Ermənistan KTMT-dən çıxmağı düşünür...

***

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq imkanının müzakirə edildiyini bildirib.

O, bu barədə “Novaya qazeta”ya müsahibəsində bildirib.

Ermənistan rəsmisi belə bir müzakirənin aparıldığını etiraf edib: “Düzünü desəm, bəli, belə müzakirələr olub, bu təbii reaksiyadır”.

Qriqoryan Rusiyadan narazılığı da dilə gətirib. Onun sözlərinə görə, Rusiya nəinki sifarişlə, hətta İrəvan tərəfindən artıq pulu ödənilmiş silahları da vermir.

Bundan əlavə, Ermənistan KTMT-nin guya keçən ilin sentyabrında Azərbaycanın Ermənistan ərazisinə “birbaşa təcavüzü” zamanı işləyəcəyini gözləyirmiş, lakin onların ümidləri doğrulmayıb...

Jurnalistin Ermənistanın daim öz siyasi kursunu dəyişməsi ilə bağlı iradına Qriqoryan “son illər dünyada və xüsusən də bizim regionda təhlükəsizlik arxitekturası kəskin şəkildə dəyişib” cavabını verib.

"Müqavilə öhdəliklərinə əməl olunmur. Bütün təhlükəsizlik konsepsiyamız bunun üzərində qurulub, lakin hələlik yenisi yoxdur. Bu, böhrandır", - o deyib.

Qeyd edək ki, KTMT Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxil olduğu hərbi-siyasi beynəlxalq təşkilatdır.

Son illər Ermənistan KTMT-dən çıxacağı barədə dəfələrlə siyasi demaqogiyalardan istifadə edib və bununla da təşkilata üzv dövlətləri öz təbirincə qorxutmaq niyyətindədir, əsasən də Rusiyanın əsəblərini yoxlayır...

Xatırladaq ki, ötən ilin sentyabr ayında Ermənistan KTMT-yə 4-cü maddə ilə müraciət edib və ölkənin ərazi bütövlüyünün bərpası üçün hərbi yardım istəyib.

Paşinyan bildirib ki, KTMT Şurasının iclasının iştirakçıları guya Azərbaycan Silahlı Qüvvələrinin “Ermənistan ərazisinə müdaxiləsi” faktını qeydə alıblar.

KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov “Sentyabrın 13-də dövlətlərimizin başçıları yekdilliklə bəyan etdilər ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu problem siyasi və diplomatik üsullarla həll edilməlidir. Yəni, nə sentyabrın 13-də, nə dünən, nə də bu gün, həm də KTMT-nin iştirakı ilə hərbi gücdən istifadə etməkdən, məncə, yaxın gələcəkdə söhbət gedə bilməz” açıqlaması ilə ermənilərin boş və əsassız xəyallarına nöqtə qoymuş oldu.

Həmçinin bir müddət əvvəl (Vətən müharibəsində də) Ermənistan hakimiyyəti KTMT-dən guya ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün hərbi yardım göstərməyi xahiş etmişdi. Lakin saxta məlumatları işə yarımadı və istəklərinə nail ola bilmədilər.

Ermənistan isə arabir bu “inciklidən” yararlanmaq qərarına gələrək KTMT-ni tərk etmək barədə açıqlamalar verir...

JASMİN