Nə zamandır ictimaiyyət arasında görünməyən birinci prezident məsciddə namaz qılıb

 Nursultan Nazarbayev bu gün cümə namazını qılmaq üçün Qazaxıstan paytaxtının Baş Məscidini ziyarət edib.

Birinci prezident ziyarət zamanı Dünya və ənənəvi dinlər liderləri konqresinin möhtərəm qonağı, “Əl-Əzhər” Universitetinin ali imamı Əhməd ət-Tayibi də salamlayıb.

 Bu barədə birinci prezidentin sözçüsü Aydos Ukibay məlumat yayıb.

Görüş cümə namazından sonra Baş Məscidin divarları arasında baş tutub.

Söhbət zamanı dünyada dinlərarası dialoqun aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb və bu prosesdə Qazaxıstanda keçirilən Dünya və ənənəvi dinlər liderlərinin konqresinin mühüm rolu vurğulanıb.

Nazarbayev Qazaxıstanla Misir arasında əlaqələr, o cümlədən ali təhsil sahəsində inkişaf ilə bağlı xatirələrini bölüşüb.

Xatırladaq ki, bu gün Qazaxıstanda keçirilən növbədənkənar sessiyada deputatlar paytaxt Nur-Sultan şəhərinin adının dəyişdirilərək Astana adlandırılması haqqında qərar qəbul ediblər.

Bir müddət əvvəl isə Nursultan Nazarbayevin şərəfinə qeyd edilən “Elbası” bayramı da ləğv edilib.

Belə ki, 1 dekabr - Birinci Prezident Günü dövlət bayramları siyahısından çıxarılıb.

 

Y.MƏMMƏDLİ