Novxanı çimərliyində Prezident İlham Əliyevin insanların gəzintisi üçün ayırdığı 50 metrlik yolu kimlərsə kəsib.

 Bu barədə  İqtisad Elmləri Doktoru, professor (keçmiş maliyyə naziri) Saleh Məmmədov bildirib. 

O, təqdim etdiyi video və şəkillərə diqqət çəkərək qeyd edib ki, “…nəzarətçi orqanların diqqətinə çatdırmaqda məqsədim Xəzərin çimərliklərində baş verən biabırçılıqları aradan qaldırmağa yardım etməkdir. Heç də inana bilmirəm ki, nəzarətçi orqanların xəbəri olmasın. Çimərlik biznesi bir neçə məmurun nəzarətində olduğuna görə nəzarətçilər də çox vaxt aciz qalırlar”.

Onun sözlərinə görə, məsələnin ictimailəşməsi onların (nəzarətçilərin - red) da işini xeyli yüngülləşdirə bilər.

“Bu görüntülər Novxanı çimərliyində, birbaşa Bakıdan gedəndə Sumqayıt tərəfə dönən yerdə ilk yabanı cimərlikdəndir...  Bu istiqamətdə Fatmayi- Sumqayıt marşurutu üzrə gündə minlərlə insan qış-yay dənizkənarı gəzintiyə çıxır. Bu çimərlik məkanının sahibləri sezon başlayandan yolu belə qaba qamış comarqları ilə dənizin içərisinə qədər bağladılar. Bir neçə dəfə insanların etirazına baxmayaraq, daha da kobud formada irəlilədilər. Köhnə, nimdaş taxtalarla tam dənizin içərisinə qədər yolu hər tərəfdən kəsdilər”, -deyə qeyd edib.

Saleh Məhərrəmov əlaqədar qurumları məsələ ilə bağlı təcili ölçü götürməyə səsləyib.

 

Qeyd edək ki, doğrudan da bu gün Xəzər dənizi bir çox sahibkar (?) tərəfindən sanki blokadaya alınıb. Çimərliklərin ətrafında yaradılmış istirahət obyektlərinin sahibləri isə insanların sərbəst şəkildə bu dənizkənari ərazilərə daxil olmasına, istirahət etməsinə mane olurlar. Belə obyektlərin ərazisinə daxil olmaq üçün pul ödəməlisən... Bu isə hər gün çimərliyə gəlmək istəyən insanların imkanı xaricindədir...

Y.MƏMMƏDLİ