BMT-nin baş katibi Antoniu Quterriş

Əfqanıstana iqtisadi yardım göstərilməsi ilə əlaqədar  Cenevrədə konfrans təşkil edəcək. Baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitis tədbirin məqsədinin Əfqanıstan xalqına kömək etmək üçün, növbəti dörd ay ərzində  606 milyon dollar toplamaq olduğunu söyləyib.

TASS xəbər verir ki, BMT -nin ölkədəki missiyasının humanitar məsələlər üzrə xüsusi koordinatoru Ramiz Ələkbərovun da əvvəllər bildirdiyi kimi, Əfqanıstanda ərzaq ehtiyatı sentyabrın sonuna qədər tükənə bilər.

Həmçinin əfqanların üçdə birinin növbəti dəfə nə vaxt yeyə biləcəklərini dəqiq bilmədikləri də qeyd olunub.

Yeni Zelandiyanın xarici işlər naziri Nanaia Mahuta da Əfqanıstana 3 milyon dollarlıq humanitar yardım göstərdiklərini açıqlayıb.

Yeni Zelandiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında açıqlama verən xarici işlər naziri Mahuta, göstərdikləri humanitar yardımın, xüsusilə qadın və uşaqlara çatması üçün UNICEF və Birləşmiş Millətlər Təşkilatının (BMT) Əhali Fonduna verildiyini bildirib.

Mahuta verdikləri yeni 3 milyon dollarlıq yardımın, 20 avqust 2021-ci ildə Əfqanıstandakı  Beynəlxalq Qızıl Xaç Komitəsi və BMT -nin Qaçqınlar üzrə Ali Komissarlığına çatdırdıqları 3 milyon dollarlıq yardıma əlavə olduğunu xatırladıb.

BMT -nin hesablamalarına görə, Əfqanıstanda didərgin düşən dörddə bir milyon insanın 80 faizinin qadın və uşaq olduğunu vurğulayan Mahuta bildirib ki,  böhranın, xüsusilə qadın və qızlara təsir etdiyi Əfqanıstanda humanitar yardıma əhəmiyyətli dərəcədə ehtiyac var.

Qeyd edək ki, bir müddət öncə Dünya Bankı Əfqanıstana maliyyə yardımını dayandırıb.

Bank paylaşdığı açıqlamada bildirib ki,  Əfqanıstandakı vəziyyətə, xüsusilə qadınlar üçün hökumətin tətbiq etdiyi ağır şərtlərə görə dərin narahatlıq duyurlar və buna görə də Əfqanıstanda inkişafa istiqmətli fəaliyyətlər üçün ödədikləri maliyyə yardımlarını dayandırırlar.

Daha sonra qeyd edilib ki,  Dünya Bankı beynəlxalq cəmiyyət və ortaqlarıyla müzakirələri davam etdirir: “ Çətinliklə əldə edilənləri qorumaq və Əfqanıstan xalqını dəstəkləməyə davam etmək üçün yollar araşdırılır”.

Xatırladaq ki, “Taliban”  yaraqlıları ardıcıl olaraq Əfqanıstanın əyalətlərini işğal etdikdən sonra  - avqustun 15-də  paytaxt Kabilə girərək prezident sarayını nəzarətə götürdü.  Prezident  Əşrəf Qani istefa verərək ailəsi ilə birgə  BƏƏ-yə sığındı.

Hazırda yüz minlərlə əfqan ev-eşiyindən didərgin düşüb. İnsanlar ehtiyac, aclıq, səfalət içində boğulurlar.

Y.MƏMMƏDLİ