Rusiya Federasiyası Ali Məhkəməsi yoxsulluq səbəbindən ağır hesab edilməyən cinayətlər törətmiş insanları həbs etməməyə çağırıb.

 Rusiya KİV-nin məlimatına görə, məhkəmə Ukraynadan qaçaqmalçılıq yolu ilə - qayıqla siqaret keçirən Rostov vilayətinin sakininin hökmündən verilən şikayətə baxıb.  Belə ki, məhkəmə həmin şəxsi 3 il həbs cəzasına məhkum edib.

Müdafiə tərəfi  Rusiya Federasiyası Ali Məkəməsindən həmin müddətin şərti cəza ilə əvəz edilməsi barədə xahiş edib.

Şikayət məktubunda vəkil məhkumun ağır maddi sıxıntıları olmasına işarə edərək bildirib ki, onun xəstə uşaqları, ondan asılı olan yaşlı valideynləri var və həyat yoldaşı da heç bir yerdə çalışmır. Məhkumun özü isə yükləyici işləyirmiş və ayda 8 min rubl məvacib alırmış, hansı ki, həmin iş yerini də itirib və yenisini tapa bilməyib.

O, düşdüyü ağır vəziyyəti barədə bir dostuna gileylənib və həmin şəxs də ona Ukraynadan mükafat qarşılığında qayıqla siqaret keçirməyi təklif edib. Məhkum isə sərhəddəki iqtisadi fəaliyyəti səbəbindən maksimum inzibati məsuliyyət daşıya biləcəyini düşünərək təkliflə razılaşıb...

Lakin hüquq -mühafizə orqanları onu qaçaqmalçılıqda ittiham ediblər. Həmin şəxs isə tövbə edərək  günahını etiraf edib və bütün təfərrüatları ətraflı izah edib. Lakin bu, onu həbsdən xilas etməyib...

Sonda şikayət üzrə araşdırma aparan  RF AM  müəyyən edib ki, məhkum ağır maddi vəziyyət səbəbiylə cinayət törədib. Və Ali Məhkəmə onun köməyinə və maddi dəstəyinə ehtiyacı olan ailəsinin həyat şəraitini nəzərə alaraq cəzanın şərti cəza ilə əvəzlənməsi barədə qərar verib.

 

Y.MƏMMƏDLİ