İmmiqrantların ölkəyə girişi və qalma qaydaları dəyişdirilib.

Yerli KİV-in məlumatına görə, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi mühacirlərin Qazaxıstana gəlişi və qalma qaydalarında dəyişiklik edildiyini açıqlayıb.

İmmiqrantların Qazaxıstana gəlişi və qalma Qaydalarına edilən dəyişikliyə əsasən, vizasız gələn əcnəbilər Qazaxıstan Respublikasında 30 gün qala biləcəklər, lakin 180 gün (altı ay) ərzində onların ümumi qalma müddəti 90 gündən çox olmamalıdır.

Qazaxıstana gələn Aİİ vətəndaşları 180 gün ərzində eyni qaydada -  90 gündən çox olmadan qala biləcəklər.

Nazirlik izah edib ki, qaydaların əvvəlki redaksiyasında bu məsələ həll olunmayıbmış və əcnəbilər qalma müddəti bitdikdən sonra Qazaxıstanı tərk edib və yenidən daxil ola, bununla da “qalma şərtlərini yeniləyə”bilərdi.

Ölkədə qalmağı məhdudlaşdıran bu qaydalar qaldıqları müddətdə müvəqqəti yaşamaq icazəsi və ya viza almış əcnəbilərə şamil edilməyəcək.

Daxili İşlər Nazirliyi qeyd edib ki, oxşar tələblər beynəlxalq təcrübədə də tətbiq olunur. O cümlədən, Qazaxıstan vətəndaşları Gürcüstan ərazisində 180 gün ərzində 90 gündən çox qala bilməzlər. Eyni qaydaların Belarus, Rusiya və Ukraynadakı qazaxıstanlılara da şamil edildiyi açıqlanıb.

Xatırladaq ki,  qaydalara edilən dəyişikliklər 27 yanvar 2023-cü il tarixdən Qazaxıstana daxil olmuş əcnəbilərə şamil ediləcək.

 

Y.MƏMMƏDLİ