Yaxın qonşumuz olan Gürcüstanın turizmçilik sahəsində böyük təcrübə qazandığını və son illər, məhz ölkəyə gələn turist axını sayəsində yaxşı qazanc əldə etdiyi barədə dəfələrlə qeyd etmişik.

Ölkənin Milli Turizm Agentliyi 2022-ci ildə Gürcüstanın turizmdən əldə etdiyi gəlirin miqdarnını 3 milyard 500 milyon dollar təşkil etdiyini açıqlayıb.

Etiraf etməliyik ki, bu, Gürcüstan üçün heç də kiçik rəqəm deyil.  Qeyd olunub ki, 2022-ci ildə ümumilikdə 5 426 903 beynəlxalq səyahətçi gəlib ki, onlardan da 3 652 949 nəfəri turist vizası ilə daxil olub.

 Məsələn, ötən il  əldə edilmiş həmin gəlir 2019-cu ilin turizm gəlirlərindən 363 milyon, 306 min dollar artıqdır. Yəni Gürcüstanın turizm sahəsindəki inkişafı, xarici turistlər üçün cəlbediciliyi günbəgün artır.

Azərbaycan vətəndaşlarının da bu ölkənin turizmdən əldə etdiyi gəlirlərə qatqısı az olmayıb.

Gürcüstanın Milli Bankının hesabat məlumatına görə, təkcə yanvar-aprel aylarında Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.

Bəs AZƏRBAYCAN? Bütün sahələrdə inkişaf etmiş ölkəmiz, niyə turist cəlb etməkdə hələ də geri qalır?  Dünyanın çox ölkəsi ilə rəqabətə girə biləcək gözəl təbiətinə, tarixi-memarlıq abidələrinə, kulinariyasına və daha nələrə sahib olan vətənimizdə nə çatışmır ki qonşularla rəqabətdə uduzuruq?

Xatırladaq ki, ötən il Azərbaycanda  cəmi 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülüb.

JASMİN