ABŞ Senatı borc limiti haqqında qanun layihəsini təsdiqləyib.

ABŞ Senatı səs çoxluğu ilə qarşıdakı iki il üçün dövlət borcunun tavanının artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Prezident Co Bayden ölkənin ilk defoltunun qarşısını almaq üçün iyunun 5-dən əvvəl onu imzalamalıdır.

CNN xəbər verir ki, ABŞ Senatı defoltun qarşısını almaq üçün borc tavanı haqqında qanun layihəsini qəbul edib. Qanun ölkənin dövlət borcu limitini 2025-ci il yanvarın 1-dək dayandıracaq.

 Sənədi 63 senator dəstəkləyib, 36 senator əleyhinə çıxıb.İndi sənəd imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Bundan əvvəl qanun layihəsi Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Bayden senatorların qərarını iqtisadiyyat və Amerika xalqı üçün "böyük qələbə" və "Amerika borclarını ödəyən və öhdəliklərini yerinə yetirən bir millətdir" nümayişi adlandırıb.

Baydenin sənədi iyunun 5-dən, yəni ABŞ Maliyyə Nazirliyinin borc öhdəliklərini yerinə yetirə bilməyəcəyi tarixdən əvvəl imzalaması gözlənilir.

ABŞ-ın hazırkı 31,4 trilyon dollarlıq borc səviyyəsi hələ yanvar ayında aşıldı, lakin respublikaçılar və demokratlar onu artırmaq barədə razılığa gələ bilmədilər. Mayın sonlarında Ağ Ev və Respublikaçılar partiyası razılaşma üzrə kompromis əldə ediblər. O respublikaçıların tələb etdiyi kimi hökumət xərclərinin azaldılmasını nəzərdə tutur, lakin demokratların bir çox prioritetlərini saxlayır.

JASMİN