booked.netbooked.net booked.net  

Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu beynəlxalq avtomobil yükdaşımalarında mühüm rol oynayır.

Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə hər gün minlərlə ton yük daşınır.

TEZADLAR.AZ AzərTac-a istinadən xəbər verir ki, Bakıdan Gürcüstan sərhədinədək 503 kilometr məsafəni əhatə edən magistralın paytaxtdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə birinci texniki dərəcəyə təkmilləşdirilməsi işləri yekunlaşıb. Hazırda isə magistral yolun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi icra olunur. Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Yol boyu suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.

Gəncə-Qazax-Gürcüstan avtomobil sərhəd yolu ikinci texniki dərəcədən birinci texniki dərəcəyə yenidən qurulmaqdadır. Tovuzçay üzərində tikilməkdə olan körpü isə ölkəmizdə ən hündür və ən uzun körpü olacaq. Belə ki, körpünün ümumi uzunluğu 290 metr, hündürlüyü isə 36 metr təşkil edəcək.

Layihə çərçivəsində 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 83 yeraltı keçid, 43 düzbucaqlı su keçidi, 575 dairəvi suötürücü boru inşa olunur. Layihə boyu zəruri yerlərdə 84 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib. 130 kilometrədək işlər 3 sahədə paralel görülür. Hazrda Tovuzçay üzərində körpünün tikintisi gedən ikinci hissə 42,4 kilometri əhatə edir. Körpüdə tikinti işlərinin 47 faizi yekunlaşıb. Tovuzçay üzərindəki digər körpüdən bir qədər hündür olması ilə fərqlənəcək.

“Körpü ən böyük körpü olmaqla yanaşı, 5 aşırımdan ibarətdir. Orta aşırımların hər biri 63 metr, kənar aşırımlar isə 44,5 metr təşkil edir. Körpünün fundamenti svaylar üzərində inşa olunub”, - deyə mühəndis Şakir Qasımov bildirib.

Layihə tam reallaşdırıldıqdan sonra Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımalar daha da artacaq.

“130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə birinci texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş gəlişi təmin ediləcək. Bundan başqa, layihənin üstünlü ondan ibarətdir ki, yolun trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir” – deyə, Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli əlavə edib.

Layihənin inşasının gələn ilin sonlarına başa çatdırılması nəzərdə tutulub. Yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla, yol boyu ətraf ərazilərdə yaşayan əhalinin sosial həyatına da müsbət təsir göstərəcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN