Əvvəllər 2022-ci ildə dünyanın ən bahalı şəhəri adlandırılan Nyu-York (ABŞ) Yeni il gecəsi kirayə üçün ən bahalı yer kimi tanınıb.

 CheapHotels.org  dekabrın 30-dan yanvarın 2-dək dünyanın 50 böyük şəhərində 3 gecə qalmaq üçün ən ucuz otel nömrələrinin qiymətlərini müqayisə edib. Yalnız mərkəzdə yerləşən və ən azı üç ulduz reytinqi olan və ümumilikdə müsbət qonaq rəyləri olan otellər nəzərə alınıb.

Nəticədə, ən ucuz otağın bir gecəlik qiyməti 312 dollar olan Nyu-York reytinqdə birinci, ikinci yerdə 297 dollarla Mayami (ABŞ) və 295 dollarla Sidney (Avstraliya) tutub.

Avropanın ən bahalı şəhəri London (Böyük Britaniya) gecəsi  275 dollarla 4-cü yerdə, Asiya istiqamətləri siyahısına isə Tokio (Yaponiya)  yeni il gecəsi üçün 232 dollarla (7-ci)  başçılıq edir.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycandakı hotellərlə bağlı da araşdırma aparılmışdı və KİV-də məlumat dərc edilmişdi.

Həmin araşdırmaya görə, artıq bir ay əvvəldən bir çox hotellərdə yerlər bronlaşdırılıb. Yəni qiymətlərin baha ollmasına baxmayaraq, bir çoxları cibini geniş aça biliblər...

 Məsələn,  "Şahdağ" hotelinin əvəzinə müştərilərə “Zirvə” və ya “Qala” hotelləri təklif olunub. Lakin məlum olub ki, bu hotellərdə bütün yerlər bron olunub, həmçinin qiymətlər 1630 manata qədər bahalaşıb...

“Tufandağ” hoteldə də bayramdan xeyli əvvəldən boş yer qalmayıb. 2 nəfər üçün otağın günlük qiyməti burda bir qədər ucuz olub - 1396 AZN-dir. 

Lakin dekabrın 31-dən 3 gecə isə 2 nəfər üçün 1693 AZN müəyyənləşib. Bura dekabrın 31-i şam yeməyi, digər günlər isə yalnız səhər yeməyi daxil edilib. VİP koteclərin qiyməti isə nə az, nə çox 4316 manat təşkil edir.

  "Quba Palace Hotel" də qiymətlər dekabrın 30-dan yanvarın 2-dək 1900 manatdır. Daha yüksək kateqoriya sayılan “family suit” otağın qiyməti isə 4000 min manatdır.

“Basqal” hoteldə isə tətil günlərində 2 nəfər üçün 3 günlük paketin qiyməti 1950 AZN-dir. Bura dekabrın 31-i qala gecəsi, hoteldəki digər xidmətlər, o cümlədən SPA daxildir. Eyni günlər üçün “delux” nömrə 2110 AZN, “family suit” isə 3980 AZN-dir.

“Şamaxı Palace” hotelində eyni günlər üçün 1450 AZN, eyvanlı otaqda isə 1480 AZN-ə başa gələcək. Qiymətlər dekabrın 30, 31-i və yanvarın 1-də 2 nəfər üçün nəzərdə tutulub. Buna gündə 3 dəfə qidalanma, qala şam yeməyi, hovuz və sauna xidmətləri daxildir.

 İndi Avropanın, Amerikanın, Asiyanın... hotel qiymətlərinə baxın, bizimkilərə də… Müqayisə edin, seçim öz əlinizdədir…

JASMİN