Saakaşvilinin Gürcüstana necə gəlməsi məlum olub...

 Belə ki, Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşviliyə dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı ittiham irəli sürüb. Gürcüstan KİV-ləri yazır ki, ittihamda siyasətçinin ölkəyə daxil olma marşrutu göstərilib. İstintaq çərçivəsində müəyyən olunub ki, sentyabrın 28-də saat təxminən 23:00-da Poti limanına Ukraynanın Çernomorsk limanından “Vilnüs” adlı gəmi daxil olub. Sentyabrın 29-da saat 01:04-də gəmidən “IKA TRANS Ltd.” şirkətinə məxsus süd məhsulları ilə yüklənmiş qoşqulu SCANIA yük maşını çıxıb. Avtomobil əvvəlcə körpüdə dayanıb, qeydiyyatdan öncə gözləmə zonasında olub və buradan 01:44-də çıxışa yollanıb. Bir neçə on metr hərəkət edəndən sonra saat 01:47-də Poti limanı ərazisində yük maşını saxlanılıb və sürücü maşının arxa qapısına istiqamətlənib, oradan saat 01:49-da Mixeil Saakaşvili yük maşınının kabinəsinə sağ tərəfdən daxil olub. Bununla M.Saakaşvili dövlət nəzarətindən yan keçməklə qanunsuz olaraq sürücünün köməyi ilə dövlət sərhədini keçib. Qeyd olunan tarixdə saat 02:00-da M.Saakaşvili onu qarşılayan “Mercedes” markalı avtomobilə minib və öncə Abaşa rayonunun Tkviri kəndinə, daha sonra isə mikroavtobusla Lançxuti-Poti-Ozurgeti-Kobuleti yolu ilə Batumiyə yola düşüb. 

 Bütün hallarda, Gürcüstanın hüquq mühafizə orqanları onun ölkəyə belə məxfi şəkildə gəlməsinə məəttəl qalıblar... Bu cəsarət nümunəsidir, yoxsa...

A.Məmmədli