Azərbaycan və Türkiyə arasında əlaqələrin səmərəli təşkil edilməsi üçün birgə işçi qrupun yaradılması, mövcud və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər veririk ki, DGK və Türkiyənin Ticarət Nazirliyi arasında 2021\2022-ci illər üzrə gömrük sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərililiyinin yüksəldilməsinə dair Tədbirlər Planına uyğun olaraq sözügedən nazirliyin Gömrük Hüquq-Mühafizə Baş İdarəsinin əməkdaşları respublikamıza işgüzar səfərə gəliblər. Bu gün Komitədə onlarla görüş keçirilib.

Görüşdə DGK-nın Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov, Gömrük Hüquq Mühafizə Baş İdarəsinin rəisi Murat Yaman, digər səlahiyyətli şəxslər iştirak ediblər.

Qonaqları salamlayan M.Rəsulov iki qardaş ölkənin gömrük qurumları arasındakı əlaqələrdən bəhs edib, Azərbaycan gömrük xidmətində tətbiq edilən yeniliklər barədə məlumat verib. Baş İdarə rəisi əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, bu əlaqələrin əhatə dairəsinin daha da genişləndirilməsini vacibliyini vurğulayıb. O, diqqətə çatdırıb ki, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, birgə təlimlərin təşkil edilməsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hər iki tərəf üçün faydalı ola bilər.

M.Yaman iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib. Görüşdə bu ilin müvafiq dövründə hər iki ölkənin gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə zamanı əldə etdiyi uğurlu nəticələr, bu sahədə əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin intensivləşdirilməsi, əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində razılıq əldə olunub, birgə əməkdaşlığın həyata keçirilməsi məqsədilə hər iki tərəfdən səlahiyyətli şəxslər təyin edilib.

Türkiyə və Azərbaycan gömrük orqanlarının əməliyyat idarələrinin əməkdaşları üçün təlimlərin keçirilməsi, kinoloji xidmətlər arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılması müvafiq razılaşmada öz əksini tapıb.

Görüşdən sonra qonaqlar DGK-da Hədəf Mərkəzinin işi ilə tanış olub və onun fəaliyyətini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, türkiyəli qonaqların səfəri sentyabrın 10-na qədər davam edəcək.

E.ŞİRİNOV