Türkiyənin terrorla mübarizəsi davam edir

Türkiyə Jandarma Baş Komandanlığı və Polis Müdirliyi tərəfindən aparılan inandırma cəhdləri nəticəsində terror təşkilatı PKK-dan qaçan 5 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Türkiyə KİV-nin məlumatına görə, Türkiyə Daxili İşlər Nazirliyinin koordinasiyasında Jandarma Baş Komandanlığı tərəfindən aparılan inandırma səyləri çərçivəsində PKK terror təşkilatından qaçan 5 terror təşkilatı üzvü təhlükəsizlik qüvvələrinə təslim olub. Təslim olan təşkilat üzvlərinin 1999-2016-cı illər arasında terror təşkilatına qoşularaq İraq və Suriyada fəaliyyət göstərdikləri müəyyən edilib. Beləliklə, 2021-ci ildə təslim olan terrorçuların sayı 151-ə çıxıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara bölgəsində PKK terrorçularının mövqelərinə aviazərbələr endirib.

Əməliyyatlar nəticəsində 6 terrorçunun məhv edildiyi bildirilib. Türkiyə MMN bəyanatında Türkiyə ordusunun PKK terrorçularının sonuncusu məhv edilənədək mübarizəsini davam etdirəcəyini bildirib.

 Xatırladaq ki, PKK 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamış və o zamandan bu yana PKK-nın həyata keçirdiyi terror aktları nəticəsində minlərlə insan həyatını itirmişdir. Bu yaxınlarda isə Suriyanın Afrin rayonunda PKK/PYD/YPG terror təşkilatı tərəfindən qətlə yetirilən şəxslərin basdırıldığı kütləvi məzarlıq tapılıb.

PKK bir çox dövlətlər tərəfindən "terrorçu təşkilatlar" siyahısına salınıb. 

Y.MƏMMƏDLİ