Bu gün oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Goranboy rayon Prokurorluğundan "Təzadlar"a verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.  Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Yəqinki istintaq tezliklə qətlə səbəb olan nüanslara aydınlıq gətirəcək. Bütün hallarda, iş yerində belə bir qanlı hadisənin baş verməsi təəssüf hissi doğurur.

A.Məmmədli