Yay fəsli gələndə turizm mövsümü başladığı üçün turistlərin sayında da artım olmağa başlayır. Lakin hələ də ölkəmizə üz tutan əcnəbi turistlərin sayının daha çox olmasına mane olan səbəblər var. Məlum olduğu kimi, bunlardan biri quru sərhədlərimizin bağlı olmasıdır...
Bu barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov da bildirib.
O, diqqətə çatdırıb ki, Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir və ilin əvvəlindən ölkəyə gələn turistlərin sayı artıb. Öndə isə qonşu ölkələr gəlir:
"Bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1.5 dəfə artaraq 713 min nəfərə çatıb. Gələnlərin 65.7 faizi qonşu ölkələrin vətəndaşlarıdır. 
Belə ki, turistlərin 32,4 faizi Rusiya, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər.
Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 2,0 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 faiz, Pakistandan - 43,0 faiz, Gürcüstandan - 41,7 faiz, Türkiyədən - 22,5 faiz, Omandan - 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7 faiz artıb", - deyə bildirib.
Vüqar Bayramov turistlərin böyük qisminin hava, daha sonra dəmir yolundan istifadə etdiklərini nəzər çatdııb və turizm mövsümünün başlaması ilə əlaqədra quru sərhədlərinin də mərhələli şəkildə açılmasının lazım olduğunu bildirib. 
"Diqqəti çəkən digər məqam turistlərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etməsidir. Bu o deməkdir ki, ölkəmizə gələn hər üç tursitdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı.
Xüsusən də, Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur. Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir", - deyə bildirib.
Qeyd edək ki, Vüqar Bayramov dəfələrlə bu barədə təklif səsləndirən deputatlardandır. Lakin bir müddət MM-in deputatı Kamran Bayramov KİV-ə açıqlamasında " Mən quru sərhədlərinin açılmasının əlamətlərini görmürəm. Bu sahədə atılacaq addım Operativ Qərargahın qərarından asılı olacaq. Hər hansı proqnoz yersizdir. Bunun sərhəd məsələsi olduğunu da nəzərə almaq lazımdır. Ortada təhlükəsizlik məsələsi ola bilər. Yəni bunu ölkənin təhlüksəziliyi məsələsi ilə bağlamaq olar. Ermənistanla aktiv hərbi əməliyyatlar fazasında olmasaq da, sərhəddə müəyyən təxribatlar ola bilər. Bundan əlavə, digər ölkələrlə sərhədlərdə təxribat törədilməsi ehtimalı istisna deyil. Ermənistanla şərti sərhəddə baş verən təxribatlar göstərir ki, həqiqətən də, ölkəmizin təhlükəsizliyinə kifayət qədər təhdidlər var”, - deyə bildirmişdi.
Sərhədlərin açılması isə ölkəmiz üçün çox vacibdir. Bunu hamı arzulayır - xaricə getmək istəyənlər də, gəlmək istəyənlər də.
Xatırladaq ki, qonşu Gürcüstan turizmdən xeyli gəlir götürür. Azərbaycanın da quru sərhədinin açılması ölkəyə həm valyuta gətirər, həm də bu sahədən gəlir əldə edənlərin maddi vəziyyətini yaxşılaşdırar.
JASMİN