"Taliban" və "Əl-Qaidə" terror qrupları və "Təhrik-e-Taliban Pakistan" (TTP) arasında əlaqə "güclü və qarşılıqlı faydalı" olaraq qalır.

Bu barədə BMT Təhlükəsizlik Şurası Komitəsinin Analitik Dəstək və Sanksiyalar üzrə Monitorinq Qrupunun hesabatında deyilir.

“Taliban"ın faktiki hakimiyyəti altında bir sıra terrorçu qruplar çoxlu fəaliyyət azadlığına malikdir. Həm Əfqanıstanda, həm də regionda terror təhlükəsi artdığı halda, onlar bu vəziyyətdən fəal şəkildə istifadə edirlər”, - hesabatda qeyd edilir.

Hesabatda deyilir ki, “Əl-Qaidə”nin əməliyyat qabiliyyətini bərpa etdiyinə dair əlamətlər var və qrup “Taliban”ın idarə etdiyi Əfqanıstana “təhlükəsiz sığınacaq” kimi baxır.

Eyni zamanda, “Taliban” özlərinə "əsas rəqib" kimi qəbul etdikləri “İraq Şam İslam Dövləti – Xorasan” (İŞİD- X) ilə mübarizə aparmağa çalışır. BMT Təhlükəsizlik Şurasının üzvü olan dövlətlər İŞİD-X-nı “Əfqanıstana, qonşu ölkələr və Mərkəzi Asiyada mövcud ən mühüm terror təhlükəsi” kimi qiymətləndirirlər.

Mütəxəssislər İŞİD-K döyüşçülərinin sayının 4000-6000 arasında olduğunu təxmin edir və qruplaşma son bir ildə ölkədə yeni təlim düşərgələri əldə edib. Hesabatda qeyd edilir ki, İŞİD-X TTP üzvlərini, uyğurları, Taliban ideologiyasından narazı olan etnik tacik və özbək azlıqların nümayəndələrini hədəf alıb.

Qeyd olunur ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ilk dəfə ələ keçirən 1996-2001-ci illərdə Taliban administrasiyası tərəfindən həyata keçirilən "məhdudlaşdırıcı, puştun yönümlü avtokratik siyasətə qayıdıb".

Hesabatda, həmçinin “Müxtəlif fraksiya liderləri arasında davam edən hakimiyyət mübarizəsi vəziyyəti daha da destabilləşdirir və o həddə çatır ki, rəqib qruplar arasında silahlı toqquşma riski özünü büruzə verir” deyilir.

Bununla yanaşı, ekspertlər yaxın bir-iki ildə “Taliban" birliyinin böyük ehtimalla qorunub saxlanacağına” inanırlar.

Hesabatın dərcindən sonra “Taliban” sözçüsü Zabihullah Mücahid bunu "əsassız və qərəzli" adlandırıb. O, həmçinin deyib ki, Taliban rəhbərliyi arasında fikir ayrılığı iddiaları əfqanlara qarşı “açıq-aşkar düşmənçilik” nümayiş etdirir.

Xatırladaq ki, ilk dəfə 1996-cı ildə Əfqanıstan ərazisinin böyük bir  hissəsi “Taliban” qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə dövlət 5 ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejimin idarəçiliyinə keçdi. Həmin dövrdə də ölkəni “şəriət qanunları” ilə idarə edən taliblər ağlasığmaz qadağaları və "qanunları" ilə yaddaşlarda qaldı...

 Bu “qanunlardan” əsas zərər görən - dəhşətli günlər, illər yaşayan isə əfqan qadınları oldu.

 Ikinci  gəlişləri, 2021-ci il avqustun 15-də paytaxt Kabili ələ keçirdikdən sonra baş tutdu...

“Taliban”ın hakimiyyətə gəlişi o zaman da, indi də ilk növbədə  qadınların həyatına – təhsilinə, geyiminə, işinə… təsir etməkdədir. Onlar hakimiyyətə ikinci gəlişlərində fərqli siyasət yürüdəcəklərinə söz versələr də, lakin bu sözü tutmadılar...

JASMİN