Tokio Olimpiadasının təşkilatçıları koronavirusla əlaqədar

“Tokio-2020” oyunlarının ləğvinin mümkünlüyünü istisna etmirdilər.

Bu barədə bir neçə gün əvvəl “Tokio-2020”nin təşkilat komitəsinin baş direktoru Toşiro Muto bildirmişdi. O, artıq 80-ə yaxın şəxsin virusa yoluxduğunu bəyan etmişdi. Həmçinin Muto xəstəliyin kəskin artacağı təqdirdə Olimpiya Oyunlarının ləğvinin mümkünlüyünü də vurğulamışdı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus da Tokio Olimpiadasında "Covid-19" riskini sıfıra endirməyin mümkün olmadığını və turnirin uğurlu olmasının yoluxma gedişatına nəzarətin səviyyəsilə ölçülməsinin vacibliyini söyləmişdi.

Budur, artıq yoluxmada artım müşahidə olunur. Bu gün açılışına start veriləcək Tokio Olimpiadasının daha 19 iştirakçısında koronavirus aşkarlanıb. Bu barədə təşkilat komitəsi məlumat yayıb. Dünənə olan məlumata görə, ümumilikdə yoluxanların sayı 110-a yüksəlib.

Pandemiya səbəbindən bir il təxirə salınan Tokio Olimpiadasında yoluxanlar arasında 13 nəfərin idmançı olduğu bildirilir. Avqustun 8-dək davam edəcəyi gözlənilən oyunların sonadək davam edib-etməyəcəyi barədə qərarı isə Tokio-2020”-ün təşkilat komitəsi və ÜST verəcək. Görünən odur ki, yoluxma sayı artan xətt üzrə davam edir.

Qeyd edək ki, Azərbaycan millisi də Yaponiyaya 44 nəfərlik heyətlə yollanıb. Seçməmiz Olimpiadada 13 idman növündə təmsil olunacaq.

JASMİN