ABŞ-da, bəzi Avropa ölkələrində insanlar olduqları məkana görə baş verə biləcək təbiət hadisələrilə (sel, daşqın, güclü külək...) bağlı əvvəlcədən xəbərdarlıq alırlar.

Bu fikirləri iyunun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin “Hirkan Milli Park”ına mediaturu zamanı ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru  Umayra Tağıyeva bildirdi.

 Departament rəhbəri gələcəkdə insanları olduqları məkana görə baş verə biləcək təbii fəlakətlərlə  bağlı xəbərdar edə bilən mobil proqramın tətbiqinə də başlanılacağını açıqladı.

“ABŞ-da, bəzi Avropa ölkələrində insanlar olduqları məkana görə baş verə biləcək təbiət hadisələrlə bağlı (sel, daşqın, güclü külək...) əvvəlcədən xəbərdarlıq alırlar. Bu, bir proqram tətbiqidir və bunun bizdə də tətbiqi planlaşdırılır.

Qeyd edim ki, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası çox səmərəli fəaliyyəti göstərir və sonuncu iclasda da icra hakimiyyətlərinə konkret tapşırıqlar verildi - gözlənilən təbii fəlakətin baş verdiyi an və baş verdikdən sonra hansı tədbirlər həyata keçirilməlidir. Yəni hər bir strukturun belə bir planları hazırlamaq və işində tətbiq etmək borcudur", - deyə bildirdi.

Umayra Tağıyeva vurğuladı ki, dövlət qurumu olaraq onlar xəbərdarlıqları yerli icra hakimiyyətlərinə çatdırırlar və onlar da bu məlumatları rayon təşkilatlarına – səhiyyə, təhsil, bələdiyyə orqanlarına... çatdırırlar.

“Əlbəttə, bizim bu sahədə görüləcək işlərimiz çoxdur. Hava-iqlim şəraitindən asılı olan sektorlarda insanlar risklərlə üzləşir - istər dənizdə, istər aviasiyada və s. Gözlənilməz təbii fəlakətlərin sayı artdığı üçün hidrometerelogiya xidməti də güclü olmalıdı. Ən azından itkilərin qarşısını almaq üçün dəqiq və vaxtında məlumatlar verilməlidir”, - qeyd etdi.

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA