Son günlər ölkə ərazisində yağan yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb.
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev TEZADLAR.AZ-a bildirib ki, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo məntəqəsində suyun səviyyəsi 20 sm, Viləşçay-Şıxlarda 13 sm, Lənkərançay-Sifidorda 11 sm artıb, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

“Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 157, Lənkəran-Astara bölgəsi çaylarında 110, Kiçik Qafqaz çaylarında isə 108 faizini təşkil edir”.

A.Verdiyev qeyd edib ki, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 158 m3/s-dir ki, bu da ongünlük normanın 108 faizini təşkil edir. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 156 m3/s olmaqla, ongünlük normanın 107 faizini təşkil edib.

“Qanıx-Cəlayir məntəqəsində də suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 28 m3/s-dir. Bu da ongünlük normanın 38 faizini təşkil edir. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 42 m3/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edib”.

Xidmət rəsmisinin sözlərinə görə, Kür çayının aşağı axınında Surra məntəqəsində suyun səviyyəsində 3 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 106 m3/san qeydə alınır ki, bu da ongünlük normanın 19 faizini təşkil edir. 2021-ci ilin müvafiq dövründə bu rəqəm 74 m3/s olmaqla, ongünlük normanın 13 faizini təşkil edib. Kür-Şirvanda isə suyun səviyyəsi 2 sm artıb və səviyyə 149 sm (2021-ci ildə səviyyə 115 sm) təşkil edib.