booked.netbooked.net booked.net  

Gürcüstanın aviaşirkətləri Qərbin sanksiyaları ilə üzləşə bilmək təhlükəsi ilə üz-üzə qalıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Gürcüstana Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahat olduqlarını xatırladıb.

Gürcüstan KİV-nin məlumatına görə, sözçü vurğulayıb ki, bu narahatlıq Gürcüstan hava limanı şirkətlərinin sanksiya riski altında ola biləcəyi anlamına gələ bilər: “Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin öz hava məkanına daxil olmasını qadağan edir. Biz Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpasından narahatıq. Bu o deməkdir ki, Gürcüstan hava limanı şirkətləri sanksiyalarla üzləşə bilər. Biz, bütün Qərb cəmiyyəti özümüzü bu rejimdən uzaqlaşdırmışıq və indi Rusiya ilə münasibətləri artırmaq vaxtı deyil”, - deyə Departamentin sözçüsü bildirib.

***

Qeyd edək ki, bundan əvvəl  Aİ də Rusiyanın ötən həftə uçuş qadağasını ləğv etmək qərarından sonra Gürcüstanın Rusiyaya və Rusiyadan uçuşları bərpa etmək qərarından təəssüfləndiyini bildirmişdi.

Aİ Xarici İşlər Xidmətinin nümayəndəsi Piter Stano "Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni müharibəsi səbəbindən Aİ və bir sıra digər dövlətlər Rusiyanın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib. Biz və tərəfdaşlarımız Rusiyadan və Rusiyaya uçuşlara icazə vermirik. Gürcüstanın Aİ-yə getdiyi yolu və Gürcüstanın Gürcüstan-Aİ Assosiasiya Sazişində nəzərdə tutulduğu kimi xarici siyasətdə Aİ qərarlarına uyğunlaşmaq öhdəliyini nəzərə alaraq, Gürcüstan hakimiyyətinin son qərarı narahatedicidir”, - deyə bəyan etmişdi.

Xatırladaq ki, mayın 10-da Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib, eyni zamanda Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağaları da aradan qaldırıb.

Mayın 11-də isə Avropa İttifaqı Gürcüstan hakimiyyətini Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiya aviasiya sənayesinə qarşı tətbiq edilən sanksiyalara əməl etməyə çağırıb.

Gürcüstan prezidenti Salome Zurabişvili isə Rusiya Prezidentinin vermiş olduğu fərmanlardan qeyzlənmiş və bunu Rusiyanın təxribatı adlandırmışdı.

 Onu da əlavə edək ki, Tbilisidə bu  qərarın əleyhinə “Rus gəmisi ilə Avropa İttifaqına girə bilmərik” etiraz aksiyası da təşkil olunmuşdu və etirazçılar Rusiya ilə uçuşların ləğv edilməsi tələbini irəli sürmüşdülər. Aksiyada müxalifət nümayəndələri, sadə vətəndaşlar iştirak etmişdi.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN