi sistemdən çıxardıb, notarial da təsdiqləmək, yumşaq desək, xoşagəlməz bir situasiya idi.
Yeri gəlmişkən, yaxşı olar ki, EHİM Ədliyyə Nazirliyi ilə birgə dövlətə məxsus informasiya sistemlərində elektron formada mövcud olan sənədlərin yenidən kağıza çevrilməsi və notarial təsdiqini qadağan edən bir norma hazırlasınlar.
Adında "elektron" sözü olan sənədi kağıza çevirib notarial təsdiq edən notariusları Ədliyyə Nazirliyi cəzalandırmalıdır", - deyə Osman Gündüz bildirib.
Qeyd edək ki, rəqəmsal və müasir hökumət konsepti çox böyük miqdarda məlumatın effektiv idarə edilməsini tələb edir. Hər bir dövlət qurumu isə özünə aid məlumatları özündə saxlayaraq onları idarə edir. Lakin  vətəndaşlara daha yaxşı xidmət edə bilmək üçün müxtəlif qurumlar daim bir-birilərinə lazımi məlumatları ötürməli və bunu təhlükəsiz, eyni zamanda sürətli şəkildə həyata keçirməlidirlər. Məlumat mübadiləsi aləti “ASAN Bridge” sistemi Elektron Hökumət İnformasiya Sisteminin (EHİS-in) inteqrasiya modulu olaraq dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən həmin ehtiyatlar və sistemlər arasında dayanıqlı və təhlükəsiz məlumat mübadiləsini təmin edir.

 

“ASAN Bridge” sistemi sayəsində əldə edilən üstünlüklər: 

  • Fiziki avadanlıqlardan (kart, token və s.) asılı olmaması; 
  • Bütün Əməliyyat Sistemlərində (ƏS) işləyə bilməsi; 
  • Monitorinq modulu vasitəsilə sistem daxilində yaranan hər hansı bir problemi vaxtında aşkarlayıb tezliklə aradan qaldırması;
  • Məlumatın bir qurumdan digər qurumlara ötürülməsini zamanı müvafiq icazələrin mərkəzdən idarə edilə bilməsi; 
  • Bütün növ servislərin qəbul edilə bilməsi (XML, JSON, SOAP, Restful) və ötürülə bilməsi; 
  • Ötürülən servislərin dayanıqlığını artırmaq məqsədilə servislərin versiyalanması; 
  • Servislərin alt servislərə bölünə bilən olması və beləcə ötürülən məlumatların içindən yalnız lazım olanları seçərək qarşı tərəfə ötürməsi;
  • Məlumat mübadiləsinin maksimum sürətli və rahat həyata keçirilməsi.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN